Gəncədə Region Gənclərinin I Sahibkarlıq Forumu keçirilib
Gənclər Fondunun maliyyə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin (GİB) təşəbbüsü və təşkilatçılığı ilə respublikada ilk dəfə Region gənclərinin birinci sahibkarlıq forumu keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, forumun açılış mərasimi və panellər Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutub.
Tədbirdə çıxış edən “Odlar Yurdu” GİB-in sədri Nigar Ələsgərova layihə haqqında məlumat verib. Bildirilib ki, bu gün ölkəmizdə iqtisadiyyatın əsas məqsədi qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu sektoru inkişaf etdirmək üçün sahibkarlığın inkişafı əsas şərtlərdən biridir. "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”ndakı mühüm vəzifələrdən biri gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsidir. Həmçinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının məqsəd və vəzifələrindən biri də gənclər arasında sahibkarlığın inkişafına həsr olunub. “Odlar Yurdu” GİB hər zaman gənclər sahəsində həyata keçirilən dövlət siyasətinə töhfə verməyə çalışıb. Elə bu səbəbdən də birliyin 2019-cu il prioritet istiqamətlərindən biri məhz gənclər arasında sahibkarlığın təşviqindən ibarətdir.
Qeyd edilib ki, layihənin icrasında əsas məqsəd region gənclərinin sahibkarlıq fəaliyyətinə cəlb olunması, həvəsləndirilməsi, onların biznes layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar haqqında məlumatlandırılması və öz bizneslərini qurmaları üçün lazımi biliklərə sahiblənmələrinə şərait yaratmaqdır.
Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Həsən Məmmədov, Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov və başqaları çıxış ediblər.
Açılış mərasimindən sonra forum panel müzakirələrlə davam edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət