Slimfit
  1. AZƏRBAYCAN

Gəmiçiliyin inkişafında böyük rolu olan Mustafa İmam Əli

Gəmiçiliyin inkişafında böyük rolu olan Mustafa İmam Əli
Sakura

Gəmiçiliyin inkişafında böyük rolu olan Mustafa İmam Əli

Sevda Abdullayeva – İctimaiyyətlə əlaqələr departamentinin mütəxəssisi

 

Mustafa İmam Əli 1905-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Hələ gimnaziyada oxuyarkən gəmilərlə ciddi maraqlanan Mustafa İmam Əli 1922-ci ildə orta təhsilini başa vuran kimi, Azərbaycan SSR-nin Mərkəzi İcra Komitəsinə müraciət edərək gəmi inşaatı üzrə xüsusi təhsil almaq üçün onu xaricə göndərməyi xahiş edib. Respublika Mərkəzi İcraiyyə Komitəsi Zaqafqaziya Xalq Komissarları Şurası qarşısında gəncin müvafiq təhsil alması üçün Almaniyaya göndərilməsi və həmin müddətdə ona təqaüdün ödənilməsi barədə vəkalət qaldırıb. Gənc Mustafa qərarı gözləyənədək vaxtını boş keçirməyib: alman dilini mükəmməl öyrənib, riyaziyyat və başqa texniki fənlər  üzrə biliyini daha da artırıb. Nəhayət, Zaqafqaziya Xalq Komissarları Şurası qərar qəbul edib və Mustafa İmam Əli 1924-cü ildə gəmi inşaatı üzrə mühəndis olmaq arzusunu gerçəkləşdirmək üçün Berlinə yola düşüb.

Berlində ən yaxşı tərsanələrin və gəmi inşaatı üzrə xüsusi təhsil ocaqlarının Kil və Danzinqdə yerləşdiyini öyrənən Mustafa  hər şeydən öncə istehsalat təcrübəsi qazanmağın əhəmiyyətini nəzərə alaraq Kilə gedib. Burada beş il ərzində “F.Krupp” konserninə məxsus gəmi tərsanəsinin emalatxanalarında və “Klavitter” zavodunun gəmi inşası bürosunda təcrübə keçən fəhlə kimi çalışıb. Eyni zamanda Mustafa İmam Əli Ali texniki məktəbin gəmi inşası şöbəsinə daxil olub. 1932-ci ilin iyun ayında  imtahanlarını uğurla verərək, gəmi inşaatçısı-mühəndis diplomu ilə Vətənə dönüb.

Bakıya qayıtdıqdan sonra Mustafa İmam Əli “Xəzər donanması”nda  mühəndis kimi fəaliyyətə başlayıb. Bir il sonra enerjili və təşəbbüsskar mühəndis artıq gəmi-mexanika xidmətinin rəisi vəzifəsinə təyin edilib. Təcrübəli mütəxəssis o vaxt Gəmiçilikdə istismar olunan “Lenin”, “Profintern”, “Tsryupa” və “Ağamalı oğlu” kimi iritonnajlı tankerlərin bortlarındakı ballast bölmələrində dəniz üzgüçülüyü üçün təhlükə yaratmadan neftin daşınması təklifini irəli sürüb. Bu, neft daşımalarını 20 %-dək artırmağa imkan verib.

Mustafa İmam Əli əsas fəaliyyətindən əlavə, həm də dəniz nəqliyyatı donanması üçün yerli kadrların hazırlanması işinə böyük diqqət yetirib.  Belə ki, Bakı dənizçilik texnikumunda “Gəmi nəzəriyyəsi”ndən bir neçə il dərs deyib. Ana dilində xüsusi dərsliklərə ehtiyacın olduğunu görərək, o dövrün əsaslı dərsliyi sayılan P.P.Şirşovun “Gəmi nəzəriyyəsi”ni tərcümə edib və elmi dəniz terminalogiyasını Azərbaycan dilində işləyib hazırlayıb.

Təəssüflər olsun ki, Mustafa İmam Əlinin qüsursuz işinə baxmayaraq, 1937-1938-ci illərin repressiyası ondan da yan keçməyib. O zaman xaricdə təhsil almış bir çox mütəxəssislər kimi Almaniyada işləyib-oxumuş Mustafanı da həbs ediblər. Həbsxanada Mustafa oğlunun anadan olduğu, lakin qısa bir zamanda xəstələnib-öldüyü barədə sarsıdıcı xəbər alıb.

Böyük Vətən müharibəsinin başlanması Mustafa İmam Əlinin həbsxana həyatına son qoyub. Dəniz nəqliyyatı sahəsində onun kimi zəngin təcrübəli və dərin biliyə malik mütəxəssisə həddən artıq tələbat olduğundan, Mustafanı həbsdən azad edərək yenidən öz işinə bərpa ediblər.

Müharibənin çətin sınaq illərində Mustafa İmam Əlinin xidmətləri  əvəzedilməz olub. Bu, danılmaz faktdır. Həmin dövrdə vaxt və şəraitlə hesablaşmadan cəbhəyə ən  müxtəlif yüklərin – yanacağın, hərbi texnika və silah-sursatın, habelə hərbi hissələrin və təxliyyə olunmuş insanların fasiləsiz daşınmasını həyata keçirmək, eyni zamanda gəmilərin təmirini və ya yenidən qurulmasını icra etmək lazım gəlirdi.

Mustafa İmam Əli həmin illərdə demək olar ki, vaxtını ancaq gəmi təmiri zavodlarında və Xəzər hövzəsinin limanlarında keçirib. Strateji  yüklər daşıyan gəmilər kütləvi aviahəmlələrə məruz qaldığından, Mustafa çox vaxt təyyarə ilə gəmilərin zədələndiyi yerə gedərək, onların təmiri məsələsini yerində həll edib.

Müharibənin sonunda Mustafa İmam Əli mühəndis-mayor rütbəsində Sovet İttifaqının  Dəniz Donanması Nazirliyindən göndərilən əməli qrupun tərkibində Avstriya və Macarıstana gedərək, xüsusi tapşırığın icrası ilə əlaqədar İttifaq Nəzarət Komissiyasının sərəncamında olub. 1945-ci ilin 30 aprelindən 1946-cı ilin 15 iyununadək Vyana və Budapeştdə Sovet Dunay Gəmiçiliyi üçün gəmilərin hazırlanıb təchiz edilməsi, Dunay Hərbi Nəqliyyat İdarəsində isə batmış gəmilərin çayın dərinliyindən qaldırılması  işlərinə rəhbərlik edib.

Xüsusi tapşırığın icrasından sonra Mustafa İmam Əli Latviya Gəmiçiliyinə göndərilib. Öz ailəsi Riqada yaşayan görkəmli gəmi inşaatı mütəxəssisi sonrakı illərdə işi ilə əlaqədar Leninqrad şəhərinə göçərək ömrünün sonunadək burada yaşayıb. On il  Baltik Gəmiçiliyinin Mərkəzi Layihə-Konstruktor Bürosunda və daha on il keçmiş Sovet İttifaqı məkanında gəmi inşaatı üzrə ən nüfuzlu təsisatda – Akademik A.H.Krılov adına Mərkəzi Elmi-Tədqiqat İnstitutunda baş konstruktor vəzifəsində çalışıb. Mustafa İmam Əli həmin illərdə onlarla elmi iş görüb, müxtəlif ixtiralar edib. Bakı – Krasnovodsk (indiki – Türkmənbaşı) gəmi-bərə keçidində ilk səfərə məhz Mustafa İmam Əlinin layihələndirdiyi “Sovet Azərbaycanı” gəmi-bərəsi çıxıb. Böyük dəniz layneri “İvan Franko”, iritonnajlı “Sofiya” tipli tanker və digər gəmilərin layihələrinin də müəllifi Mustafa İmam Əli olub. Müxtəlif illərdə A.A.Jdanov adına Qorki Politexnik İnstitutunun, Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunun, Leninqrad Gəmi İnşası İnstitutunun gəmi nəzəriyyəsi şöbəsi tələbələrinin diplom layihəsinə və istehsalat təcrübəsinə rəhbərlik edib.

Peşəsinin bütün incəliklərinə dərindən bələd olan Mustafa İmam Əli    dəfələrlə SSRİ Dəniz Donanması Nazirliyi tərəfindən məsləhətçi və ekspert kimi tərsanələrində İttifaq üçün sifarişlə yeni gəmilər inşa edən xarici ölkələrə ezam olunub. Mustafa İmam Əli kadr hazırlığına da həmişə ciddi fikir verib, onun yetirmələri – çoxsaylı mütəxəssis-konstruktorlar öz müəllimlərinin işini uğurla davam ediblər, onlardan bir çoxu SSRİ Dəniz Donanması Nazirliyinin müəssisə və idarələrində aparıcı vəzifələrə irəli çəkilib.

Görkəmli mütəxəssis, nəcib insan olan Mustafa İmam Əli 1978-ci ildə 73 yaşında dünyasını dəyişib. Ölkənin dəniz donanmasının inkişafına sanballı töhfələr vermiş Mustafa İmam Əli böyük ehtiramla Pulkovo qəbiristanlığının Albalı xiyabanlığında dəfn edilib.    

 

Mənbə: Seanews.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR