Gəncədə dünyada sülhün və sabitliyin beynəlxalq miqrasiya axınlarına təsirinə dair seminar keçirilib
Dövlət Miqrasiya Xidməti (DMX) BMT-nin elan etdiyi 21 sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə ölkəmizdə elan olunmuş “Sülh aylığı” çərçivəsində Gəncədə tədbir keçirib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, “Dünyada sülhün və sabitliyin təmin edilməsinin beynəlxalq miqrasiya axınlarına təsiri” mövzusunda keçirilən seminarda ictimaiyyətin nümayəndələri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.
Gəncə regional miqrasiya idarəsinin rəisi Orxan Xıdırov sülhün bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biri olduğunu diqqətə çatdırıb. O, Beynəlxalq Sülh Gününün mahiyyəti, sülh və sabitliyin təmin olunmasının xalqların və dövlətlərin inkişafındakı rolundan danışıb, ölkəmizdə əcnəbilər üçün yaradılmış şəraitdən bəhs edib. DMX-nin fəaliyyət istiqamətləri haqqında iştirakçılara ətraflı məlumat verilib.
Tədbirdə Xidmət aparatının beynəlxalq əlaqələr idarəsinin şöbə rəisi Kənan Cəfərov məruzə ilə çıxış edərək bildirib ki, bəşər tarixində həmişə böyük rol oynayan miqrasiya prosesi müasir beynəlxalq münasibətlər sistemində özünü qabarıq nümayiş etdirir. Xüsusilə sabitliyin və inkişafın bərqərar olduğu Azərbaycana gələn əcnəbilərin sayı ildən-ilə artır. Bu səbəbdən ölkəmizdə miqrasiya məsələləri prioritet yer tutur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət