Erməniləri bu yolla maliyyələşdiririk – Deputatdan şok
Belə məhsulları ölkəyə gətirən şirkətlər ehtiyatlı olmalıdırlar, çünki bu, həm də milli mübarizəmizə zidd olan bir məsələdir.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov üzərində erməni dilində olan yazının fərqlənməsi ilə diqqət çəkən Rusiya istehsalı “Choco Pie Lotte” şirniyyatının Azərbaycanda satışı ilə bağlı danışarkən deyib. O bildirib ki, ərazimizin 20 faizini işğal edən, Xocalıda soyqırım törədən bir dövlətin dilində fərqlənmiş yazı ilə Azərbaycana məhsul daxil olursa, bunun milli və hüquqi tərəfindən savayı, həmin məhsulların tərkibi ilə bağlı da şübhələr yaranır:
“Bu məhsullar Rusiyada istehsal edilsə belə, üzərində ermənicə yazılar fərqləndirilirsə, deməli, məhsulun hazırlanmasında ermənilər iştirak edir və onlar təkcə biznesmen deyil, həmçinin təbliğatçıdırlar. Burda erməni diasporu və Ermənistan hökumətinin birbaşa əlinin olduğu şübhəsi yaranır. Həmin məhsulların ölkəyə gətirilməsi və satışını təşkil edənlər bundan imtina etməlidir”.
Millət vəkili Fazil Mustafa üzərində erməni dilində yazının fərqləndirildiyi məhsulun birbaşa düşmən ölkənin dilinin təbliğatına xidmət etdiyini bildirib:
“Təbii ki, belə məhsulların ölkəyə gətirilməsi və satılması heç də xoş deyil. Biz belə məhsulları ölkəyə gətirərək, öz əlimizlə özümüzü zəhərləyirik. Ümumiyyətlə, bu məhsulları alaraq, istəmədən olsa belə, ermənilərin maliyyələşməsinə kömək edirik. Ermənilərin əli olan və bizə idxal olunan məhsul, əlbəttə ki, keyfiyyətli olmayacaq. Müqayisə aparsaq, görərik ki, əvvəlki illərə nisbətdə xərçəng xəstəliyi 3-4 dəfə artıb. Bu da təbii ki, xaricdən ölkəyə gətirilən qidalarla bağlıdır. Burda erməni barmağının olması da istisna deyil. Bizim firmalar belə şeylərə xüsusi diqqət etməlidirlər”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bildirib ki, Azərbaycana xaricdən mal gətirən sahibkarlar bu məsələyə çox ciddi diqqət etməlidirlər:
“Bir məhsul bir neçə ölkəyə satıldığı üçün məhsulun arxasında kiçik hissədə ixrac edilən ölkələrin dilində yazı ola bilər. Ancaq ölkəyə ixrac edilən bəzi məhsullarımızda erməni dili fərqləndirilir və məhsulun əsas hissəsində ona yer ayrılır. Yaxşı olardı ki, biznesmenlər bu cür məhsulları Azərbaycana gətirməsinlər. Ölkəmiz Dünya Ticarət Təşkilatının üzvü deyil və heç kim belə məhsullara qadağa qoyulduğu üçün bizə təzyiq göstərə bilməz. Bu məhsulları Azərbaycana gətirən sahibkarlara ayıb olsun!”
Qeyd edək ki, bir neçə gün əvvəl tanınmış jurnalist Xalid Kazımlının paylaşdığı və üzərində ermənicə yazı ilə diqqət çəkən “Choco Pie” şirniyyatı geniş müzakirəyə səbəb olub. “Choco Pie Orion”dan (orijinal) fərqli olaraq, “Choco Pie Lotte” şirniyyatında erməni dilində yazı fərqləndirilir və Rusiyada olan bu zavodun ermənilər tərəfindən işlədildiyi ehtimalı var.
Xatırladaq ki, Ermənistanda istehsal edilmədiyi üçün bu məhsulun ölkəyə gətirilməsi qanunla qadağan olunmasa da, erməni sahibkarların biznesinin çiçəklənməsinə rəvac verməmək və azərbaycanlıların pulunun ermənilər vasitəsilə öz əleyhimizə çevrilməməsi niyyətilə bu tip məhsullardan imtina həm də milli məsələdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət