Fındıq sektoruna dəstək göstərilir
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) əməkdaşları “Azərbaycanda fındıq sektorunun dayanıqlı və effektli artımına dəstək göstərmə - HAZER” layihəsi çərçivəsində Quba rayonunda Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda (MÇETİ) olublar. SİA xəbər verir ki, institutun direktoru İlham Qurbanov MÇETİ-nin bazasında olan fındıq sort və formaları haqqında qonaqlara ətraflı məlumat verərək, bu layihənin həyata keçirilməsini tam dəstəklədiklərini diqqətə çatdırıb.
Təklif olunan layihənin əsas məqsədi məhsuldarlığı artırmaq, məhsulun keyfiyyətini yüksəltmək, Azərbaycanda fındığın dəyərinin formalaşması proseslərinin daha səmərəli və rəqabətli olmasına kömək etməkdən ibarətdir.
Qarşıya qoyulan tələblərə əsasən Azərbaycanda fındıq sektorunda rəqabəti maksimuma çatdırmaq üçün bir il ərzində strategiya və yol xəritəsi təqdim olunmalıdır. Üç il ərzində isə ölkədə istehsal olunan fındığın rəqabət qabiliyyətini, keyfiyyətini və bazara çıxarılma imkanlarını tam həcmdə artırmağa şərait yaradan tədbirlər vasitəsilə strategiyanın və yol xəritəsinin ilkin (pilot) icrasının həyata keçirilməsi nəzərdə tutulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət