Slimfit
  1. CƏMİYYƏT

Fazil Mustafa işində təqsirləndirilən şəxslərin ifadələri: “Azər dedi, sənə şirinlik verəcəyəm”

Fazil Mustafa işində təqsirləndirilən şəxslərin ifadələri: “Azər dedi, sənə şirinlik verəcəyəm”
Sakura

Fazil Mustafa işində təqsirləndirilən şəxslərin ifadələri: “Azər dedi, sənə şirinlik verəcəyəm”

Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Ens.az Apa.az-a istinadən xəbər verir ki,Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən iclasda təqsirləndirlən şəxslər ifadə veriblər.

Təqsirləndirilən Səbuhi Şirinov ifadəsi zamanı Fazil Mustafanı dindarları təhqir etdiyi üçün öldürmək istədiyini deyib:

“Fazil Mustafanın çıxışlarında şiələri “aşura günü ağlayanlar ulaşırlar” kimi qələmə verməsi, Xətai və Füzulini cahil adlandırması və “kişilər də ağlayar?” deməsi məni hiddətləndirdi. Peyğəmbər belə ağlayıb. Ağlamaq insana məxsus hissdir. Mən Azərlə bu məsələ barədə danışdım. Elşaddan xahiş etdim ki, məni əraziyə aparsın. İstədim, bıçağı soxam böyrəyinə ki, dilini dinc saxla. Sonra avtomatla getdim əraziyə. 25-30 metrdən atəş açdım. Sonra Azərə zəng etdim. Maşınla harasa gedirdik, Azər hara getdiyimizi demədi. “Sədərək” yolunda bizi saxladılar, apardılar şöbəyə. Əsgərlikdə xüsusi təyinatlı olmuşam.

Daha sonra dövlət ittihamçısı təqsirləndirilən S.Şirinova suallar ünvanlayıb. Dövlət ittihamçısı silahı kimdən aldığını və evin ünvanını kimdən öyrəndiyini soruşub.

“Evin yerini Elşad mənə demişdi. Silahı isə Azərdən almışdım. Nə vaxt aldığım yadımda deyil. Hadisədən sonra da Azərə təhvil verdim. Daraq tam dolu idi. Üç-dörd dəfə evinin yanına getmişdim. Onun tək olmağını müşahidə edirdim. Hadisədən sonra soyuqqanlı şəkildə çıxıb getdim”, - S.Şirinov deyib.

Daha sonra hakim təqsirləndirilən S.Şirinovun Azər Səricanovdan pul alıb-almadığını soruşub.

“Azər dedi, sənə şirinlik verəcəyəm. Pulu alanda saymadım”.

Səbuhi Şirinovdan sonra digər təqsirləndirilən Elşad Əsgərov ifadə verib. O, ifadəsi zamanı bıçağın sümüyə dirəndiyi üçün etdiyini deyib:

“Ömürboyu davakar olmamışam. Həmişə sülh tərəfdarı olmuşam. Heç kimə fikirlərinə görə qarşı olmamışam. Bu insanın təhqirləri bir deyil, iki deyildi. Mən bilirdim ki, həmin şəxs deputatdır. Bizi təhrik etməsə, etməzdik. 2010-cu ildən namaz qılıram. Bizə qaragüruh deyirlər. İttihamda İranda səkkiz dəfə olmağım qeyd edilib. Onda da səhər gedib, axşam qayıtmışam. Ona qalsa, Rusiyaya da beş dəfə getmişəm. Ancaq Rusiyaya getməyimi soruşan olmayıb. Bu işə görə mənə nə vəd verilmişdi, nə də pul verilmişdi”.

Daha sonra hakim Elnur Nuriyev təqsirləndirilən E.Əsgərovun istintaqa verdiyi ifadəni elan edib.

“Səbuhi ilə məclislərin birində tanış oldum. Məclisdən çıxanda məndən xahiş etdi ki, onu evə aparım. Mənə Fazil Mustafanı vurmaq istədiyini dedi. Mən də dedim ki, onun evini tanıyıram. Evə gələndən sonra düşündüm ki, həqiqətən, bunu etməkdə ciddidir, ya yox. Bir dəfə Səbuhi mənə zəng etdi. Dedi ki, onlara gedim. Onlara gedəndə evdə ondan başqa heç kim yox idi. Evin qonaq otağında mənə silahı göstərdi. Bir neçə dəfə Səbuhini əraziyə aparmışam. Bir gün Səbuhi mənə zəng etdi, iftardan sonra Fazil Mustafanın evinin yanına gedəcəyini dedi. İftardan sonra Səbuhi ilə əraziyə getdik. Mən onu düşürüb, başqa ərazidə gözləməyə getdim. Onu gözləyəcəyim yerdə maşının arxa oturacağında uzanıb gözləyirdim. Birdən Səbuhi maşına mindi. Dedi, sür, gedək. Yolda olanda dedi ki, Fazil Mustafanı vurdum. Mən həyəcanlandım. Səbuhi Fazil Mustafaya doqquz dəfə atəş açdığını dedi. Qorxdum. Səbuhi dedi ki, zikr elə, sakitləş. Hadisədən üç gün sonra yenə Səbuhi məni onlara çağırdı. Onu təbrik etdim. Hər ikimiz hadisədən sevinirdik”.

Daha sonra iş üzrə sonuncu təqsirləndirilən şəxs Emin Əliyarov ifadə verib. O hadisədən xəbərsiz olduğunu, sadəcə, Azər Səricanovun ona silah verdiyi üçün tutulduğunu deyib:

“Azəri 20 ildir, tanıyıram. Hadisədən iki gün sonra Azər bizə gəlmişdi. Mənə tilov çantası gətirmişdi. Əlimə alanda gördüm, ağırdır. Gətirdiyi şeyin nə olduğunu demədi. O gedəndən sonra açdım, baxdım ki, silahdır. Əgər idman çantasında gətirsəydi, heç açıb baxmazdım. Polis də gələndə deyərdim, heç nə yoxdur. Özümü qismən təqsirli bilirəm. İttihamda deyilir ki, qabaqcadan əlbir olmuşam. Mənim hadisədən ümumiyyətlə xəbərim olmayıb. Silahın da o işdə istifadə edildiyindən xəbərim olmayıb”.

Prokuror E.Əliyarova hadisədən necə xəbər tutduğunu soruşub.

“Azəri, dediyim kimi, 20 ildir, tanıyıram. Silahı gətirəndə Azər dedi, Fazilin işini biz eləmişik. İnanmadım. Dedim, bu belə iş tutmaz. Fazilə qarşı mənim də etirazım vardı. Ancaq onu vurmaq və ya qorxutmaq barədə düşünməmişəm”.

Növbəti məhkəmə iclası martın 15-nə təyin edilib.

Qeyd edək ki, faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil veriliblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR