Göyçayda XIII Nar festivalında: Ən böyük nar 1 kq-dan çoxdur
Göyçayda XIII Nar festivalı keçirilir.
Trend-in məlumatına görə, Mədəniyyət Nazirliyi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalın açılışında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların əməkdaşları iştirak edib.
Festival iştirakçıları günboyu nar məhsullarının sərgi-yarmarkasına baxır, rayon mədəniyyət evinin musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, kəndirbaz və idmançılar bayram tədbirində çıxış edirlər.
Tədbir zamanı narla bağlı müxtəlif müsabiqələr, oyunlar keçirilir. Qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanmış nar şirəsi, nar şərabı, nardança və gilələnən narın dadına baxır, həmçinin ən böyük nar (çəkisi 1 kq 130 qram) nümayiş olunur.
Festival noyabrın 7-dək davam edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət