Slimfit
  1. AZƏRBAYCAN

Ermənilərin Xocalıdan 8 il öncə yox etdiyi Azərbaycan kəndi hansı olub?..

Ermənilərin Xocalıdan 8 il öncə yox etdiyi Azərbaycan kəndi hansı olub?..
Sakura

“5 ay keçəndən sonra Avakyan işi tamam xitam elədi, Azərbaycan Respublika Prokurorluğu da susdu...”

Xocalı faciəsindən düz 8 il öncə, yəni 1984-cü ildə, el dilində desək, hələ “dünyanın guya düz vaxtında” ermənilər tərəfindən Azərbaycanın bir kəndi tamamilə yer üzündən silinib. Həmin kəndin adını yalnız  ömrünün yetkin illərini Dağlıq Qarabağ və ya Ağdam rayonunda yaşamış azərbaycanlılar bilər...

Moderator.az əməkdaşı həmin kəndin adına Xocalı soyqırımıyla bağlı 26 il öncə yazılmış rəsmi bir sənəddə rast gəlib. Məhz bu diqqətəlayiq fakt bizi həmin sənədi bütövlükdə oxucularımızın müzakirəsinə buraxmaq qərarına gəlməyə vadar etdi. Söhbət   1993-cü il fevralında  Milli Məclisin iclasında qəbul ounmuş “Azərbaycan Respublikası Milli Məclisinin Dağlıq Qarabağda, o cümlədən Xocalıda törədilmiş soyqırımı hadisələrini aydınlaşdıran deputat istintaq komissiyasının RƏYİ”ndən gedir. Hələlik sənəd müəlliflərinin, komissiya üzvlərinin adlarını çəkməyəcəyik. Təbii ki, bilənlər biləcək. Ancaq ümumi oxucu kütləsi kimisə təbliğ etmək məqsədi güddüyümüzü düşünməsin deyə, həmin adları sonda açıqlayacağıq. Deyə bilmərik ki,  DEPUTAT-İSTİNTAQ KOMİSSİYASININ RƏYİndə Xocalı və 1988-1992-ci illərdə Qarabağda və  ümumiyyətlə, Azərbaycanda yaşanmış ictimai-siyasi və hərbi olaylar tam obyektiv əks etdirilib.  Lakin 26 il əvvəl  neçə-neçə insanın zəhməti sayəsində qəbul olunmuş və  bəhs edilən faciələr barədə ilk rəsmi sənədlərdən olan həmin sənədi yenidən ictimaiyyətin müzakirəsinə çıxarmaq hələ də bir sıra məqamları qaranlıq qalan Dağlıq Qarabağ hadisələrinin və xüsusən, bu günlərdə növbəti 27-ci ildönümünü yaşayacağımız Xocalı faciəsinin bəzi gizlinlərinin üzə çıxmasına səbəb ola bilər. Bu sənəd son iki onillikdə, demək olar ki, qəzet və saytlarda dərc edilməyib, ictimailəşdirilməyib. Mümkündür ki, 25-26 il öncə sözügedən rəylə tanış olmuş adamlar, o cümlədən tanınmış siyasət nümayəndələri, ziyalı,  hərbçi və qazilər, hətta sənəd müəlliflərinin özləri belə, bu gün həmin sənədi yenidən nəzərdən keçirdikdən sonra hansısa fakt, olay, məqam, proses barədə tamamilə fərqli şərhlər versin. Öncədən bildirək ki, oxucuların, həmçinin materialda adları çəkilən şəxslərin, o dövr olaylarının şahidi olmuş hər bir kəsin fikir və mülahizələrini də  təqdim etməyə hazırıq.

Beləliklə, sözügedən materialı müzakirənizə təqdim edirik:

“Hörmətli Milli Məclis!  Bugünkü hesabatımızın bilavasitə əsas mövzusuna keçməzdən öncə ümumi qayda haqqında bir-iki mülahizəmizi söyləyək.

Nədənsə biz Dağqlıq Qarabağ problemi haqqında danışanda, adətən, sözümüzü 1988-ci ildən başlayırıq. Amma bizə elə gəlir ki, son dövrdə erməni millətçilərinin aktiv fəaliyyəti öz mənbəyini 1984-cü ildən götürür. Əsgəran Rayon Partiya Komitəsinin birinci katibi Qriqoryanın və  DQMV Daxili İşlər İdarəsinin rəisi Ağacanyanın bilavasitə rəhbərliyi ilə Azərbaycan kəndi Pirəməkinin yer üzündən tamam silindiyi gündən başlayır. Onlar əvvəlcə orada yaşayan 60 azərbaycanlı ailəsinin hamısını, mal-qarasını əllərindən alıb zorla kənddən köçürdülər, sonra da buldozer saldırıb evlərini uçurdular, yerlə-yeksan elədilər. Söz yox ki,  o vaxt sırf rəsmiyyət xatirinə cinayət işi qaldırılmışdı. Amma heç bir istintaq aparılmadı və 5 ay keçəndən sonra Avakyan işi tamam xitam  elədi. Lakin Azərbaycan Respublika Prokurorluğu da susdu və cinayətkarlar cəzasız qaldılar...

Burada “iştaha diş altındadır” zərb-məsəli dərhal yada düşür. Yəni əgər o vaxtlar respublika rəhbərliyi qətiyyət, prinsipiallıq göstərsəydi, əgər respublikanın hüquq-mühafizə orqanları öz elementar vəzifə borclarını vicdanla yerinə yetirsəydilər, onda bölgədəki hadisələrin inkişafı bəlkə də başqa cür ola bilərdi. Lakin Azərbaycan Respublikasının rəhbərliyi əzəlki vərdiş elədikləri vəziyyətdə idilər. Yəni üzü - Moskvaya- mərkəzə, arxası isə öz xalqının ehtiyaclarına, dərd–sərlərinə, ağrı-acılarına, onun yaralarına çevrilmişdi. Kimin nə vecinə idi Allahın qəhrinə gəlmiş Pirəməki kəndi xaraba qaldı, qalmadı, camaatı didərgin salındı, salınmadı? Onların daha vacib işləri var idi - yalan raportlar, şişirdilmiş rəqəmlər,  kağız üzərində xalqın gündən-günə  yüksələn firəvan güzəranı, qonşularla sarsılmaz dostluq, qardaşlıq, bir sözlə: “Kür, Araz, Ararat, gözəldir bu həyat!..”

Pirəməki kəndinin başına gələnlər Kamran Bağırovun siyasi tərcümeyi-halında ləkəli bir fakt oldu. Onun havadarlığı nəticəsində yüzlərlə günahsıza qarşı törədilmiş cinayət cəzasız qaldı...

Keçmiş başqa bir rəhbərimizin –Əbdürrəhman Vəzirovun da tərcümeyi-halından yalnız bircə faktı yadımıza salaq. O vaxtlar ki, xalqımız yüz minlərlə adam Topxananı müdafiə şüarı ilə nalə çəkərək şəhərlərimizin meydanlarına axışırdı, o vaxtlar ki, 200 mindən çox soydaşımız Ermənistandan, öz doğma torpaqlarından qovulmuşdu, didərgin salınmışdı, təxminən elə ilin bu çağı, Vəzirovun yüksək vəzifəli qulbeçələri hansısa demoqrafik nisbiliyi saxlamaq xatirinə  on minlərlə azərbaycanlını Dağlıq Qarabağ torpağına buraxmadılar.  Təsəvvür edin: azərbaycanlılara ÖZ DOĞMA TORPAQLARINDA yurd, məskən salmağa icazə vermədilər! Vəzirov bunu bilərəkdən də eləsə, bilməyərəkdən də eləsə, bu hadisə onun sonrakı Qarabağ hadisələrinə şəxsi əlavəsi oldu. Bu, öz xalqına qarşı edilən cinayət deyilmi?..

Xocalı faciəsi isə sabiq prezidentimiz Ayaz Mütəllibovun siyasi tərcemeyi-halına yazılıb.

Gəlin, çox yığcam şəkildə respublikanın  Xocalı faciəsindən əvvəlki ictimai-siyasi həyatının siyasi panoramasına nəzər salaq.

1985-ci ilin aprelində və ondan sonra SSRİ rəhbərləri yeni siyasi şəraitdə bütün dünyaya  totalitar rejimə son qoyulması barədə car çəksələr də, əslində faktiki olaraq onunla necə-lazımdı haqq-hesab üzməyi bacarmadılar, yaxud istəmədilər. Totalitarizm qaldı, o yalnız adını dəyişdi(SSRİ-də  çoxlarının elədiyi kimi). 1988-ci il dekabrın 4-dən 5-ə keçən gecə, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə azərbaycanlılar üçün bu faktın gerçəkliyinin faciəli təsdiqi öz əksini tapdı. Məhz buna görə də respublikamızda ümumxalq demokratik hərəkatı peyda oldu və gündən-günə genişlənərək kütləvi xarakter aldı. Bizim rəhbərlik o vaxtlar tarixdə hələ heç kəsin edə bilmədiyini eləmək, yəni eyni anda iki stulda əyləşmək istədi; istədi ki, həm yeni mərkəzi qəzəbləndirməsin, həm də təntənə ilə özünün demokratiyaya can atdığını bəyan etməklə öz xalqı ilə əlaqəsini itirməsin. Təkrar edirik: bunu hələ heç kim bacarmayıb. Bizim rəhbərlik də bacarmadı; hələ üstəlik, bu övqat tədricən əks nəticə verməyə başladı, bu da təbidir ki, sözlə əməli iş düz gəlməyəndə respublikada dövlətlə ictimaiyyət arasında qarşısıalınmaz uçurum  yarandı, hökumətlə sadə xalq biri-birinə yad oldu. Gərginlik əmələ gəldi, havada xeyli müddət “tufanqabağı” vəziyyət yarandı. Buna dəhşətli iqtisadi şəraiti, xalqın rifahının gündən-günə pisləşməsini və ermənilərin Qarabağ təcavüzünü də əlavə eləsəniz –hekayət tamamlanar...”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR