Generalın sirli ölümü: onun cibindən nə tapılmışdı?
Bu gün Azərbaycanın ilk baş prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri, general İsmət Qayıbovun doğum günüdür.
Kult.az xatırladır ki, İsmət Qayıbov 1942-ci il oktyabrın 8-də Gəncədə müəllim ailəsində anadan olub. Onun valideynləri əməkdar müəllimi olub. İ.Qayıbov orta təhsilini Gəncədə 1 saylı orta məktəbdə alıb, 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
O, 1969-cu ildə Əli Bayramlı Şəhər Komsomol Komitəsinin birinci katibi seçilib. 1975-ci ilin iyun ayında Bakı Şəhər Prokurorluğunda cinayət işlərinin baxılmasına nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin olunub. 1976-cı ilin fevralından isə Bakı Şəhər Prokurorluğunun ümumi nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.
O, 1978-ci ildən İsmayıllı rayonunun prokuroru, 1982-ci ildən Əli Bayramlı şəhərinin prokuroru, 1987-1990-cı illərdə isə Sumqayıt şəhərinin prokuroru vəzifələrində işləyib.
5 avqust 1990-cı ildən Azərbaycan SSR-in baş prokuroru olub.
1991-ci ilin oktyabrında isə (Azərbaycan müstəqilliyini elan etdiyi gün) Azərbaycanın Respublikasının ilk Baş prokuroru təyin edilib.
İsmət Qayıbov müsahibələrində Sumqayıt hadisələri və Dağlıq Qarabağda baş verənlər barədə danışır, erməni hərbi dəstələrinin cinayətkar əməllərinə görə sovet rəhbərliyini ittiham edirdi.
O, Xankəndi və Dağlıq Qarabağın digər yerlərində ermənilər tərəfindən aparılmış etnik təmizləməni araşdıran istintaqa rəhbərlik etmiş, bu vəhşiliyin ermənilər tərəfindən törədildiyini sübuta yetirmişdi.
Millətini, xalqını sevən İsmət Qayıbov bu canfəşanlığına görə ermənilər tərəfindən “qara siyahıya” salınmışdı.
1991-ci il noyabrın 20-si saat 14:42-də İsmət Qayıbovun da içində olduğu Mİ-8 N72 helikopteri Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçarkən vurulub.
Hadisə zamanı Baş prokurorla yanaşı, bir sıra yüksək vəzifəli dövlət rəsmiləri həlak olub.
Hadisədən sonra İsmət Qayıbovun pencəyinin cibindən görkəmli şair Ömər Xəyyamın rübaisi tapılmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət