Slimfit
  1. MEDİA

Görmək şansım olsaydı, özümü görmək istərdim

Görmək şansım olsaydı, özümü görmək istərdim
Sakura

Bəzi insanlar əllərində olan, sahib olduqları gözəlliklərin qiymətini bilmir, bəziləri isə görmədikləri…

Bəzi insanlar əllərində olan, sahib olduqları gözəlliklərin qiymətini bilmir, bəziləri isə görmədikləri üçün mübarizə aparır. İnsanın fiziki qüsuru həyatda uğur əldə etmək üçün maneə deyil. Hər şey insanın beynində başlayır və beynində bitir. Bu gün 13 noyabr Beynəlxalq Gözdən Əlillər günü olduğundan istədik ki, sizi daha bir uğurlu həyat hekayəsi olan gənclə tanış edək. 

Oxu.Az-ın bu dəfəki müsahibi 17 yaşlı Hümbətov Məhəmməddir.

Görmə qabiliyyəti məhdud olan bu gənc yaşının az olmasına baxmayaraq, böyük nailiyyətlər əldə edib. 

Məhəmməd söhbətə bu günün özəlliyini hiss etmədiyini və hər günün onun üçün qiymətli olduğunu deyərək başlayır:

“17 yaşım var. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 5 nömrəli internat məktəbində oxumuşam. 2008-ci ildən Gözdən Əlillər üçün 38 saylı musiqi məktəbində təhsilimi davam etdirirəm. Musiqini dinləməyi ifa etmək qədər çox sevirəm. Bu, mənim həyatımda ən çox zövq aldığım sahələrdən biridir. Məqsədim isə bu sahədə sözünü demiş, peşəkar sənətçilərdən olmaqdır”.

- Məhəmməd, həyatda görmə qabiliyyətindən məhrum olmanız sizin üçün nə deməkdir?

- Mən bunu özümə dərd etmirəm. Əngəlli olmaq bu gün, demək olar ki, hiss olunmur. Texnologiyalar inkişaf edib. Biz bu gün tam sağlam insanların yaşadığı kimi yaşaya bilirik. Məktəbdə müəllimlərim, evdə ailəm, dostlarım mənə dəstək verir. Mən həyatı sevirəm və ətrafımdakı insanlara da həyatı sevmələri üçün yüzlərlə səbəb deyə bilərəm.

- Görmək imkanınız olsaydı, nəyi və kimi görmək istərdiniz?

- Bu, çox çətin sualdır. Amma hərdən düşünürəm ki, anama oxşayıram, yoxsa atama. İstərdim, güzgü qarşısında özümü görüm. Sonra ailəmi, atamı, qardaşımı. İfa etdiyim qarmonumu, məktəbimizi. Həmişə geyimlərimi, tərzimi anam-atamla məsləhətləşirəm. Əminəm ki, onlar məni yaxşı başa düşür. Əgər elə bir şansım olsaydı...

- Pozitiv insansınız?

- Bəli.

- Sizin üçün həyat hansı rənglərin ahəngindən ibarətdir?

- Mən rəngarəng həyatı sevirəm. Amma təəssüf ki, bütün rəngləri qara bir lövhədə özüm işləməli oluram.

- Hər bir insanın təxəyyülündə, xəyalında canlandırdığı obrazlar olur. Valideynlərinizi, dostlarınızı necə təsəvvür edirsiniz? Xəyalınızdakı təsviri tərif edə bilərsinizmi?

- Mənə elə gəlir ki, anam bəstəboy, bir az da dolu xanımdır. Xəyalımda onun gözləri daim gülür, yanaqlarında qəmzələri var. Övladlar analarını heç görməsə belə, onu dünyaya gəldikləri andan etibarən sevərlər. Mən ailəmin xarici görünüşünü bilməsəm də, onların daxili aləminə, hisslərinə bələdəm.

Qardaşım da, mənim kimi, görmə əngəlli doğulub. Biz bir-birimizi çox sevirik. Çox dəstək oluruq. Əminəm ki, başqa cür olsaydı, bizim bu qədər dərin münasibətlərimiz olmazdı. Mən hər zaman ona da deyirəm ki, bizim həyatdan istədiklərimizi almaq üçün təkcə özümüzə və iradəmizə ehtiyacımız var.

- Qarmonda ifa edirsiniz və bu sahədə kifayət qədər uğurlar əldə etmisiniz. Notlar sizə çətinlik yaratmır ki?

- Bir az çətinlik olur. Amma öhdəsindən gəlirəm. Təbii ki, yaxşı olardı ki, notlara baxaraq ifa edim. Amma mən əvvəlcə notları əzbərləyirəm, daha sonra onu məşq edirəm. Zaman baxımından bir əsəri öyrənməyimə vaxt gedir. Böyük əsərləri bu səbəbdən bir qədər saxlayıram. Onun və məktəbimizin zəhməti sayəsində dəfələrlə müxtəlif musiqi festivallarında birinci və ikinci yerləri tutmuşam.

Xalq çalğı alətləri ifaçılarının 3-cü respublika müsabiqəsində üçüncü yeri tutmuşam. Bizim məktəbimiz Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərdiyi üçün daim genişmiqyaslı tədbirlərimiz olur. Bir neçə dəfə ölkədən kənarda - Türkiyədə keçirilən tədbirlərdə iştirak etmişəm. 

- Gündəlik həyat tərzinizi necə keçirirsiniz?

- Səhər saat 08:00-dan məktəbə gəlirəm. Saat 02:00-a qədər burada oluram. Məktəbdə müəllimim olan Qəhrəmanov Vüsal mənə musiqinin bütün incəliklərini öyrədir. 07:00-dan sonra evə gedirəm. O qədər vaxtım olmur. Həftəsonları isə yaşadığım əraziyə yaxın yerlərdə dostlarımla istirahət edirəm, söhbət edirəm. Daim insanlardan yeniliklər öyrənməyi sevirəm. 

- Gələcək planlarınız nədir?

- İstərdim ki, milli musiqilərimizi peşəkar səviyyədə ifa edim. Gələcəkdə musiqi sahəsində özümə layiqli yer tutum. Hətta istərdim ki, bu ifalarım o qədər bəyənilsin ki, dahi musiqiçilərimizin əsərləri kimi qorunub-saxlanılsın.

Məhəmməd deyir ki, gələcəkdə ailə qurduğu xanımın onu başa düşməsini, onun yanında özünü xoşbəxt hiss etməsini istəyir:

“İstərdim, gələcəkdə bir qız, bir oğlan övladım olsun. Bəzən elə bilirlər ki, bizim kimi əngəllilərin övladları qüsurlu doğulur. Amma bu, qətiyyən elə deyil. Həyatda bir şeyi çox istəsək, o bizə doğru gələcək.

- Sizin kimi görmə əngəlli olan uşaqlara, gənclərə nə tövsiyə edərdiniz?

- İradəli olsunlar. Özlərinə qapanmasınlar. İstedadlarını var gücləri ilə nümayiş etdirsinlər.

 

Cəmiyyətdə nə qədər müxtəlif insan varsa, bir o qədər də fərqli fikirlər var. Onların hər birinə fikir vermək düzgün deyil. Mən özümlə, ailəmlə fəxr edirəm. Onlar da daim öz üzərlərində çalışsınlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR