Slimfit
  1. MEDİA

Feysbukda işləyən azərbaycanlı: "Heç kim özünü sındırıb Zükerberqin maşınını sürməz"

Feysbukda işləyən azərbaycanlı: "Heç kim özünü sındırıb Zükerberqin maşınını sürməz"
Sakura

Feysbukda işləyən azərbaycanlı: "Heç kim özünü sındırıb Zükerberqin maşınını sürməz"

Dünyaca məşhur, iki milyarddan çox istifadəçiyə malik Feysbuk şirkətində çalışan azərbaycanlı Emil Məmmədov Publika.az-ın qonağı oldu.

Hazırda Danimarkada yaşayan həmyerlimiz Feysbuk şirkəti və oradakı mövqeyi ilə bağlı sualları cavablandırdı.

Müsahibəni təqdim edirik:

- Emil Məmmədov kimdir?

- Orta məktəbi Culfada bitirmişəm. Azərbaycan Dövlət Neft Akademiyasında bakalavr və magistr təhsili almışam. Paralel olaraq, London İmperial Collecdə magistr pilləsində oxumuşam. 26 yaşım var. Feysbuk şirkətində “control expert” (nəzarət mütəxəssisi) vəzifəsində işləyirəm. Danimarkada yaşayıram.

- Feysbukdan iş təklifini necə aldınız?

- Şirkətin işə qəbul prosesində vəzifələrə uyğun olaraq müsahibə mərhələlərinin sayı dəyişir. Müraciət etdiyim pozisiya üçün 8 intervyu, yəni 8 fərqli insanla görüşməli oldum. 5 mərhələdə texniki sahələri, 2 mərhələdə davranış qaydaları çərçivəsində yoxladılar. Bir mərhələdə isə kampaniyaya uyğun olub-olmadığımı araşdırdılar. Ümumilikdə proses 3 ay çəkdi.

- Azərbaycanlı olduğunuzu biləndə necə reaksiya verdilər?

- Feysbukda ən böyük şüarlardan biri “çeşidlilikdir”. Müsahibə mərhələsində icazə yoxdur ki, bir insanın milliyətini, mənsub olduğu ölkəni soruşasan. Və yaxud ailəli, subay, hansı dinə mənsub olduğunu sual verəsən. Bu, birmənalı olaraq qadağandır. Çünki belə suallar irqçiliyə qədər aparıb çıxarır. Mənim haralı olduğumu isə yalnız işə qəbul olduqdan sonra iş yoldaşlarım tanışlıq prosesində normal olaraq soruşdular.

- Ölkəmizi tanıdılar?

- Tanıyan da var, tanımayan da. Daha çox “Avropa Oyunları”, “Avroviziya”dan tanıyırlar. Söhbət edəndə coğrafi baxımdan bəxtsiz yerdə olduğumuzu müzakirə edirlər. Sərhədlərimizdə o qədər də keyfiyyətli ölkələr olmadığını deyirlər. O mənada ki, İran və Rusiyanı təhlükəli ölkələr kimi tanıyırlar. Türkiyə qeyri-stabil, Ermənistan da məlum məsələdir. Ancaq tariximiz, əhalimiz haqqında məlumatlar verirəm. Şərqdə ilk demokratik ölkənin bizdə yarandığını deyirəm.

- Feysbukda işləyən digər azərbaycanlılarla tanışlığınız varmı?

- Bildiyim qədərilə məndən başqa daha iki azərbaycanlı çalışır orada. Biri Amerikadadır, digəri Danimarkada. Danimarkadakı dostumuzla birlikdə London kollecində magistr oxumuşuq. İndi də yaxın münasibətdəyik. Amerikada yaşayan dostumuzla da qiyabi tanışıq. Bizdə şirkətdaxili ünsiyyət vasitələri var. Orada şirkətin işçiləri ilə ünsiyyətə giririk.

- İşiniz konkret olaraq nədən ibarətdir?

- Feysbukda hamı hər gün status, foto, informasiya paylaşır. Bu məlumatların hamısı şəbəkənin yaddaşına yazılır. Məsələn, kompüterdəki informasiyalar bərk diskdə saxlanılır. Feysbukda isə yaddaş terabaytları yüksək olduğundan bərk-disklər deyə bir şey yoxdur. İki-üç stadionun ərazisi boyda böyük yaddaş mərkəzləri tikilib. Həmin mərkəzlərin nəzarətindən məsul 25-30 nəfərdən ibarət komandalar var. Onlara nəzarətin öyrədilməsi, treninqlər keçirilməsi, həmçinin, mərkəzdə problem çıxan zaman komandanın bu problemi həll edə bilməməsi zamanı mən onlara köməklik göstərirəm.

- İş təklifini alanda hansı hissləri keçirdiniz? Düşünürdünüzmü ki dünyada o qədər insan var niyə məhz Azərbaycandan birini seçsinlər?

- İntervyunun nəticələrinə əsasən, uğurlu nəticə əldə edəcəyimi gözləyirdim. Xəbəri alanda özümlə qürur duydum. Ancaq o qədər də gözlənilməz xəbər deyildi mənim üçün. Alınacağını bilirdim.

Bizim xalq olaraq öhdəsindən gəlmədiyimiz bir bəlamız var: uşaqlarımızı özünəgüvənli şəkildə formalaşdıra bilmirik. Bu bəla ailədən gəlir və məktəb şəraitində davam edir. Bu fikir isə hər kəsdə var. Lakin demək istəyirəm ki, heç bir millətin digərindən üstünlüyü yoxdur. Sadəcə çalışqan insanlar var, çalışmayan insanlar var. Hazırda şirkətimizdə dünyanın hər yerindən: Belçikadan, Almaniyadan, Hollandiyadan, Hindistandan, Danimarkadan mühəndislər var. Mən isə Azərbaycandan getmişəm və onlardan müsahibələr, imtahanlar götürürəm, lazımi anda onlara köməklik göstərirəm. Bu, isə milliyyətdən asılı olan bir şey deyil. Mən müraciət edəndə də beynimdə belə bir fikir yox idi ki, mən azərbaycanlıyam, dünyanın hər yerindən oraya müraciətlər gedir, niyə məhz məni işə götürsünlər. Daha öncə də neft sahəsində işləyəndə bir nəfərlik vakant var idi. Və mən özümə inanırdım ki, o bir nəfər mən olacam. Niyə də başqası olsun? Bütün məsələlərin kökündə özünəinam dayanır. Bir də sevdiyin işlə məşğul olmalısan. Ya sevdiyin işi görməlisən, ya da gördüyün işi sevməlisən. Başqa cür insan nə xoşbəxt ola bilər, nə də uğur qazana. Bir insanın peşə seçimi ailə seçimi qədər önəmlidir. Həyat sıxıcı işlərlə məşğul olacaq qədər uzun deyil.

- Sirr deyilsə, məvacibinizi öyrənmək olar?

- Bu, mənim ən çox sevdiyim suallardan biridir. Ümumiyyətlə, Avropada ortalama maaş statistikası dəhşət yüksək deyil. Yəni orada aşağı və yuxarı təbəqə bir-birindən kəskin şəkildə fərqlənmir. İnsanların çoxu orta təbəqədə həyat sürür. Aylıq 3000-4000 avro kifayət edir ki, normal yaşayasan. Avropada maaşın 45-50 faizi vergiyə ödənir. Məsələn 8000 avro maaş alırsansa, bunun yalnız yarısı sənə qalır. Şirkət hər ölkənin yaşayış standartlarına uyğun olaraq maaş təyin edir. Hər mövqenin də özünə uyğun maaşı var. Dərəcə artdıqca maaş artır.

- Bir az da iş prinsiplərinizdən söhbət açın...

- Feysbuk şrikəti dünya miqyasında 2017-ci ilin ən yaxşı işə götürən kampaniyası seçilib. İş şəraiti isə dünyanın əksər kampaniyalarından tamamilə fərqlidir. İşçilərinə tam azadlıq verib. İerarxiya yoxdur. Kimdənsə asılı olmaq deyə bir şey yoxdur. Menecer-işçi münasibətləri tamamilə fərqlidir. “Menecer olmaq sadəcə sənin seçimimdir” şirkətin əsas şüarlarından biridir. Yəni menecer olmaq xüsusi bir şey deyil. Orada menecer-işçi münasibəti tərsinədir, yəni menecer işçidən, onun gördüyü işdən asılıdır. Menecerlərdə fikir elə formalaşıb ki, onlar işçilərinin uğurlarından asılı olaraq inkişaf edirlər. İşçinin işi nə qədər keyfiyyətli olsa, menecer bir o qədər qabağa gedir. Təməl fərq budur. Digər bir fərq isə hər kəsin ofisdə eyni mövqedə olmasıdır. Bu yaxınlarda şirkətin vitse-prezidenti Danimarkaya gəlmişdi. Mətbəxdə rastlaşdıq. İkimiz də kofe götürdük, söhbətləşdik, dedik-güldük, ailədən-uşaqdan danışdıq. Məndən hansı vəzifədə çalışdığımı soruşdu. Mən də ondan həmçinin. Cavab olaraq dedi ki, filan komandaya kömək edirəm. Mətbəxdən çıxıb gedəndən sonra bildim ki, sən demə, bu şəxs şirkətin vitse-prezidenti imiş. Yəqin ki, Mark Zukerberqin də ofisini görmüsünüz. Hər kəslə eyni ofis şəraitində, açıq ofisdə, yüzlərlə işçi ilə bərabır çalışır. Xüsusi bir otağı yoxdur. Bizdə isə, az qala, müdirin otağına qala qapısı qoyurlar. Çox istərdim ki, bizdə də bu psixologiya dəyişsin. Balaca bir idarənin kiçik vəzifəli işçisi özünü müdir pozisiyasında aparmasın. İnsanlar anlasın ki, hamımız eyniyik. Fərqli və üstün olduğumuz cəhətlər maddiyyatla deyil, mənəviyyatla əlaqəlidir.

- Yəqin ki, Feysbukun dünyanın ən yaxşı şirkətlərindən biri olmasının da səbəbi bu sadaladıqlarınızdır.

- Sözsüz ki. Şirkətdə qurulan sistemin nəticəsidir.

- Feysbukun işçiləri üçün hər hansı qadağa varmı?

- Sözsüz ki, var. Şirkətin ən böyük dəyər anlayışlarından biri şəxsiyyət azadlığıdır. Hamının hüquqları toxunulmazdır. Sənin qarşında homoseksual da, ateist də, müsəlman da ola bilər, geyim tərzi fərqli də ola bilər. Başqa bir etnik qrupun nümayəndəsi də ola bilər. Şirkətə də bu çeşidlilik lazımdır ki, açıqfikirli, demokratik kampaniya olduğunu sübut etsin.

Bundan başqa, hamıya hörmət etmək məcburiyyətindəsən. Bu, hər kəsin ən birinci vəzifəsidir. Bu da şirkətdə bərabərhüquqluluğu təmin edir. İşini bilmədiyinə və ya işində bir problem yarandığına görə, səni heç kim işdən çıxara bilməz. Ancaq etik qaydaları pozduğuna görə, səni rahatlıqla işdən ata bilərlər.

- Yəqin ki, ən yüksək maaşı Markın özü alır...

- O və onun kimi insanlar elə səviyyəyə gəlib çatıblar ki, artıq onlar pul üçün işləmirlər. Elə mən də ora pul qazanmaq üçün getməmişəm. Şəxsi ambisiyalarım, karyeram üçün ora getmişəm. Ona qalsa, burada daha çox pul qazanırdım. Bir yerdən sonra insan pula əhəmiyyət vermir. Hər şeyi pula görə ölçmək yalnız bizim tipdə olan cəmiyyətlərdədir. Mark ən yüksək maaşı belə alsa, əminəm ki, bu, onun heç vecinə də deyil. Çünki sürdüyü maşın elə vəziyyətdədir ki, ölkəmizdə heç kim özünü sındırıb o maşını sürməz. Geyimi ucuz, hər kəsinki kimidir. Lüks bir həyat tərzi də yoxdur. Gündə 15-16 saatını işə sərf edir.

- Bəs nə üçün çalışır?

- Məsələ gördüyün işdən zövq almaqdadır. Avropa düşüncəsində belədir ki, sən gördüyün işdən zövq almırsansa, yaxud pul xatirinə bir peşəni icra edirsənsə, axmaq hesab olunursan. O insanlara da hörmət etmirlər. Yəni sən pula görə işləyirsənsə, özünə hörmət etmirsən deməkdir. Özünə hörmət etməyənə də kimsə hörmət göstərmir. Bizdə dəyər saqqal, şortiklə ölçülür, onlarda insani keyfiyyətlərlə.

- Danimarka necə ölkədir?

- Sakit, təhlükəsiz. 5,5 milyon civarında əhalisi var. İnsanları mehribandır, köməkcildir. Təzə gedəndə tanımadığım yerləri soruşurdum. 15-20 dəqiqələrini ayırıb ətraflı izah edirdilər. Gedəcəyin yerə səninlə bərabər gedib göstərirdilər. Ölkə olaraq da sistem elə qurulub ki, insanların gələcəyi təminat altındadır. Onlarda “sabah nə olacam, bir az pul yığım” kimi düşüncə yoxdur. Maaşın yarısını dövlətə vergi şəklində ödəyir və arxayındır ki, gələcəkdə 2000-3000 avro təqaüd alacaq, dövlət evlə də təmin edəcək, xəstələnsə, pulsuz səhiyyə xidməti görəcək. Gənclərin təhsil alması üçün bütün universitetlər açıqdır. Dövlət də hər bir tələbəyə ayda 700 avro təqaüd verir. İnsanlar gələcəklərindən arxayındırlar.

- Orada nə qədər yaşamağı düşünürsünüz?

- Yəqin ki, növbəti bir-iki ili qalıb, sonra Amerika və ya Sinqapura getmək planım var. Daha sonra buraya qayıdacam.

- Bəs peşənizi hansı mərhələyə qədər aparmaq fikrindəsiniz?

- Feysbukda iki istiqamət var: menecment və mühəndislik. Yəqin ki, 3-4 il müddətinə mühəndislikdə qalıb, daha sonra istiqamətimi dəyişərəm.

- Azərbaycanın nəyi üçün darıxmırsınız?

- Tıxaclar üçün darıxmıram. Fikrimcə, burada həyatın bir neçə saatı boş yerə gedir. Bir də stressdən ötrü darıxmıram. Bakı olduqca stressli şəhərdir. İnsanlar öz həyatlarını buraxıb, başqalarının həyatını yaşamağa meyillidirlər.

ARDI VAR...

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR