Slimfit
  1. CƏMİYYƏT

Gənclər üçün vahid elektron platforma yaradıldı

Gənclər üçün vahid elektron platforma yaradıldı
Sakura

Gənclər üçün vahid elektron platforma yaradıldı

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən dövlət və özəl sektor, eləcə də beynəlxalq təşkilatların gənclər üçün təklif etdiyi imkanlar, xidmətlər, tədbir və layihələri barədə məlumatları özündə birləşdirən vahid informasiya portalının - “GəncApp” mobil tətbiqi və genc.az internet səhifəsinin təqdimatı keçirilib.

Trend-in məlumatına görə, təqdimat mərasimində əvvəlcə “GəncApp” mobil tətbiqinin təqdimat videoçarxı nümayiş etdirilib.

Məlumat verilib ki, tətbiq ölkə daxilində və xaricdə təşkil edilən tədbirlər, düşərgələr, mübadilə proqramları və layihələr barədə məlumat əldə etmək və onlara qoşulmaq imkanı təklif edir.

Bununla yanaşı, istifadəçilər müxtəlif yerli və xarici qurumların təqaüd proqramları, xaricdə təhsil və təcrübə təklifləri, qrant müsabiqələri və digər elanlar barədə “GəncApp” vasitəsilə xəbər tutacaq və tətbiqdən istifadə etməklə bu imkanlardan yararlana biləcəklər.

Son illərdə ölkəmizdə geniş vüsət alan könüllülər hərəkatında gənclərin iştirak imkanı da tətbiqdə nəzərə alınıb. Belə ki, “GəncApp” könüllük hərəkatlarının tədbir və layihələri barədə məlumat təqdim etməklə yanaşı, gənclərə maraq dairəsinə uyğun könüllülər hərəkatına üzv olmaq, öz həmfikirləri ilə sosiallaşma, ictmai faydalı işlərə cəlb olunmaq, bilik və bacarıqları artırmaq imkanı da təklif edir.

“GəncApp”ın təklif etdiyi interaktiv xəritə funksiyası Bakıda və regionlarda yerləşən Heydər Əliyev Mərkəzləri, gənclər evləri, karyera inkişaf mərkəzləri, gənclər təşkilatları, kitabxanalar, teatr, kino mərkəzləri, milli parklar, olimpiya komplekslərini daha da əlçatan edir.

Tətbiqin üstünlüklərindən biri də ödənişsiz CV generator funksiyasıdır ki, bunun sayəsində gənc öz CV-ni düzgün formada yaradaraq istifadə etmək, həmçinin, tətbiqdə xüsusi bölmədə göstərilən vakansiyalara göndərmək imkanına sahib olacaq. Yeni mobil tətbiq şəxsi kabinetdə fəaliyyət tarixçəsini izləməklə yanaşı, dövlət qurumları və şirkətlərlə interaktiv təmas şansı təqdim edir. Mobil tətbiqin 3 dildə - azərbaycan, rus və ingilis dillərində fəaliyyəti nəzərdə tutulub.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib ki, “GəncApp” tətbiqinin yaradılması Prezident İlham Əliyevin ölkə gəncliyinə xüsusi qayğısının, onların qarşılaşdığı çağırışların həllinə dəstəyinin növbəti nümunəsi, həmçinin dövlət xidmətlərinin rəqəmsallaşdırılması və vətəndaşlara daha da yaxınlaşdırılmasının təzahürüdür.

 Onun sözlərinə görə, Azərbaycan gəncliyinin hərtərəfli inkişafının dəstəklənməsi Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin ana sütünunu təşkil edir: "Bu siyasətin bariz nümunəsidir ki, dövlət tərəfindən gənclərin keyfiyyətli təhsil və dayanıqlı məşğulluq ilə təmin olunması, onların şəxsi inkişaf və asudə vaxtının səmərəli təşkili, beynəlxalq təmsilçiliyinin artırılması, sağlamlığının mühafizəsi və milli-mənəvi dəyərlərə bağlı vətəndaş kimi yetişmələri üçün geniş imkanlar yaradılıb. “GəncApp” mobil tətbiqinin də məqsədi gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlər, layihələr və təşəbbüslər barədə ən son xəbərlər, eləcə də mövcud dövlət dəstəyi mexanizmləri və xidmətləri barədə ətraflı məlumatların gənclərə vahid mərkəzləşdirilmiş elektron formada effektiv şəkildə çatdırılması, eyni zamanda, gənclərə tətbiq üzərindən bu xidmətlərdən yararlanmaq imkanı tanımaqdır".

F.Cəfərov hesab edir ki, bu mobil tətbiq gənclərlə dövlət qurumları arasındakı əlaqələrin daha da yaxşılaşmasına töhfə verəcək.

Onun sözlərinə görə, bu layihə gənclərə həm də müxtəlif layihələrdə iştirak etmək imkanı verəcək.

Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev bildirib ki, yeni texnologiyalardan istifadə günümüz üçün çox zəruri amilə çevrilib: "Güman edirəm ki, bu mobil əlavədən istifadə etməklə gənclər həm gənclər siyasəti haqqında yeni məlumatlar əldə edəcək, həm də bir sıra xidmətlərdən, layihələrdən istifadə edə biləcəklər. Ümid edirəm ki, gənclər yeni biliklər əldə etməklə Azərbaycanın inkişafına töhfə verəcəklər".

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin rəhbəri Tural Kərimli qeyd edib ki, dünyada rəqəmsallaşdırma prosesi çox sürətlə gedir. Bu gün Azərbaycanda hər kəs rəqəmsal məhsullardan istifadə edə bilər.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev deyib ki, Azərbaycanda gənclərin işsizlik səviyyəsi 9,2-dir. Bu göstəricinin digər ölkələrlə müqayisədə çox yaxşı olduğunu deyən F.Musayev qeyd edib ki, Azərbaycanda gənclərin məşğulluğunun artırılması üçün çoxsaylı tədbirlər həyata keçirir: "Məşğulluq məsələsinin mobil əlavənin tərkib hissəsindən biri olması bizi sevindirir. Gənclər bu mobil əlavə vasitəsilə bizim gördüyümüz işlərdən də xəbər tutacaqlar".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR