Dərc edildi: Baxış sayı: 528
Gənc bədii gimnastlarımız Polşada 5 medal qazandılar
Gimnastika yarışları ilə zəngin olan bu həftəsonu bədii gimnastlarımız Varşavada (Polşa) keçirilən “İrina Cup” adlı beynəlxalq turnirdə ölkəmizi layiqincə təmsil ediblər.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yarışdan ilk medal sevincini milli komandamızın gənclərdən ibarət qrup hərəkətləri komandası yaşadıb. Fəridə Səfiyarzadə, Milana Əkbərova, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə və Nəzrin Cəfərzadə birgə səyləri nəticəsində çoxnövçülük yarışlarında turnirin qızıl medalını qazanıblar.
Fərdi proqramda çıxış edən gimnastlarımız da yarışları medalsız başa vurmayıblar. Belə ki, millimizin gənc və eyni zamanda potensiallı üzvlərindən olan Nərminə Səmədova komandamızın hesabına 3 medal yazdırıb. Gimnastımız gürzlərlə və iplə icrasına görə fəxri kürsünün ilk pilləsinə yüksələrək, qızıl medala sahiblənib. Çoxnövçülük proqramında isə Nərminə bürünc medal qazanıb.
Uğurlu performansı ilə komanda yoldaşından geri qalmayan digər təmsilçimiz Arzu Cəlilova isə iplə hərəkətlərinə görə gümüş medala layiq görülüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət