Slimfit
  1. MEDİA

Ermənilərin başına pul qoyduğu snayper qadın: “Partlatdığım maşında 20 erməni əsgəri ölmüşdü”

Ermənilərin başına pul qoyduğu snayper qadın: “Partlatdığım maşında 20 erməni əsgəri ölmüşdü”
Sakura

Ermənilərin başına pul qoyduğu snayper qadın: “Partlatdığım maşında 20 erməni əsgəri ölmüşdü”

Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə, torpaqlarımızın ermənilərdən müdafiəsinə qadınlarımız da öz töhfələrini veriblər. Milli Qəhrəmanlardan Salatın Əsgərova, Gültəkin Əsgərova, habelə digər xanımlar belə şəxslərdəndir.

Qarabağ savaşında snayper olmuş, 40 yaşında cəbhəyə könüllü yollanmış Növrəstə Yusifova isə qanlı müharibənin canlı şahidlərindəndir. Növrəstə Yusifova Publika.az-a müsahibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəsindən danışdı.

“Hasardan tullanıb həyətə keçsəm də, tutub küçəyə apardılar“

Söhbətə ordu quruculuğu istiqamətində başlayan müsahibimiz bildirdi ki, cəbhəyə könüllü getmək istəyi ilk batalyonumuzun yaradılması vaxtlarına təsadüf etsə də, məqsədinə nail ola bilməyib: “1991-ci ilin sonlarında eşitdim ki, Şıxov batalyonu yaradılır.

Müdafiə Nazirliyi tərəfindən edilmiş çağırışda əsasən Əfqanıstan müharibəsini keçmiş təcrübəli keçmiş döyüşçülərə üstünlük verilirdi. Elə bildim döyüşçüləri Şıxovda, haradasa dəniz kənarında toplayıb döyüşə göndərirlər. Avtobusa minib Şıxova getdim, sahildə nə qədər axtarsam da, onları tapa bilmədim. Lökbatandakı 2-ci polis bölməsinə gedib soruşdum ki, könüllülər harada toplanır? Qadın olduğumu görəndə elə bildilər terrorçuyam. 2 saat saxlayıb sorğu-sual etdilər. Dedilər təxribatçıya oxşayırsan. Bir polis zabiti gəldi, ona məruzə etdilər. Zabit dedi bunun nəyi təxribatçıdır? Buraxın getsin”.

Bundan sonra iki dəfə də həmin ərazilərdə Şıxov batalyonunun könüllülərinin toplandığı yeri axtaran Növrəstə Yusifova onların yerini tapa bilməyib: “Eşitdim ki, həmin batalyonun əməliyyatları uğursuz olub. İkinci batalyon üçün könüllülər toplayırlar. Qərara aldım ki, onlara qoşulub, cəbhə bölgəsinə gedim. Heç olmasa, yaralıların yarasını sarıyaram, silah-sursat, yemək daşıyaram. Elə həmin ərəfədə - 1992-ci ilin yanvarında xəbər verdilər ki, Qarabağ Müdafiəsi Könüllüləri Şurası yaradılır. Həmin yeri axtarıb tapdım. Amma binanın içinə buraxmadılar. Hasardan tullanıb həyətə keçdim, lakin tutub yenidən küçəyə apardılar. Dedilər ki, qadın hara, döyüş hara? Çıx get. Fevralın sonlarında Xocalı faciəsini yaşadıq. Bundan sonra cəbhəyə getmək istəyən könüllülərin sayı xeyli artdı. Cəbhəyə yollananların hamısını Qarabağ Müdafiəsi Könüllüləri Şurasında siyahıya alır, tibbi yoxlanışdan keçirirdilər. Təxribatlar olurdu deyə, çox güclü yoxlamalar həyata keçirilirdi.

Rəhim Qazıyev şuraya gələndə ona yaxınlaşdım. Dedim cəbhəyə getmək istəyirəm. Rəhim bəy hirsli şəkildə “Qoy içəri keçim. Ora qadın yeri deyil” – deyib binaya girdi. O, gedəndən sonra sürücüsü Əli dayıya dedim ki, xahiş edirəm, mənim cəbhəyə getməyimə kömək edin. Əli dayı içəri girdi. Bir azdan sonra çıxıb dedi ki, bəylə danışdım, gözlə, səni çağıracaqlar. Lakin heç kim çağırmadı. Qayıdıb əsəbi halda işə gəlib ərizə yazaraq bildirdim ki, cəbhəyə getmək istəyirəm”.

Cəbhəyə getmək istəyinə müsbət cavab almayan Növrəstə Yusifova martın 15-də ikinci dəfə şuraya üz tutub: “Fikirləşdim ki, əgər könüllülərə qoşub cəbhəyə göndərsələr, gedərəm. Əgər göndərməsələr, qaçıb gedəcəm. Əli dayını yenə orda gördüm. Dedim mənə verdiyiniz sözə niyə əməl etmədiniz? Övladının canına and içdi ki, sənin cəbhəyə getmək istədiyini içəridəkilərə demişəm. Əli dayı dedi ki, bu dəqiqə yenə içəri girib onlara deyəcəm və səni də içəri saldıracam. O, binanın qapısından içəri girib bir neçə dəqiqə sonra çölə çıxdı. Mühafizəçilərə dedi ki, bəy xahiş edir, o qadını içəri buraxasınız”.

İçəri girən qadın AMİP sədri Etibar Məmmədovla görüşüb: “İçəridə türk, isveçrəli qonaqlar vardı. Bilmədim ki, kiminlə görüşməliyəm. Etibar Məmmədov ayağa qalxıb mənimlə səmimi, mehriban görüşdü. Əyləşməyə yer təklif etdi. Kim olduğumu, haradan gəldiyimi soruşdu. Ona özüm barədə ətraflı məlumat verdim. Dedim cəbhəyə getmək, döyüşmək istəyirəm. Cavab verdi ki, cəbhədə ümumiyyətlə qadın döyüşçü yoxdur. Heç tibb bacısı da. Ora getsəniz, əsgərlərimiz bilməyəcəklər sizi qorusunlar, yoxsa torpaqlarımızı. Cavab verdim ki, atıcılığı bilirəm, işlətdiyim tibb ləvazimatlarını lazım gəldikdə istifadə edəcəyimə təminat verirəm. Bir az fikirləşdikdən sonra dedi, düş aşağı, onlara de ki, bəy razılıq verdi. Otağından çıxıb aşağı düşdüm”.

“İlk döyüşçü qadın olduğumdan nazir xidmətim haqda xüsusi əmr imzaladı”

Martın 17-də yenidən şuraya gələn qadına hərbi libas və içi hərbi ləvazimatlarla dolu çanta – “ves meşok” veriblər: “Dedilər Novruz bayramını keçirib, ayın 21-də səhər saat 9-un yarısında burda olun. Həmin gün, artıq səhər saat 6-da orada idim. Onlara söz verdim ki, şəraitə və vəziyyətə uyğun hərəkət edəcəm. Adımı 7-ci qeydiyyat kitabına saldılar. İlk döyüşçü qadın olduğumdan müdafiə naziri mənim xidmətə başlamağım haqda xüsusi əmr imzaladı. Bizi məzuniyyətdən qayıdanlarla birlikdə avtobuslara mindirib səhər saat 10-da cəbhəyə yola saldılar”.

Bir neçə saat sonra Şuşaya çatan döyüşçüləri məktəbin həyətində yerləşdirirlər. Habelə onları digər əsgərlərlə tanış edirlər ki, üz-üzə gələndə bir-birlərini tanısınlar: “Ruslardan alınmış hər 100 silahdan təxminən 75-i atmırdı. Əksəriyyəti nasaz idi. Komandirimiz məni Şuşa ilə tanış etdi. Amma əslində şəhəri, onun hər yerini çox yaxşı tanıyırdım. Çünki burada istirahət etmişdim. Orada olduğum 2 il ərzində düşməni müşahidə etməkdə, atəş açmaqda, mövqe seçməkdə, yerimi dəyişməkdə tam sərbəst idim. Şuşadakı atışmalardan birində bizimkilər ermənilərdən silah qənimət götürmüşdülər.

Onların arasında iki snayper tüfəngi də vardı. Halbuki bizdə belə tüfəng yox idi. Lakin ermənilərdən götürülmüş silahlar nasaz olduğundan onları təmir etmək üçün Bakıya göndərdilər. Oğuz rayonundan olduğuna görə batalyon komandirimizi Tofiq Oğuz adlandırırdıq. O, rayondan gətirtdiyi beşatılanını mənə verdi. Ermənilərdən qənimət kimi götürdüyümüz snayper tüfənginin binoklunu silahın üstünə taxdıq. Gecəgörmə cihazını sonradan gətirdilər. Onun ağ şüşəsi ay işığında parıltı verdiyindən əlimi qarşısına tuturdum ki, ermənilər yerimi müəyyənləşdirməsinlər”.

“Bunkerdəki partlayış zamanı 7 erməni əsgəri məhv oldu”

Snayper qadın düşmənə ilk atəşini Şuşada Üçmıx adlanan ərazidə açır: “Bizim mövqelərimiz düşməninkindən hündürdə olmasına baxmayaraq, ermənilər bir ay ərzində Şuşada 6 uşağı yaralamışdılar, 4-ü ölmüşdü. Martın 28-də batalyon komandiri göstəriş verdi ki, gedin görün, bu nə məsələdir? Rəhmətlik Qorxmaz dayı ilə birlikdə əraziyə getdik. Güllənin atıldığı səmti göstərdi. Binoklla ərazinin hər yerini diqqətlə nəzərdən keçirdim. Orada üzümlük vardı. Ən hündür yeri 1 metr olardı. Hər yer tərtəmiz idi, qayalıq, daşlıq da yox idi ki, diqqətimi cəlb etsin. Əsgər yoldaşlarıma dedim ki, papaq qaldırın, qoy atəş açsınlar, onda mövqelərinin yerini müəyyənləşdirim. Döyüşçülərimiz qayanın arxasından hərbi forma, papaq göstərsələr də, ermənilər bircə dəfə də olsa, atəş açmadılar. 3 saat fasiləsiz müşahidə apardım”.

Snayperin diqqətini cəlb edən yeganə fərq üzümlüyün içindəki ərazidə, tərtəmiz torpağın üstündəki hündürlük olur: “Elə bil ki, çən basdırmışdılar. Lakin onun təxminən 40-50 santimetrlik hissəsi üzdə qalmışdı. Fikirləşdim, xeyir ola, hər yeri təmizləyiblər, amma paslanmış çənə oxşayan əşya orda qalıb. Dedim, Qorxmaz dayı, nə deyirsən de, qumluğun içindəki o fərqdən gözüm su içmir. Həmin yeri nişan alıb iki dəfə atəş açdım. Qəribə partlayış səsi eşidildi, ardınca isə səmaya boz tüstü qalxdı. Partlayışdan sonra qum çökdü, üzümlüklər dağıldı. Məlum oldu ki, bu, bunker imiş. Orada ermənilərin silah-sursatları olduğundan çox böyük partlayış baş verdi. Bizimkilər ermənilərin telefon danışıqlarını izləyirdilər. Düşmən əsgərləri arxa cəbhəyə məruzə edərkən bildirdilər ki, azərbaycanlılar bunkerimizin yerini tapıb partlatdılar. Telefonda özlərinin açıqladıqları rəqəmlərə görə partlayış zamanı 7 əsgərləri məhv olmuşdu”.

Bundan sonra Şuşada nə uşaq öldürülüb, nə əsgərimiz şəhid olub: “Onlar üzümlüklərin altını qaza-qaza gəlib düz burnumuzun içinə girmişdilər. Çox gizli keçidləri vardı. Mən düşmən zabitlərini, hədəflərini vurmağa əsasən günün axşam saatlarında gedirdim. Çünki gündüzlər əsgərlərimiz onları onsuz da açıq-aydın görə bilir, hərəkətlərini müşahidə edirdi. Yağışlı, küləkli, dumanlı havanın xüsusiyyətlərini nəzərə alıb hərəkət edirdim. Bir də görürdüm ki, ağ dumanın arasında, haradasa başqa rəngdə tüstü çıxır. Başa düşürdüm ki, ya tonqal qalayıblar, ya da yemək bişirirlər. Həmin istiqaməti müəyyənləşdirib, dalbadal bir neçə atəş açırdım. İşim əsasən axşam başlayırdı deyə, hər səsə, məsələn çayın şırıltısına diqqətlə qulaq asırdım. Otluqda hərəkət edən insanın ayağının səsi ilə canavarın, çaqqalın ayaqlarının səsi tam fərqlidir. Çünki insan çəkidə ağırdır. Onlar işıqlı güllələr atanda ikinci-üçüncü atəşdən sonra yerlərini müəyyənləşdirib, dəqiq vururdum. Əsas hədəfim onların köməkçi atəş nöqtələri idi. Onları vurandan sonra dərhal yerimi dəyişirdim”.

“Milli Qəhrəman Albert Araqunov da həmin mövqedən hədəf seçilmişdi”

Növrəstə Yusifovanın digər uğuru mayın əvvəllərində olur. Özü də komandanlığın icazəsi olmadan. Mayın 3-də batalyon komandiri Tofiq Oğuz onu çağırıb təcili Bakıya getməsini tapşırır. Bildirir ki, onu Şuraya çağırırlar: “Düşündüm ki, axı mən pis heç nə etməmişəm. Niyə geri çağırırlar? Məktəbdən çıxıb ferma adlanan əraziyə gəldim. Ermənilər oranı partlatmışdılar. Damı çökmüşdü və 1 metr hündürlüyündə xarabalıq qalmışdı. Bakıya getməmək üçün 3 gün orda gizləndim. Zastava ilə Turşsu adlanan ərazidə gizlətdikləri hansısa texnika ilə bizim mövqelərimizi, maşınlarımızı daim atəşə tuturdular. Həmin yerdən açılan atəşlə neçə nəfərimiz şəhid olmuşdu. Milli Qəhrəman Albert Araqunov da dəfələrlə həmin mövqedən hədəf seçilmişdi. Mən həmin yeri müəyyənləşdirib atəş açdım. Böyük partlayış oldu. Kaş səhərə qədər ordan qalxan qara dumanı siz də görəydiniz. Düşmənin itkilərinin sayını isə bilmədim. Onların neçə nəfərinin partlayışda məhv edildiyini komandirimiz və rabitəçilərimiz ermənilərin danışıqlarını dinləyərkən öyrəndilər. Amma mənə demədilər.

Sonradan Tofiq Oğuza dedilər ki, bizi atəşə tutan düşmənin mövqeyi partladılıb. O da başa düşdü ki, bunu mən etmişəm. Mayın 6-da ora gəldi. Məni görəndə dedi ki, məgər səni Bakıya göndərmədim? Niyə getmədin? Sənə görə tribunala verilməyimi istəyirsən? Qolumdan tutub məni zorla avtobusa mindirdi. Sürücüyə tapşırdı ki, maşını yolda saxlama, bunu düz Bakıya apar. Mayın 6-da Bakıya gəldim. Gəlmək istəmirdim. Çünki mayın 9-da Xankəndinə hücumumuz planlaşdırılırdı. Şuraya gedib soruşdum ki, məni niyə çağırtdırmsınız? Cavab verdilər ki, biz heç kimi çağırmamışıq. Sonradan tağım komandirim mənə dedi ki, ermənilər snayper kimi varlığından xəbərdar idilər. Səni ən azı diri ələ keçirmək istəyirdilər. Düşmən mənim müqabilimdə külli miqdarda mükafat vəd edib. Sən demə, Tofiq Oğuz məni aldadıb oradan qaçırdıbmış. Deyib ki, bircə qadın döyüşçümüz var, o da ələ keçməsin. Mayın 8-də Bakıda eşitdim ki, Şuşanı itirmişik”.

Həmin vaxtlar döyüşdə fərqlənənlərə 5 günlük məzuniyyət verirmişlər. Lakin qadın döyüşçü bildirir ki, bu qaydalar ona aid olmayıb: “Ona görə də, məzuniyyətə getmədim. Artıq snayper tüfəngimi Bakıda təmir edib gətirmişdilər. Bir neçə gün sonra yenidən cəbhəyə qayıtdım. 10 nəfərlə gecələr Abdal Gülablıda səngər qazırdıq. Üç gün ərzində dörd səngər qazdıq. Bir gün komandirimiz çağırdı ki, Qərvənddə qalacaqsan. Qızlara kömək etmək lazımdır”.

“İki polisin və bir döyüşçünün qanaxmalarını kəsdim”

Snayper qadının uğurları bununla yekunlaşmır: “İyunun əvvəllərindəki döyüşdə onların bir “TŞK”-sını da məhv elədim. Onda da partlayış oldu. Dalbadal atdığım güllələr silah-sursatın olduğu yerə dəymişdi. Çox ağır döyüşlər gedirdi. Bizə köməkçi qüvvə gəlmişdi. Həmin əməliyyatlarda iki polis və bir döyüşçümüzün qanaxmalarını kəsib onların yaralarını sarıdım. Yoxsa qanaxmadan dünyalarını dəyişəcəkdilər. Birinin çiynindən ət qopmuşdu. Yaraya yod basıb dedim ki, döz, əti yapışdırıb bərk-bərk sarıdım. Yeri gəlmişkən, bu yaxınlarda anası ilə yanıma gəlmişdi. Maşallah indi böyük kişidir.

İyunun ortalarında Gülablıda bərk atışma başladı. Düşmənin köməyinə bir maşın əsgər gəldi. Avtomobili gördüm. Həmin “ZiL” maşınlarını hədəf seçib atəş açdım. Məqsədim, heç olmasa, onun təkərini partlatmaq idi. Amma güllə düz avtomobilin benzin çəninə dəydiyindən böyük partlayış baş verdi. Maşının üstü brezentli idi deyə, içində əsgərlərin olduğunu görmədik. Sonradan bildik ki, avtomobilin içində xeyli əsgər varmış. Partlayan yük maşınında ölənlərin sayı 20 nəfər idi”.

Növrəstə xanım döyüşlərdə təcrübə qazandığını vurğulayır. Bildirir ki, snayper xüsusiyyətlərinə tam yiyələnə bilib: “Ermənilər haradan işıqlı güllələr atırdılarsa, həmin yeri hədəf seçib atəş açırdım.

Bir dəfə axşam çağlarında əməliyyata getdim. Özümə yer seçib, gizləndim, maskalandım. Bir az sonra hiss etdim ki, yaxınlıqdakı çayın sahilindəki qamışlığın səsi dəyişdi. Qaçıb tağım komandirimizə dedim ki, orda çayın səsi xoşuma gəlmir. Gedin yoxlayın. Çayı əsgərlərimiz nəzarətə götürdülər. Suyun içi ilə gələn 3 erməni əsgərini mühasirəyə aldılar. Onlardan biri öldürüldü, biri yaralandı, digəri qaçıb geri qayıtdı. Sağ qalan ermənini Bakıya gətirdilər. Sən demə, düşmənin lazımlı əsgərlərindən imiş. Onu 25 azərbaycanlı əsir və girovla dəyişdilər. Əgər səsi eşitməsəydim, onları təslim etmək bir qədər çətin olacaqdı”.

Sonralar onu yaralıları Bakıya gətirməyə göndərirlər. Növrəstə Yusifova döyüşçülərimizi hospitallara yerləşdirib geri qayıdır. 1994-cü ilin mayında isə ordudan tərxis olunur...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR