Fermerlərə bu halda subsidiya ödənilməyəcək - FƏRMAN
Azərbaycan Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilib.
"Ens.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Dəyişikliyə əsasən, indiyədək ayrılan subsidiya daxilində alınan gübrələrin və biohumusun dəyərinin 70 faizinin əkin subsidiyası hesabına ödənməsi və 30 faizinin isə fermer tərəfindən ödənməsi proseduru ləğv olunub.
Fərmana əsasən, təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılacaq. Fermerə verilən subsidiya vəsaiti 2 (iki) il ərzində istifadə edilmədikdə, bu barədə ona SMS və elektron poçt vasitəsilə bildiriş göndəriləcək. Bildiriş göndərildikdən sonra fermer 3 (üç) ay ərzində subsidiya vəsaitini istifadə etmədikdə, növbəti il üçün ona subsidiya ödənilməyəcək.
Eyni zamanda subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aşağıdakı ardıcıllıqla monitorinqlər aparılacaq:
- çarpaz – elektron bəyannamə məlumatlarının SİS-də olan digər məlumatlarla üzləşdirilməsi;
- yerüstü müşahidə – peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi;
- yerində müşahidə – seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, yaxud heyvandarlıq təsərrüfatlarında DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət