Ermənistanın işğalı altındakı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyət barədə məruzə BMT TŞ-in…
“Azərkosmos” ASC-nin və Azərbaycan XİN-in “Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyət: peyk çəkilişlərinin məlumatları” adlanan birgə məruzəsi Baş Assambleyanın və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb və BMT-nin saytında yerləşdirilib.
Trend-in məlumatına görə, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT-nin Baş katibinə, Baş Assambleyanın sədrinə və Təhlükəsizlik Şurasının sədrinə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən davam edən hərbi işğalının təfərrüatlarını, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini pozmasına münasibətdə beynəlxalq birliyin mövqeyini əks etdirən, həmçinin “Azərkosmos” ASC-nin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin “Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyət: peyk çəkilişlərinin məlumatları” adlanan birgə məruzəsini BMT-yə üzv dövlətlərin diqqətinə çatdıran məktub ünvanlayıb.
Yaşar Əliyevin birgə məruzəyə, BMT TŞ-nin qətnamələrinə və ATƏT-in Azərbaycanın işğal edilmiş ərazilərində faktların müəyyən edilməsi və dəyərləndirilməsi üzrə missiyasının hesabatlarına istinadların daxil edildiyi məktubu Birləşmiş Millətlər Təşkilatının saytında yerləşdirilib (https://undocs.org/A/73/881).
Y.Əliyev BMT-nin struktur rəhbərlərinə müraciətində yazır ki, yuxarıda xatırladılan məruzədə Ermənistanın işğal etdiyi Azərbaycan Respublikası ərazilərində dayandırılmayan fəaliyyətindən, azərbaycanlıların çıxarıldıqları ərazilərdə mühacirlərin yerləşdirilməsi; təbii, kənd təsərrüfatı və su ehtiyatlarının talanması və istismarı, infrastrukturun dəyişdirilməsi, tarixi və mədəni irs abidələrinin dağıdılması və təhqir edilməsi haqqında təkzibedilməz sübutlar göstərilir.
Qeyd olunur ki, Ermənistanın bu qeyri-qanuni fəaliyyəti beynəlxalq hüquq normalarına əsasən qadağan edilməsinə, beynəlxalq birlik tərəfindən bundan əvvəlki xəbərdarlıqlara, tələblərə və qınaqlara baxmayaraq, sülh prosesi pərdəsi altında həyata keçirilir.
Azərbaycanlı diplomat qeyd edir ki, Təhlükəsizlik Şurası öz qətnamələrində Azərbaycana qarşı güc tətbiq edilməsini pisləyib, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, həmçinin beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazilərin ələ keçirilməsi üçün güc tətbiq edilməsinin yolverilməz olduğunu təsdiqləyib.
Ermənistanın ərazi iddialarına və güc tətbiq etməklə bağlı hərəkətlərinə cavab olaraq, TŞ Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasının ayrılmaz hissəsi olmasını bir daha təsdiqləyib və işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Məktubda deyilir ki, digər beynəlxalq təşkilatlar da analoji mövqeni tutublar.
Beynəlxalq birlik azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaq hüququnu dəfələrlə təsdiqləyib. Bu hüququn erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam çıxarılması ilə bir sırada həyata keçirilməsi münaqişənin beynəlxalq hüququn müddəalarına uyğun olaraq danışıqlar yolu ilə nizamlanmasının əsas elementi və mütləq şərtidir.
Azərbaycan Hökumətinin xahişi ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) 2005-ci və 2010-cu illərdə Azərbaycanın işğal olunmuş ərazilərində faktların müəyyən edilməsi və dəyərləndirilməsi üzrə missiyalar keçirib. Bu missiyaların apardıqları işin yekununa görə ATƏT-in Minsk qrupunun həmsədrləri “Azərbaycanın işğal olunmuş ərazilərinin bundan sonra hər hansı şəkildə məskunlaşdırılmasına qarşı çıxış ediblər” və “tərəfləri təkidlə ...regionun strukturunda demoqrafik dəyişikliklərdən” və “bu rayonların son nizamlanmasına və ya xarakterinin dəyişdirilməsinə ziyan vuracaq hər hansı fəaliyyətdən çəkinməyə çağırıblar”. ATƏT-in rəhbərliyi ilə sonuncu missiyanın keçirilməsindən doqquz il ötür.
Azərbaycanın BMT yanında daimi nümayəndəsi qeyd edir ki, lakin yuxarıda xatırladılan birgə məruzədən və digər mənbələrdən göründüyü kimi, işğal edilmiş ərazilərdə qeyri-qanuni fəaliyyət nəinki davam edib, hətta bu dövr ərzində fəallaşaraq genişləndirilib. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin koloniyalaşdırılmasına və ilhaqına yönəlmiş bu siyasəti və praktikası beynəlxalq hüququn açıq-aşkar pozulmasını ifadə edir, öz yurd-yuvasından qovulmuş yüz minlərlə insanın hüquq və azadlıqlarını tapdalayır, regionda sülhə, təhlükəsizliyə və sabitliyə bilavasitə təhdid yaradır.
Yaşar Əliyevin sözlərinə görə, aşkardır ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaşayan ermənilərin sayını süni şəkildə artırmaqla orada əhalinin demoqrafik tərkibini dəyişmək və azərbaycanlı məcburi köçkünləri öz doğma yurd-yuvalarına qayıtmalarına imkan verməmək cəhdləri, həmçinin bu ərazilərdə təbii və digər ehtiyatların istismarı, əmlakın məhv edilməsi və mənimsənilməsi münaqişənin sülh yolu ilə həllinə nail olmaq hədəflərinə əsla uyğun gəlmir.
Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq birlik Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə, xüsusən də işğal etdiyi Azərbaycan ərazilərində birtərəfli şəkildə demoqrafik, iqtisadi, sosial və mədəni xarakterli dəyişikliklərə istiqamətlənmiş qeyri-qanuni fəaliyyətinin dərhal, tamamilə və qeyd-şərtsiz dayandırılmasına və bu ərazilərdən geri çəkilməsinə ciddi şəkildə riayət etməsinin təminatına görə ümumilikdə məsuliyyət daşıyırlar.
“Qeyri-qanuni gücün tətbiqi və onun müvəqqəti və qeyri-sabit hərbi nəticələri problemin həlli deyildir, Ermənistan öz təcavüzünü dayandırmağa və Dağlıq Qarabağ regionundan və ölkəmizin işğal edilmiş digər ərazilərindən getməyə məcbur olacaq”, - deyə Azərbaycanlı diplomat qeyd edir.
Sonda Y.Əliyev məktubu Baş Assambleyanın gündəliyinin 35-ci və 41-ci bəndləri üzrə sənədi kimi və Təhlükəsizlik Şurasının sənədi qismində yayılmasını xahiş edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət