Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Gələcəyin həkimləri bugünkü təhsildən razıdırlarmı?

Gələcəyin həkimləri bugünkü təhsildən razıdırlarmı?
Sakura

Gələcəyin həkimləri bugünkü təhsildən razıdırlarmı?

Səhiyyənin gələcəyi bugünkü tibb tələbələrinin əlindədir. Bəs, görəsən, gələcəkdə bu gün tibdə baş verən səhvlərin daha az olunması ilə rastlaşacağıq, yoxsa vəziyyət indikindən də pis olacaq?

Bugünkü təhsil gələcəkdə vəziyyətin fərqli olmasına, Azərbaycanda tibbin inkişaf etməsinə nə dərəcədə imkan verir?

Bunu tələbələrin özlərindən soruşduq. 

Azərbaycan Tibb Universiteti, müalicə-profilaktika fakültəsi IV kurs tələbəsi Nigar İbrahimli deyir ki, maddi baza – avadanlıq və kitab təminatı artsa, tibbi sığorta olsa, vəziyyət yaxşılaşacaq:

“Praktiki dərslərimizin yaxşı keçdiyini deyə bilmərəm. Əsas problem tibbi sığortanın olmamasıdır. Ödənişli xəstəxanada həm xəstə sayı o qədər də çox olmur, həm də pul ödəyən xəstələr hər zaman tələbələri qəbul etmirlər.

Nəzəriyyəyə daha çox önəm verilir. Kitab bazası çox zəif olsa da, tələbələrin nəzəri bilikləri güclüdür. Xaricdəki kimi, sistemləşmiş və bütün uşaqların tədrisini əhatə edəcək praktika yoxdur. Praktiki dərslərimiz dördüncü kursdan başlayır.

Amma problem odur ki, dərslərimiz keçirilən saatda xəstəxanalarda xəstə müraciəti olmur və ya həmin gün müraciət edən xəstələr həftənin digər günlərinə paylanılır. Xəstəxana var, yaxşı müəllimlər var, amma tibbi sığorta, həmin saatlarda ödənişsiz gələn xəstə yoxdur. 

Hal-hazırda orta vəziyyətdir, yəni, əvvəl daha pis idi, indi yaxşıya doğru gedir. Əsas məsələ SSRİ beynindən çıxmaqdır. Tələbənin xalatının düyməsi ilə, başındakı papaqla təhsilindən daha çox maraqlanırlar. Tələbələr də bilikdən çox, bal istəyir.

Maddi baza - avadanlıq və kitab təminatı artsa, vəziyyət yaxşılaşacaq. Yoxsa, daha pis ola bilər. Məzunların çoxu təhsilini davam etdirmək üçün xaricə gedir. Gedənlərin çoxu qayıtmır. Bu, Azərbaycan üçün beyin köçü deməkdir. Bu halda nəticə pisləşir. Bütün dünyada qəbul olunmuş ən yaxşı tibb kitabları var, onları bizim dilə tərcümə etmək hər dəfə təzə kitab yazmaqdan daha məntiqlidir.

İnkişaf üçün müasir tiblə ayaqlaşmalıyıq. Müəllimlərin və həkimlərin maaşı artırılmalıdır. Korrupsiya aradan qalxsa, tələbə bilsə ki, oxumasa, hər vəziyyətdə kəsiləcək, onda daha çox oxuyacaq. Bir daha təkrar edim, hər bir halda kəsiləcək. Bu, o deməkdir ki, oxumaqdan başqa yolu yoxdur. Bunlar tələbə və müəllimdən asılı olan tərəf idi.

Universitetden asılı olan tərəf isə dərs vəsaitlərinin yaxşılaşdırılması və tələbələrin vəsaitlə təmin olunmasıdır. Təcili tibbi yardım məsələsində vəziyyət pisdir. Yanımızda bir adama nəsə olsa, kömək edə biləcəyimizi düşünmürəm. Halbuki digər ölkələrdə tibb bacıları da bu mövzuda yüksək biliklərə malikdir. 

Mühazirələrə məcburi getmək dərsə pis təsir edir. 120-yə yaxın adamın hamısı eyni anda eyni mühazirəyə qulaq asmaq istəmir. Xaricdə mühazirələrdə iştirak etmək könüllüdür. Azərbaycanda sırf qaib yazılmasın deyə mühazirədə oturan böyük auditoriya var ki, onların səs-küyü mühazirəni pozmağa kifayət edir.

Özümdən misal gətirə bilərəm ki, kitab oxuyanda daha çox öyrəndiyimi düşünürəm. Mühazirə vaxt itkisidir, fikrimi 20 dəqiqədən artıq cəmləyə bilmirəm. Amma bu, mənim dərs göstəricilərimə heç bir təsir etmir.

Bir semestr yalnız kitabdan oxuyuruq, sonra testlə imtahan veririk. Test sualları bizə verilir, çox az vaxtda öyrənib imtahanı yazırıq. Aşağı kurslarda açıq sual tətbiq olunur, amma bunda da əskiklik var. İmtahana semestr ərzində hazırlaşsaq, bilik daha möhkəm olar, deyə düşünürəm.

Yəni, TQDK-dakı kimi test vəsaitləri olsa, dərsi öyrəndikcə testləri işləsək, həm imtahan nəticələri daha dürüst olacaq, həm də tələbələr dərsi daha yaxşı mənimsəyəcək. Semestr ərzində sərbəst iş hazırlamaq əvəzinə, dərslə paralel test işləməyin tərəfdarıyam.

Vacib fənlərin saatı azdır. Farmokologiya fənni inkişaf etmiş ölkələrdə üç ilə keçilir, bizdə isə iki semestrə. Təbii ki, bu da farmakoloji biliklərin pis olmasına səbəb olur. Əsas fənlərin dərs yükü çoxdur, saatı azdır. Qısa vaxtda çox şeyi mükəmməl öyrənmək olmur. Əsas fənlərin saatları artırılmalıdır”.

Daha çox genetikaya marağı olan və bu sahənin sirrini aşkarlamaq istəyən tələbə bunun səbəbini belə izah etdi:

“Bütün xəstəliklər müəyyən bir həddə qədər aşkarlanıb. Böyük əksəriyyətinin ortaq cəhəti odur ki, irsi keçir. Əgər gen səviyyəsində nə baş verdiyi tam aydınlaşsa, bir çox xəstəliyin müalicəsi tapılar”.

Azərbaycan Tibb Universiteti, müalicə-profilaktika fakültəsi V kurs tələbəsi Şahin Heydərli praktikaların bu ildən etibarən pis keçdiyini, xəstə üzü görmədiklərini deyir:

“Əvvəlki sistemdə bir həftə-on gün eyni dərsə gedib onu öyrənirdik, sonra başqa dərsə keçirdik. Dörd-beş saat eyni xəstəxanada olurduq, başqa yerə getmirdik. Səhər növbəsində xəstə də çox olurdu. İndi sistemi dəyişiblər. Bir neçə saat bir xəstəxanada olub sonra başqa xəstəxanaya gedirik.

Yolda vaxtımız gedir və çox yoruluruq, dərsə gecikirik. Təhsilin keyfiyyətini artırmaq üçün etdikləri bu üsulla qaş düzəltmək istəyərkən göz çıxarıblar. Buna görə praktikalarımız bu ildən etibarən pis keçir. Xəstə üzü görmürük.

Təkcə dördüncü-beşinci kurslardan buna etiraz olaraq 900-ə yaxın imza toplandı, amma heç bir xeyri olmadı. Bundan əlavə, yaşlı, sovet düşüncəli, pulgir müəllimlər dəyişilməlidir. Amma yenə də, hər şey tələbələrin özündən asılıdır. Xaricdə təhsil vacibdir. Almaniyada təhsilimi davam etdirməyə hazırlaşıram”. 

Azərbaycan Tibb Universiteti, müalicə-profilaktika fakültəsi IV kurs tələbəsi Şeyda İsmayılova universitet praktikasının zəif olmasından danışıb:

“Klinikalar tələbələri əməliyyatlara buraxmırdılar, indi təzə klinikalarda qaydaya görə buraxırlar. Məcburi praktikamız bir aydır, onun daxilində heç nə öyrənə bilmərik. İnkişaf üçün xaricə getmək, oradakı əməliyyatları görmək, öyrənmək və buraya gətirmək lazımdır. Amma maaşı nəzərə alsaq, xaricdə oxuyub həkim olan biri üçün burada işləmək sərf etmir. Buna görə bizim savadlı həkimlərimizin çoxu orada qalır, buraya qayıtmır. 

Azərbaycanda universitet praktikası zəifdir. Ancaq özün maraqlanmalısan. Türkiyədə deyirlər ki, Azərbaycandan gələn tələbələrin nəzəri bilikləri yüksək olur. Bəzi lazımsız fənlərin əvəzinə, lazımlı fənlərə daha çox yer vermək yaxşı olardı. 

Ürək cərrahiyyəsi mənim üçün maraqlıdır. Qız üçün çox ağır iş olduğunu bilirəm. Amma insanın özünü ancaq marağı olduğu sahədə inkişaf etdirə biləcəyini düşünürəm. Azərbaycanda sırf ürək transplantasiyası yoxdur, xaricdə öyrənib burada tətbiq etmək istəyirəm”. 

Azərbaycan Tibb Universiteti, müalicə-profilaktika fakültəsi V kurs tələbəsi Cahangir Şirinov imtahan sistemi və müəllimlərin dəyişilməli olduğu fikrindədir:

“600 sualın cavabını əldə edib əzbərləyən tələbələr heç vaxt nəyisə öyrənməyi, həmin öyrəndiyinin onu gələcəyi üçün lazım olduğunu anlamır. 

İmtahan sistemində dəyişikliklər edilməlidir. Müəllimlərin yaxşıları saxlanılıb, bəyənilməyən, tələbələri təhqir edən müəllimlər işdən azad olunmalıdır. Bununla bağlı artıq bu ildən etibarən müəllimlərin bal toplaması sistemi yaradılıb. Burada müəllimlər, məsələn, 100 bal toplamalıdırlarsa, bunun 50-ni tələbələr verir.

Anketlər paylanır, müəllimin dil bilgisi, öz dilimizdə rahat danışa bilməsi, dərsə vaxtında başlayıb vaxtında bitirməsi, yeni elmi məqalələrdən xəbərdar olması cavablandırılır. Nəticə olaraq, yaxşı bal toplayan müəllim qalır, pis bal toplayan müəllim isə öz üzərində işləməli olduğunu, ya da tələbələrlə rəftarını düzəltməli olduğunu anlayır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR