Əsl müəllim həmişə nümunəvi vətəndaş, yaxşı şagird yetişdirməyə çalışır
Azərbaycan cəmiyyətində müəllim peşəsi həmişə hörmətli, sayılıb-seçilən peşələrdən olub. Gənc nəslin müstəqil həyata hazırlanması, onun dünyagörüşünün formalaşması, yəni gələcək mütəxəssisin ilk hazırlığı orta məktəb illərindən başladığı üçün hər bir valideyn məktəb yaşına çatmış övladını müəllimə etibar edir. Əsl müəllim isə həmişə nümunəvi vətəndaş, yaxşı şagird yetişdirməyə çalışır. Peşəsinə sadiq olan belə müəllimlərdən biri də Ramiz müəllimdir.
AZƏRTAC xəbər verir ki, 1956-cı ildə Tovuzun Qaraxanlı kəndində dünyaya gələn Ramiz Bağırov çoxuşaqlı ailənin tək övladı olub. 1973-cü ildə Azərbaycan Pedaqoji Universitetinin kimya fakültəsinə qəbul olunan Ramiz müəllim ali məktəbi fərqlənmə diplomu ilə bitirib. 1977-1980-ci illərdə Oğuz rayonunda müəllim işləsə də, 1980-ci ildə doğma Tovuza qayıdıb. Hazırda Qaraxanlı kənd məktəbində kimya müəllimi və direktorun müavini vəzifəsində çalışan Ramiz Bağırovun yetişdirdiyi şagirdlər ölkənin müxtəlif nüfuzlu ali məktəblərinin məzunlarıdır. Respublikamızı müxtəlif ölkələrdə uğurla təmsil edirlər.
Ulu öndər Heydər Əliyevin “Müəllimlik sənəti, peşəsi cəmiyyətdə ən yüksək qiymətə layiq olan bir peşədir. Müəllim olmaq kimi şərəfli bir iş yoxdur” sözləri bu peşəyə verilən ən böyük qiymətdir desək yanılmarıq. Müəllim nüfuzunu, ilk növbədə, müəllim özü qazanmalıdır... Ramiz müəllim də bu nüfuzu, hörməti özü qazanıb. Rayon ictimaiyyəti, o cümlədən kənd sakinləri arasında böyük hörmətə malik olan Ramiz müəllim şagirdlərini öz övladları qədər çox sevir. Bildiklərini onlara həvəslə öyrədir, onların uğurlarını görəndə isə fərəhlənir.
Yaxın günlərdə məktəblərdə “Son zəng” çalınacaq. Məktəblərdə bir canlanma, şagirdlərdə sevinc dolu bir nisgil hiss olunur. Onbirincilər bu günə xüsusi hazırlaşırlar. Şeir axtarıb tapan kim, mahnı yazdıran kim, ssenari quran kim… Hər il olduğu kimi, builki məzunlar arasında da Ramiz müəllimin şagirdləri var. Kim bilir, bu məzunlar arasında hər il olduğu kimi neçə-neçə ixtisaslı kadrlar yetişəcək...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət