"Ermənistan üzərindəki "xarici təzyiqləri azaltmağın ən etibarlı yolu - Dağlıq Qarabağ məsələsinin həllini…
Ermənistan baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri John Boltonla görüşün "çox pozitiv atmosferdə" keçdiyini qeyd edib.
"Hesab edirəm ki, Ermənistan-ABŞ münasibətlərini yeni səviyyəyə qaldırmaq üçün real imkan var. Və biz bu imkandan istifadə edərik", - Ermənistan baş naziri yazıb.
John Boltin Qafqaz turu çərçivəsində Ermənistana Bakıdan çərşənbə günü axşam gedib.
Ermənistan paytaxtında o, Ermənistanın baş naziri, prezidenti, xarici işlər, müdafiə nazirləri və milli təhlükəsizlik katibi ilə görüşüb.
Görüşlərdən sonra cənab Bolton ABŞ-ın Ermənistandakı səfirliyində təşkil edilmiş brifinqdə jurnalistlərin suallarına cavab verib.
ABŞ silahının Ermənistana və Azərbaycana satılması ehtimalına dair
Qarabağ münaqişəsi tərəflərinə silah satmaq haqqında qərar hazırkı zamanda yoxdur. Bunu cənab Bolton ABŞ administrasiyasının 907-ci düzəlişə dəyişiklik etmək haqqında qərar qəbul edilməsi ehtimalına dair suala cavabında deyib.
Azadlıq Aktının sözügedən 907 saylı düzəlişi münaqişə vəziyyətində olan ölkələrə silah satışını qadağan edir.
"Hazırda elə qərar yoxdur. Mən nə qərar qəbul ediləcəyini proqnozlaşdıra bilmərəm. Lakin hazırda vəziyyət belədir: Ermənistan öz silahlarını Rusiyadan əldə edir, Azərbaycan da silahlarının 80 faizini Rusiyadan alır. Bu, əlbəttə, münaqişənin tənzimlənməsinə xidmət etmir və Rusiyaya münaqişə tərəflərinə güclü təsir imkanı verir", - ABŞ prezidentinin müşaviri deyib.
Eyni zamanda cənab Bolton suala konkret cavab verməyib. Deyib ki, onun ölkəsi rəqabəti inkişafı hərəkətə gətirən amil kimi nəzərdən keçirir və əlavə etdi ki, "hər halda, Amerika silahı Rusiya silahından daha yaxşıdır, lakin bu məsələ qanunlarımız çərçivəsində nəzərdən keçirilməlidir".
Qarabağ tənzimlənməsinə dair
Cənab Boltonun sözlərinə görə, problemin həlli mürəkkəbdir və əgər asan olsaydı, artıq həll olunmuş olardı.
"Mən bu səfərimdə ABŞ siyasətinin bu məsələdə dəyişdiyi bəyan etmək, yaxud yeni həll variantları təklif etməyə gəlməmişəm. Şübhəsiz, tərəflər bir-biri ilə işləməli və həll tapmalıdırlar. Mən sələflərimdən biri, James Baker-in başqa bir münaqişə ilə bağlı sözlərini xatırlamaq istərdim: heç kəs münaqişə tərəflərinin özlərindən çox sülh istəmir", - John Bolton deyib. [James Baker - prezident Ronald Reagan administrasiya rəhbəri - BBC]
Onun sözlərinə görə, Ermənistan üçün öz üzərinə "xarici təzyiqləri azaltmağın ən etibarlı yolu - Dağlıq Qarabağ məsələsinin həllini təmin etməkdir".
Bu baxımdan, ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri John Bolton dekabrda Ermənistanda nəzərdə tutulan növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın ehtimal olunan qələbəsi sayəsində "qətiyyətli addımlar üçün güclü mandat" əldə edəcəyini bildirib.
"İctimai rəy proqnozları [Ermənistanda] təsdiqlənsə, seçkilərdən sonra baş nazir bir sıra qətiyyətli və həlledici addımlar və Qarabağ məsələsinin tənzimlənməsi üzrə səylərin gerçəkləşdirilməsi üçün çox güclü mandat əldə edər", - deyə, cənab Bolton əlavə edib ki, "belə hazırlıq olduğu halda, biz də çalışmalıyıq ki, Azərbaycan tərəfindən də uyğun reaksiya olsun".
Onun sözlərinə görə, tərəflər heç bir məhdudiyyət olmadan müxtəlif məsələlər müzakirə edə bilər.
"Və bu, o demək deyil ki, nəticədə təqdim edilən hər hansı təklif mütləq qəbul olunmalıdır. Lakin onların müzakirə edəcəkləri heç cür məhdudlaşdırılmamalıdır".
Mənbə: BBC.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət