“Ermənilər elə bilirlər, bir şey edən deyilik” – Generaldan açıqlama
Xəbər verdiyimiz kimi, Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağda 10.000 silahlı qüvvənin iştirakı ilə hərbi təlimlər keçirdiyini bəyan edib. Azərbaycan XİN də bununla bağlı bəyanat verib. Bəyanatda bildirilir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında iki ölkənin xarici işlər nazirlərinin Vaşinqtonda keçiriləcək görüşü ərəfəsində Ermənistan tərəfinin bu addımları anlaşılmazdır .
Məsələylə bağlı “Yeni Sabah”a danışan sabiq birlik komandiri, general-leytenant Yaşar Aydəmirov bildirib ki, ermənilər psixoloji təsir üçün bunu edirlər:
“Onlar nə qoşun yığıblar bilmirəm. İndi onlar psixoloji təsir üçün qruplaşmalarla xırda təlim keçirlər. Bizə xof gəlmək istəyirlər. Sadəcə, belə addımlarla onlar bizim orduya şans verəcəklər ki, nəinki Ağdam, ətraf rayonlar da işğaldan azad olunsun. Elə bilirlər, bir şey edən deyilik. Onların toplanması barədə bizim rəhbərliyin dəqiq kəşfiyyat məlumatı çoxdan var idi. Nə vaxt yığılacaqlar, nə iş görəcəklər bilirdik”.
Y. Aydəmirov qeyd edib ki, ermənilər aktiv fəaliyyətə keçərsə, Azərbaycan tərəfi adekvat cavab vermək hüququnu öz üzərində saxlayacaq.
Generalın sözlərinə görə, Vaşinqton görüşü ərəfəsində belə bir addım sözsüz ki, təxribat xarakterlidir. O əlavə edib ki, ATƏT-lə və digər görüşlərdən əvvəl sonra onlar həmişə belə təxribatlara yol verirlər.
Qeyd edək ki, iyunun 20-də Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin Vaşinqtonda görüşü gözlənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət