FHN-in regional mərkəzində "açıq qapı" günü
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzində Gəncə “ASAN xidmət” könüllülərinin iştirakı ilə “Açıq qapı” günü təşkil olunub.
FHN-dən Axar.az-a bildiriblər ki, əvvəlcə könüllülər mərkəzin inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
FHN-in Gəncə Regional Mərkəzinin rəisi, polkovnik Asif Məmmədli bildirib ki, bu cür tədbirlər gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, onlarda şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətin artırılması məqsədilə təşkil edilir. O, “Açıq qapı” gününün hərbi vətənpərvərlik ruhunun aşılanmasında və sağlam həyat tərzinin təbliğində əhəmiyyətini vurğulayıb.
Sonra tədbir iştirakçıları mərkəzin inzibati binasında “Ümummilli lider Heydər Əliyev guşəsi”nə baxış keçiriblər.
Daha sonra akt zalında FHN-in fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Həmçinin təbii və texnogen mənşəli fövqəladə hadisələr barədə ətraflı məlumat verilib, həmin hadisələrdən qorunma qaydaları xilasedicilər tərəfindən izah edilib.
Könüllülər xüsusi xilasetmə hissəsinin şəxsi heyətinin kazarmasına baxış keçirib, dərslərdə iştirak ediblər. Xüsusi xilasetmə hissəsinin şəxsi heyətinə “Həyəcan” siqnalı verildikdən sonra şərti xilasetmə işləri aparılıb, şərti olaraq köməksiz vəziyyətdə olan yaralı xilas edilib. Könüllülər qəza-xilasetmə avtomobili, alət və avadanlıq, həmçinin yanğınsöndürmə texnikaları ilə də yaxından tanış olub, həmin avtomobilin və texniki vasitələrin xüsusiyyətləri barədə məlumatlandırılıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət