Slimfit
  1. SİYASƏT

Fəxrəddin İsmayılov: AŞ PA rəhbərliyi Azərbaycana qarşı zaman-zaman baş qaldıran yanlış yanaşmalara müvafiq korrektələr etməlidir

Fəxrəddin İsmayılov: AŞ PA rəhbərliyi Azərbaycana qarşı zaman-zaman baş qaldıran yanlış yanaşmalara müvafiq korrektələr etməlidir
Sakura

Fəxrəddin İsmayılov: AŞ PA rəhbərliyi Azərbaycana qarşı zaman-zaman baş qaldıran yanlış yanaşmalara…

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə məruzəçiləri martın 25-də ölkəmizi hədəf alan növbəti bir bəyanatla çıxış ediblər.

Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov sözügedən bəyanat barədə Trend-in suallarını cavablandırıb:

- Fəxrəddin müəllim, bu bəyanatla bağlı münasibətinizi öyrənmək istərdik.

- Şübhəsiz ki, münasibətimiz belə bir qərəzli bəyanatı qəti şəkildə pisləməkdən ibarətdir və bu barədə kəskin etirazımız artıq AŞ PA rəhbərliyinə yazılı və şifahi formada çatdırılıb. Fürsətdən istifadə edib, bir daha dərin təəssüfümüzü bildirmək istərdik ki, AŞ PA-nın təqdim etdiyi platforma qarşılıqlı hörmətə söykənən dialoq və əməkdaşlıq üçün deyil, yenidən qərəzli qarayaxma kampaniyasının təşviqi məqsədilə istifadə edilir. Öz istək və seçimi əsasında Avropa Şurasına qoşulmuş Azərbaycan Respublikası hər zaman konstruktiv və məqsədyönlü əməkdaşlıq ruhuna uyğun bir davranış nümayiş etdirib, lakin eyni zamanda təzyiq və təhdidlər üzərində köklənmiş münasibətlər formasını birmənalı və qətiyyətli şəkildə rədd edib. Dövlət başçımız tərəfindən müəyyən edilmiş və müstəsna şəkildə milli maraqlarımız əsasında qurulmuş Azərbaycan Respublikasının xarici siyasəti yalnız bərabərhüquqlu bir münasibətlər sistemini qəbul edir. 25 mart tarixli bəyanatın timsalında görmək olar ki, həmin bəyanat müəllifləri özlərini demokratik cəmiyyətlər toplumunu təmsil edən bir Assambleyanın məruzəçiləri deyil, XIX əsrin müstəmləkə sisteminin nəzarətçiləri kimi davranmaq fikrinə düşüblər. Bu məruzəçilərin rolu yalnız mümkün olduqca xoşniyyətli tövsiyələr verməkdən ibarət olmalıdır və Azərbaycan onlardan öz rahat diyarlarında oturub, davamlı təhdidlər, o cümlədən hərbi işğal kimi bir ədalətsizliklə üzləşmiş ölkəmizə göstəriş və ya təlimatlar ünvanlamasını gözləmir və bu yanaşmanı açıq şəkildə rədd edir.

Bəyanatın mahiyyətinə gəldikdə isə həqiqətən, ağılasığmazdır ki, dünyanın əksər ölkələri kimi COVİD-19 virusunun yaratdığı ciddi təhlükə ilə üzləşmiş Azərbaycanda cəmiyyətimizin səfərbərliyi və milli həmrəyliyə arxalanan hökumətimizin genişmiqyaslı səylərini təqdir etmək və ona dəstək ifadə etmək əvəzinə bu məruzəçilər təhrif və şayiələrə əsaslanan yanaşmalarından əl çəkməmiş kimi görünürlər. Bu dardüşüncəli yanaşma təəssüf ki, həmin məruzəçilərin bəzi dairələrdə ani siyasi və mümkün digər dividendlər qazanmaq arzusundan xəbər verə bilər və hətta dünyanın üzləşdiyi humanitar fəlakətin belə onları bu “müqəddəs missiyadan” çəkindirmək üçün yetərsiz olduğunu göstərir. Digər yandan, AŞ PA məruzəçiləri, habelə ertəsi günü Avropa Şurasının İnsan hüquqları komissarı Azərbaycan hüquq-mühafizə orqanlarının daha çox gündəlik insani münasibətlər zəminində baş vermiş bir hadisə üzrə gördükləri qanunauyğun tədbirlərə siyasi don geyindirməyə cəhd ediblər. Dünyanın heç bir ölkəsində siyasi mənsubiyyət qanun qarşısında imtiyazlı bir rəftar üçün qanəatbəxş zəmin təşkil etmir və ölkəmizdə məhz qanunun aliliyinə uyğun olaraq, həmin şəxsə yalnız qanunvericiliyin tələbləri tətbiq edilib. Ümidvarıq ki, AŞ PA və eləcə də Avropa Şurasının digər təsisatları nəhayət 20 ilə yaxın üzvlükdən sonra Azərbaycanla müstəsna şəkildə qarşılıqlı hörmət üzərində qurulmuş bir dialoqun keçərli vasitə olduğu qənaətinə gəlmiş olacaqlar.

- Necə hesab edirsiniz, AŞ PA məruzəçilərinin bu sonuncu bəyanatı təşkilat ilə Azərbaycan arasında mövcud münasibətlərə təsir edə bilərmi?

- Ümumiyyətlə, qeyd olunmalıdır ki, nə ölkəmiz üzrə məruzəçilər, nə də ayrılıqda AŞ PA təşkilatın Azərbaycanla münasibətlərini müəyyən etmək səlahiyyəti və ya iqtidarında deyildir. Parlament Assambleyası regional təşkilat olan Avropa Şurasının üzv dövlətlərinin milli parlamentləri arasında bir əməkdaşlıq platformasını təşkil edir və vaxtaşırı müxtəlif məsələlər üzrə mövqeyini bildirir. Halbuki, Avropa Şurasının əsas işi geniş sahələri əhatə edən çoxşaxəli fəaliyyətlər üzərində qurulmuşdur və AŞ PA-nın yanaşmasından asılı olmayaraq, ölkəmiz milli maraqlardan çıxış edərək həmin fəaliyyətlərin əksətiyyətində ardıcıl surətdə iştirak etməkdədir. Lakin eyni zamanda bəzi AŞ PA üzvlərinin əsassız və qərəzli addımları Avropa Şurası ilə əməkdaşlığımızın dərinləşməsinə də xidmət etmir və bir çox hallarda formalaşmış müsbət dinamikalara kölgə salır. Hesab edirik ki, sonunda AŞ PA rəhbərliyi məsələni ciddi şəkildə analiz etməli və təsisat çərçivəsində ölkəmizə qarşı zaman-zaman baş qaldıran yanlış yanaşmalara müvafiq korrektələr etməlidir.

Hər bir halda Azərbaycan insan haqları və qanunun aliliyinə hörmət edən demokratik bir ölkədir və bəzi AŞ PA üzvlərinin vaxtaşırı qərəzli bəyanat və hücumlarına baxmayaraq, dövlət başçımızın müdrik rəhbərliyi altında Azərbaycan daha böyük tərəqqi və uğurları hədəfləyən davamlı inkişaf yolunda qətiyyətlə irəliləmək əzmindədir. Qarşıya qoyulan məqsədlərə nail olacağımıza heç kəs şübhə etməməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR