Slimfit
  1. MEDİA

Görkəmli dilçi-alim Afad Qurbanovun 90 illik yubileyinə həsr olunan respublika elmi konfransı keçirilib

Görkəmli dilçi-alim Afad Qurbanovun 90 illik yubileyinə həsr olunan respublika elmi konfransı keçirilib
Sakura

Görkəmli dilçi-alim Afad Qurbanovun 90 illik yubileyinə həsr olunan respublika elmi konfransı keçirilib

Mayın 24-də Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli dilçi-alim, türkoloq, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadim, müasir Azərbaycan əlifbasının müəllifi və onomastika elmi məktəbinin banisi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, AMEA-nın müxbir üzvü Afad Qurbanovun 90 illik yubileyinə həsr olunan AMEA və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə respublika elmi konfransı keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, təhsil nazirinin müavini İdris İsayev və hər iki qurumun rəsmi nümayəndələri və əməkdaşları, Rusiya Elmlər Akademiyasının prezidentinin müavini, akademik Taliya Xabriyeva, Türk Dil Qurumunun rəhbəri, professor Gürer Gülsevin və digər xarici qonaqlar, o cümlədən ölkənin aparıcı alimləri, gənc tədqiqatçılar, media nümayəndələri iştirak ediblər.

Akademiyanın Əsas binasında təşkil olunan tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş sözü ilə açaraq görkəmli alimin həyat və yaradıcılığından, onun zəngin elmi və pedaqoji fəaliyyətindən danışıb. Vurğulayıb ki, Azərbaycan dilçiliyinin ən görkəmli nümayəndələrindən olan, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini, milli və beynəlxalq akademiyaların akademiki Afad Qurbanovun dilçilik elminin inkişaf etdirilməsində mühüm xidmətləri olub. Onun dilçiliyin bir sıra sahələrinin əsasını qoyduğunu, Azərbaycan dilçiliyi, onomologiya, ümumi dilçilik, türkoloji dilçilik, bədii mətnin linqvistik təhlilinə dair filoloji elmi məktəb yaratdığını diqqətə çatdırıb.

Görkəmli alimin 1962-ci ildə namizədlik, 1968-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etdiyini söyləyən natiq onun 1965-ci ildə dosent, 1970-ci ildə isə professor elmi adına layiq görüldüyünü diqqətə çatdırıb. Akademik Akif Əlizadə professor A.Qurbanovun 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçildiyini, həmçinin dünyanın bir sıra milli və beynəlxalq akademiyalarının fəxri akademiki, o cümlədən Türk Dil Qurumunun fəxri üzvü olduğunu bildirib. Nəzərə çatdırıb ki, 1990-1994-cü illərdə Milli Məclisin deputatı olan Afad Qurbanov Azərbaycan Əlifbası Komissiyasına sədrlik edib.

Akademik Akif Əlizadə Azərbaycan dilçiliyinin istiqamətlərinin müəyyənləşdirilməsində, dilçiliyin aktual problemlərinin tədqiqində və tədrisində böyük xidmətləri olan görkəmli alimin bir sıra monoqrafiya və dərsliklərin müəllifi olduğunu da əlavə edib. Onun əsərlərində Azərbaycan dilçiliyinin inkişafı və perspektivləri, dilçiliyin linqvistik və fəlsəfi nəzəri əsaslar üzərində təşəkkül tapması, eləcə də elmlərin təsnifi və dilçilik tarixinin müəyyənləşdirilməsi problemlərinə aydınlıq gətirilib. A.Qurbanovun elmi fəaliyyətinin hər zaman yüksək qiymətləndirildiyini bildirən akademik 1981-ci ildə ona Azər­bay­can SSR Əməkdar elm xadimi fəxri adı verildiyini əlavə edib. Vurğulayıb ki, görkəmli alim "Azər­baycan dilinin onomastikası" monoqrafiyasına görə Azərbaycan Respub­likası Dövlət Müka­fatına layiq görülüb.

Akademik Akif Əlizadə Azərbaycan dilçilik elmində əvəzsiz xidmətləri olan Afad Qurbanovun xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını söyləyib.

Sonra təhsil nazirinin müavini İdris İsayev çıxış edərək görkəmli alimin həyat və yaradıcılığından, elmi və pedaqoji fəaliyyətindən bəhs edib. A.Qurbanovun dilçiliklə yanaşı, türkologiya sahəsində də böyük və tanınmış alim olduğunu deyən natiq bildirib ki, o, Azərbaycan SSR Elmlər Akademiyasının, digər beynəlxalq akademiyaların üzvü olub, SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini vəzifəsində çalışıb.

Professor Afad Qurbanovun elmlə yanaşı, təhsil sahəsində də mühüm nailiyyətlərinin olduğunu vurğulayan İ.İsayev qeyd edib ki, o, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və Maarif Nazirliyinin Azərbaycan dili üzrə Tədris-Metodiki Şuralarının sədr müavini vəzifələrində çalışıb. Vurğulayıb ki, A.Qurbanov 1959-cu ildən ömrünün sonuna qədər Azərbaycan Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) müəllim, dekan, kafedra müdiri, filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri vəzifələrində çalışıb, 1981-1989-cu illərdə isə bu ali təhsil ocağının rektoru olub. Rektor və Azərbaycan SSR Ali Məktəbləri Rektorlar Şurasının Rəyasət Heyətinin sədr müavini işlədiyi müddətdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun intibah dövrü və tamamilə yenidən qurulması, yeni kafedraların, regionda ilk hərbi fakültənin yaradılması, çoxmərtəbəli tədris binasının tikintisi, habelə sədri olduğu filologiya və pedoqogika üzrə o zaman yeganə olan respublika müdafiə şuralarının işinin keyfiyyətinin artırılması A.Qurbanovun adı ilə bağlıdır.

İ.İsayev Afad Qrubanovun Azərbaycan elmi və təhsilinin inkişafında əvəzsiz xidmətləri olduğunu, onun fəaliyyətinin bundan sonra da bu sahələrdə xüsusi əhəmiyyətə malik olacağını bildirib.

Tədbirdə çıxış edən akademik Taliya Xabriyeva A.Qurbanovun Azərbaycan dilçilik elmi və təhsil sisteminin inkişafında əvəzsiz xidmətləri olduğunu, onun elmi fəaliyyətinin müasir dövrdə də bəhrəsini verdiyini bildirib. Sonra akademik T.Xabriyeva Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu səsləndirib.

Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov "Afad Qurbanovun təhsil təşkilatçılığı", professor Gürer Gülsevin "Afad Qurbanov və ortaq türk dili", AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli "Afad Qurbanov və onomastika elmi məktəbi", AMEA-nm Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu "Afad Qurbanov və dilçilik elminin inkişafı", AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov "Tarixdə Afad Qurbanov (Qaraqurbanlılar) şəcərəsi", Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov "Afad Qurbanov və ümumi dilçilik", professor Şükrü Halük Akalın "Afad Qurbanov və müasir Azərbaycan Əlifbası" mövzusunda məruzələrlə çıxış ediblər.

Çıxışlardan sonra Afad Qurbanovun xatirəsini əbədiləşdirən material­ların təqdimatı olub. "Azərmarka" MMC-nin direktoru Leyla Güləliyeva dilçi alimin yubileyi münasibətilə hazırlanmış poçt markasını nümayiş etdirib. Daha sonra Afad Qurbanovla bağlı xatirə kitabının və onun 13 cildlik seçilmiş əsərlərinin təqdimatı olub.

Sonda görkəmli alimin həyat və elmi fəaliyyəti haqqında qısametrajlı film nümayiş edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR