Gəncə şəhəri üzrə 46 orta ümumtəhsil məktəbindən 44-də məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək
Avqustun 15-dən respublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb. Gəncə şəhərində də ilk dəfə bu tədris ilindən məktəbəhazırlıq qrupuna gedən uşaqların sənədləri elektron qaydada həyata keçirilir. Bunun üçün Gəncə Şəhər Təhsil İdarəsi ilə yanaşı şəhərin 10, 16, 25, 27 və 32 saylı tam orta məktəblərində alternativ qəbul mərkəzləri fəaliyyət göstərir.
Gəncə Şəhər Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yeni tədris ilindən Gəncə şəhəri üzrə 46 orta ümumtəhsil məktəbindən 44-də məktəbəhazırlıq qrupu olacaq.
Bu təhsil müəssisələrinin 17-si rus bölməsi, 27-si isə Azərbaycan bölməsidir. Ümumilikdə şəhər üzrə 141 sinifdə məktəbəhazırlıq qruplarında uşaqlara dərslər keçiləcək.
Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir. Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla, 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb və mayın 31-də başa çatacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət