Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Gəncəli şəhid pilotumuzun son sözləri

Gəncəli şəhid pilotumuzun son sözləri
Sakura

Könül Vəlizadə: Narahatlığım aprelin 2-də o mənə zəng vurana qədər davam etdi

"Urfanı sonuncu dəfə martın 30-da gördüm. Ondan sonra heç onun nəşini də görmədim, göstərmədilər. Bəlkə də məni yaşadan budur. Çünki onun ölümünə inanmıram, inanmaq da istəmirəm".

GencePost.com xəbər verir ki, 2016-cı ilin aprel ayında baş vermiş dördgünlük müharibə zamanı böyük qəhrəmanlıq göstərərək helikopterdə şəhid olan əslən gəncəli mayor Urfan Üzeyir oğlu Vəlizadənin həyat yoldaşı Könül Vəlizadə İstiPress-in əməkdaşı ilə söhbətində deyib.

Gözləri yol çəkən Könül xanımın, iki qız anasının şəhid Urfan Vəlizadə haqqında dediklərini öz dilindən təqdim edirik.

***

"Xatırlayırsan, Urfan, sənin qara rəngdə idman çantan var idi. İndi o çantaya nifrətlə baxıram. Çünki sən hər dəfə qara çantanı götürüb bir söz demədən gedəndə ən azı bir həftə baxdıqca hüzur tapdığım gözlərini görə bilmirdim.

Son günün çox yaxşı yadımdadır. Yenə o çantanı hazırlamışdın. Amma bu dəfə fərqliydin. Sanki nədənsə narahat idin. Divanda əyləşib qızlarımız Zəhra və Betülü dizlərinin üstündə oturtdun. Hər ikisinin qoxusunu ciyərlərinin dərinliklərinə çəkdin. Sanki o ətri heç kimlə paylaşmaq istəmirdin. Və gözlərimə baxıb dedin: "Könül, uşaqların qoxusu tamam başqadır. Bu gözəl qoxudan insan ayrılmaq istəmir".

Bu sözlərin mənə elə pis təsir etdi ki... İçimdə fırtınalar qopdu. Mənə elə gəldi ki, sanki ürəyimin döyüntüsünü eşidirəm. Çünki neçə gün idi ki, "müharibə olacaq" deyə söhbətlər gəzirdi. Amma mən hər dəfə bu barədə səndən soruşanda gülümsəyərək deyirdin: "Bunların hamısı şayiədir. Fikir vermə, əzizim."

Sonuncu dəfə uşaqların qoxusunu ciyərlərinə çəkdin və qapının yanında hazır qoyduğun qara çantaya yaxınlaşdın. Mənimlə də həmişəki kimi sağollaşdın və tezliklə geri qayıdacağını söylədin. Yenə mənə cəbhə bölgəsinə deyil, sadəcə, təlimlərdə iştirak etmək üçün getdiyini dedin. İndi səni çox gözəl başa düşürəm.

Bəlkə də sənin bir daha geri qayıtmayacağını, şəhidlik zirvəsinə yüksələcəyini Allah mənə işarə etmişdi. Sən yola düşdükdən sonra arxanca su atanda əlimdəki qab da fırlanıb yerə düşdü. Amma bunu pis əlamət kimi yozmadım. Bildiyim duaları oxudum.

Narahatlığım aprelin 2-də səhər saatlarında sən mənə zəng vurana qədər davam etdi. Hər şeyin yaxşı olduğunu, gecə evə qayıdacağını dedin. Xatırlayırsan, hətta dedin ki, hədiyyəmi alıb gələcəm. Həmin gün anamın yubileyi idi. Bilirsən, Urfan, anam yubiley gününü bir daha xatırlamaq istəmir. Deyir, o gün ən pis günümdür.

Səninlə telefon danışığımızdan çox keçməmişdi, elə bil içimdə həyəcan siqnalı verildi. Damarlarımda axan qana qədər bunu hiss elədim. Sanki qəfəsə salmışdılar məni və ora-bura qaçırdım. Heç vaxt keçirmədiyim qəribə hislər keçirirdim. Bütün günü sənə zəng vurdum, amma cavab vermirdin. Səbəbini isə gecə anlayacaqdım.

O gecə bizə qonşularımızla bərabər yad adamlar da gəldi. Artıq səndən nigarançılığım get-gedə daha da artırdı. Sənsə telefonlara cavab vermirdin. O gecə mənim üçün ən uzun gecə oldu.

Bilirsən, Urfan, sənin üçün hazırlanan yas çadırına paltarlarını - gödəkçəni, ayaqqabını geyinib getmişdim. Fikirləşirdim ki, bəlkə məni hiss edəcəksən... Məni duya, hiss edə bildinmi?.. Sənin nəşini görmədim. Ona görə də inanmıram şəhid olduğuna... İnanmıram və yolunu gözləyirəm...

Həyatından çox sevdiyin Zəhradan və “ay parçam” deyə müraciət etdiyin Betülümüzdən də narahat olma. Onlar da səni gözləyir. Dövlətimizin bizə verdiyi yeni evə köçmüşük. Düzdür, təmirini özümüz etdik, bir az çətin oldu. Amma artıq kirayədə yaşamırıq. Yeni evə uzun müddət gəlmədik. Qızlarınla kirayə də olsa, xoşbəxt günlərimizin keçdiyi o evdə gözləyirdik səni.

Zəhra həmişəki kimi əlaçıdır. Heydər Əliyev adına Müasir Təhsil Kompleksində pulsuz oxuyur, güzəşt ediblər. Betülün isə artıq iki yaşı var, o hələ atasının yoxluğunu hiss etmir, dərk etmir. Urfan, çox qorxuram. Qorxuram ki, Betül bir gün sənin harada olduğunu soruşanda ona nə cavab verəcəyəm. Amma ümidliyəm, bəlkə o günə qədər sən qayıtdın... Bəlkə də..."

Mayor Urfan Vəlizadə özündən başqa baş leytenant Bəkir İsmayılov və mayor Təbriz Musazadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən müharibədə iştirak edib. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vuruldu və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid olub. Məlumata görə, onların helikopteri düşmən tərəfindən vurulub, lakin pilotlarımız geri dönməyərək vurulan helikopteri tam sürətlə erməni postuna çırpıblar.

Onların nəşi aprelin 10-u neytral ərazidən götürülüb.

Aprelin 11-i isə Mi-24 helikopterinin pilotları Urfan Vəlizadə, Bəkir İsmayılov və Təbriz Musazadə, həmçinin döyüşlərdə qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev ilə vida mərasimi baş tutub.

Şəhidlər Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda izdihamla son mənzilə yola salınıb.

Urfan Vəlizadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR