Ermənistan rayonlarımızı qaytaracaqmı? – Şərh
Ermənistan növbəti dəfə qeyri-konstruktiv mövqe nümayiş etdirməkdən çəkinmədi. Rəsmi İrəvan beynəlxalq hüququn norma və prinsiplərinə açıq-aşkar şəkildə hörmətsizlik nümayiş etdirir.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O qeyd edib ki, 1945-ci il BMT Nizamnaməsi, 1975-ci il ATƏT-in Helsinki Yekun Aktı və 1990-cı il Paris Xartiyası sənədlərinə birmənalı şəkildə riayət etmək öhdəliyini üzərinə götürən Ermənistan Respublikası qonşu Azərbaycana qarşı hərbi gücdən istifadə etməklə onun beynəlxalq tanınmış torpaqlarının beşdə birini işğal edib və bu ərazilərdə yaşayan bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyub:
“Belə bir vəziyyətdə işğalçı ölkə olan Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan danışıqlar prosesini imitasiya edir və münaqişənin həll olunması üçün konkret addımlar atmaqdan boyun qaçırır”.
Qeyd edək ki, aprelin 21-də Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan və Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov arasında ortaq video-konfrans keçirilib. Müzakirələrdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib.
ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Endryu Şofer - ABŞ) mart ayının ortalarından etibarən uzaqdan tez-tez məsləhətləşmələr aparıblar.
XİN rəhbərləri arasında keçirilən müzakirələr zamanı iştirakçılar qlobal səhiyyə böhranının regiona təsirini və regiondakı son hadisələri müzakirə ediblər. Onlar, həmçinin yanvarın 30-da Cenevrədə verilmiş birgə bəyanata uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı növbəti addımları nəzərdən keçiriblər. Qeyd olunub ki, nazirlərin üzbəüz görüşləri və Cenevrədəki razılaşmaya uyğun olaraq həmsədrlərin bölgəyə səfərləri təxirə salınıb. Buna baxmayaraq, bu məsələlərin həyata keçirilməsi üçün lazımi işlər davam etdirilir. Bəyanatda həmsədrlər atəşkəs rejiminə ciddi şəkildə əməl olunmasının və mövcud vəziyyətdə təxribatçı hərəkətlərdən çəkinməyin vacibliyini vurğulayaraq, tərəfləri gərginliyin daha da azaldılması üçün tədbirlər görməyə çağırıblar.
Bundan əlavə, tərəflər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin hazırkı şəraitdə davam etdirdiyi işlərdən məmnun olduqlarını bildirib, monitorinqlərin mümkün qədər tez bərpa edilməsinin vacibliyini vurğulayıblar.
Bununla yanaşı, Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov 21 aprel tarixində keçirdiyi video-konfrans zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara dair bəyanat da səsləndirib. Bəyanatda münaqişəsinin həllində mərhələli yanaşmanın tətbiq olunması vurğulanıb. Lakin ardınca Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan əraziləri boşaltmaq fikrində olmadıqlarını qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət