Gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri üçün seminarlar
Paytaxtın ümumi təhsil məktəblərinin Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri üçün seminar-məşğələlər keçirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən SİA-ya verilən xəbərə görə, seminarların keçirilməsində əsas məqsəd məktəblərin GÇH rəhbərlərinin bilik və bacarıqlarını inkişaf etdirmək, onları vəzifə öhdəlikləri ilə bağlı maarifləndirmək, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini yüksəltmək və onlara fənnin məzmunu, strategiyası barədə daha geniş məlumat verməkdən ibarətdir.
Yasamal, Səbayıl, Binəqədi, Qaradağ və Nərimanov rayonları üzrə keçirilən seminarlar zamanı Təlimə Dəstək Mərkəzinin Gənclərin Çağırışaqədərki Hazırlığı üzrə mentorları tədris planını əhatə edən mövzular üzrə təlim keçir, dərs nümunələri nümayiş olunur, qrupda işləmək və dərsliklərlə işin təşkili məsələləri haqqında fikir mübadiləsi aparılır.
Seminar-məşğələlər zamanı hərbi rəhbərlər keçirilən mövzu üzrə diaqnostik test tapşırıqlarını yerinə yetirirlər.
Tədbirlərdə GÇH rəhbərlərinin fəaliyyəti zamanı qarşıya çıxan məsələlər müzakirə olunur. GÇH rəhbərlərinə məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi, onlarda hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə təlimlərin təşkili, maarifləndirici-profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq tövsiyələr verilir.
Qeyd edək ki, Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə keçirilən seminarların paytaxtın digər rayonları üzrə də təşkili nəzərdə tutulur.
Mənbə: Sia.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət