Gəncə Dövlət Universitetində “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq…
Gəncə Dövlət Universietində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Konfransda 10-dan artıq ölkənin nüfuzlu universitetlərinin, qabaqcıl elmi-tədqiqat mərkəzlərinin görkəmli alimləri elmi məruzə ilə çıxış ediblər.
Konfransın keçirilməsində məqsəd müasir təbiət və iqtisad elmlərinin ali təhsil mühitində tədrisini və tədqiqini, həmçinin bu sahədəki qlobal tendensiyaları və dəyişən paradiqmları birgə müzakirə etməkdir.
Bununla yanaşı konfransda post-neft dövründə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, biliyə əsaslanan iqtisadiyyatın qurulması, innovativ cəmiyyətin təşkili, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafının təmin edilməsi, ümumilikdə isə rəqabətqabiliyyətli və davamlı iqtisadi inkişafa nail olunması yolları alimlər tərəfindən aparılan birgə elmi müzakirələrin mövzusu olub.
Əvvəlcə konfrans iştirakçıları Gəncə şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər.
Universitetin 5-ci tədris korpusunda təşkil olunan konfrans Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.
Konfransda ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətindən bəhs edən film izlənilib.
Konfransı açıq elan edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, bütün fəaliyyəti xalqa və ölkəmizin milli maraqlarına xidmətlə bağlı olan Ulu Öndərin hələ vəzifədə olduğu Sovet hakimiyyəti illərində respublikamızın elmi potensialının yüksəldilməsi üçün böyük işlər həyata keçirilib. Bunun üçün respublikamızda, eləcə də Gəncə şəhərində çoxsaylı ali və orta ixtisas təhsili müəssisələri, elmi tədqiqat institutları fəaliyyətə başlayıb. Mövcud təhsil müəssisələrinin infrastrukturunun genişləndirilməsi və maddi texniki bazasının zənginləşdirilməsi üçün əməli işlər həyata keçirilib. Məhz, 1970-1980-ci illərdə illərdə ilk dəfə olaraq respublikamızdan hər il yüzlərlə gənc ali təhsil almaq üçün Sovet İttifaqının müxtəlif ali təhsil müəssisələrinə göndərilib.
O, vurğulayıb ki, bir zamanlar Ulu Öndərin təşəbbüsü ilə Sovet İttifaqının ən qabaqcıl universitetlərində təhsil alan gənclər Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ölkəmizdə milli dövlətin qurulmasında kadr potensialının əsasını təşkil edib, dövlətçilik işinə özlərinin ümumi töhfələrini veriblər.
Niyazi Bayramov qeyd edib ki, dünya miqyaslı siyasətçi, işıqlı və parlaq şəxsiyyət olan Heydər Əliyevin əziz xatirəsi onun qurub yaratdığı Azərbaycanın hər bir guşəsində olduğu kimi, qədim elm və mədəniyyət mərkəzi olan Gəncə şəhərində də əziz tutulur. Məhz, hər il Gəncə şəhərində Ulu Öndərin anadan olmasının ildönümü münasibətilə ayrı-ayrı universitetlər və elm mərkəzlərində beynəlxalq elmi nəzəri və parktik konfranslar, simpoziumlar, elmi müzakirələr təşkil olunur.
Konfransda çıxış edən Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə istər Sovet hakimiyyəti illərində, istərsə də respublikamız müstəqillik qazandıqdan sonrakı illərdə ali təhsil müəssisələrində mütəxəssis hazırlığının, xüsusən də yüksək ixtisaslı pedaqoji kadrların hazırlığ istiqamətində görülmüş işlərdən danışıb.
“Ümummilli lider Heydər Əliyev deyirdi: Həqiqi müəllim olmaq cəmiyyət üçün çox şərəfli peşədir. Doğrudan da mən cəmiyyətdə müəllimdən yüksək ad tanımıram”. Bu fikirlər yalnız bir siyasətçinin deyil, həm də böyük bir dövlət xadiminin müəllim peşəsinə verdiyi böyük dəyərin ifadəsidir “- deyə Yusif Yusibov qeyd edib.
Rektor bildirib ki, Azərbaycanın bütün sonrakı dövrlər üçün inkişafını möhkəm təməllər üzərində quran, onun müstəqilliyini dönməz və sarsılmaz edən Ulu Öndərin xatirəsi Gəncə Dövlət Universitetinin çoxminli kollektivi tərəfindən daim əziz tutulur. Hər il GDU-da Dahi Öndərin adı ilə bağlı olaraq çoxsaylı elmi nəzəri, praktiki konfranslar, simpoziumlar, disputlar, sərgilər və xatirə gecəcləri təşkil olunur.
Heydər Əliyevin 96 illik yubileyi münasibətilə GDU-da keçirilən beynəlxalq konfransın sayca altıncı olduğunu deyən Yusif Yusibov qeyd edib ki, bir neçə ölkədən çoxsaylı xarici qonaqların iştirakı onu göstərir ki, əvvəlki illərdə olduğu kimi bu il də konfransa böyük diqqət var.
Bildirilib ki, iki gün davam edəcək konfrans beş istiqamətdə, on yeddi bölmədə fəaliyyət göstərəcək. Konfransın gedişində ayrı-ayrı bölmələrdə 600-dən çox elmi məruzələr dinləniləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət