Slimfit
  1. ARAŞDIRMA

Erməni vaxtı ilə işləyən İsveçrə saatı - ARAŞDIRMA

Erməni vaxtı ilə işləyən İsveçrə saatı - ARAŞDIRMA
Sakura

Erməni vaxtı ilə işləyən İsveçrə saatı - ARAŞDIRMA

Ermənistan mətbuatının yaydığı xəbərə görə, Livandan 150 erməni ailəsinin Azərbaycanın işğal altındakı ərazilərinə köçürülməsinə hazırlıq gedir. Artıq bir ailə Şuşaya da köçürülüb. Qarabağdakı separatçı rejimin bu təşəbbüsünə Livandakı erməni kilsəsi də dəstək verib.

Sual yaranır – beynəlxalq təşkilatların baş verənlərə münasibəti necədir? Məsələn, dünyanın ən ali beynəlxalq təşkilatı olan BMT Yaxın Şərqdəki anoloji hadisəyə biganə qalmır – Baş Assambleyanın İnsan Haqları üzrə Şurası (UNHRC) İsrailin işğal olunmuş ərəb ərazilərində həyata keçirdiyi məskinlaşdırmanı fələstinli əhalinin hüquqlarının pozulması kimi qiymətləndirir.

Bəs, Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma və buradan qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının pozulması beynəlxalq təşkilatları narahat etmirmi?

***

Əslində, sual ritorikdir. Çünki nəzarətdən kənar “boz zona”ya çevrilmiş bu ərazilər yalnız Ermənistan yox, həm də beynəlxalq kriminal dairələr, maliyyə fırıldaqçıları və qeyri-leqal biznes üçün ideal məkandır.

Azərbaycan Xarici İşlər Nazirliyi hələ 2016-cı ildə Ermənistanın işğal olunmuş ərazilərdə xarici şirkətlərin iştirakı ilə təbii ehtiyatları qanunsuz istismar etdiyinə dair geniş hesabat hazırlamışdı. Rəsmi Bakı həmin şirkətlərin və təmsil etdikləri ölkələrin nəzərinə növbəti dəfə çatdırmışdı ki, bu ərazilərdə istənilən iqtisadi fəaliyyət istər Azərbaycan qanunları, istərsə də beynəlxalq qanunvericiliklə qadağandır.

Bu illər ərzində işğal olunmuş torpaqlarda bəzi xarici şirkət və iş adamlarının fəaliyyətinə son qoymaq mümkün olub. Məsələn, 2017-ci ildə rəsmi Bakının etirazlarından sonra İsveçrənin mobil operatoru olan SWISSCOM “Karabakh Telecom”la əməkdaşlığı dayandırıb. Amma təəssüf ki, nə vətəndaşı olduqları ölkədən, nə də beynəlxalq təşkilatlardan lazımi təpki almayan bəzi iş adamları beynəlxalq hüquq normalarını kobudcasına pozmaqda davam edirlər.

Qızıl, gümüş, civə, mis, kömür, qurğuşun...

İşğal olunmuş Azərbaycan torpaqlarındakı təbii ehtiyatların miyqasını anlamaq üçün, bu rəqəmə diqqət edin – işğal altında 160 müxtəlif qiymətli metal yatağı qalıb. Söhbət Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdəki qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqlardan gedir.

Ələ keçirdikləri torpaqların üstünü xarabalığa çevirmək üçün Ermənistanın kimsənin köməyinə ehtiyacı yoxdur – onlar bunu təkbaşına da yaxşı bacarırlar. Amma bu qədər təbii ehtiyatları təkbaşına istismar etmək üçün Yerevanın nə texniki, nə maddi resursları var. Məhz buna görə Ermənistan genişmiqyaslı talan əməliyyatına Fransa, ABŞ, Kanada, Avstraliya, İsveçrə, Rusiya kimi ölkələrdən imkanlı erməni əsilli və ya erməni diasporu ilə əlaqələri olan iş adamlarını cəlb edir. Və qeyri-leqal əməliyyatlara üstünlük verən fırıldaqçıların bəziləri bu işə böyük məmnuniyyətlə girişir.

Bu cür kriminal biznes nümayəndələrindən biri də İsveçrənin dünyaca məşhur saatı brendi “Franck Muller Group”un təsisçilərindən biri və baş direktoru Vartan Sirmakesdir.

Erməni əsilli isveçrəli milyonçunun “vətən sevgisi”

V.Simakes 1956-cı ildə İstanbulda anadan olub və 18 yaşında İsveçrəyə köçüb. Hazırda İsveçrənin erməni diasporunun maliyyə donoru hesab olunan V.Simakes “ArmSwissBank” bankının təsisçisidir, bu ölkədə 7 brendə və 14 istehsalat müəssisəsinə sahibdir. O, Ermənistanda müxtəlif sahələrə böyük investisiyalar yatırır, rəhbərlərindən biri olduğu “Franck Muller” şirkəti dünyada yeganə nümayəndəliyini məhz Ermənistanda açıb. Keçmiş prezident Serj Sarqsyanın fərmanı ilə Ermənistanın Fransadakı Baş Konsulu təyin olunub və “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib.

Bu gün azərbaycanlıların irsinin tamamilə məhv olunduğu qədim İrəvan şəhərinin əsl tarixinin saxtalaşdırılmasına yönəlmiş “Köhnə Yerevan” layihəsini də məhz V.Sirmakes maliyyələşdirir.

Sirmakesin daha bir layihəsi dünyanın müxtəlif yerlərinə səpələnmiş ermənilərin Ermənistana köçürülməsinə töhfə verəcək “BUILD ARMENIA” Fondu nun yaradılmasıdır. Bu layihəyə onlarla erməni əsilli biznesmen dəstək verməyə hazırdır. Sirmakesin özü isə layihəyə 100 milyon dollar ayıracağını vəd edib. İndi – Livandan Kəlbəcər, Laçın və Zəngilana erməni ailələrinin köçürülməsi məsələsinin aktuallaşdığı dövrdə bu layihə xüsusilə diqqət çəkir.

Bundan başqa, sosial şəbəkələrdə gedən məlumatlara görə onun təsisçisi olduğu “ArmSwissBank” işğal altındakı ərazilərdə “Sərsəng” sukanalının tikintisinə 100 milyon dollar investisiya qoymuşdur.

Əslində, V.Simakesin iqtisadi fəallığı yalnız Ermənistanla bağlı olsa, bunu ciddiyə almamaq da olardı. Amma onun regiondakı maraqları Ermənistandan çox, Azərbaycanın işğal altındakı ərazilərinə yönəlib.

Saat maqnatı Qarabağda nə itirib?

Sirmakesin və digər xarici iş adamlarının işğal altındakı ərazilərdəki fəaliyyətini təhlil etdikdə aydın görünür ki, söhbət, faktiki olaraq, kriminal ittifaqdan gedir. Torpaqları silah gücünə işğal etmiş Ermənistan və separatçıların missiyası hərbi gücü və təhlükəsizliyi təmin etməkdirsə, Sirmakes kimi “kölgə biznesmen”lərinin işi bu ərazilərdə qanunsuz iqtisadi layihələr üçün resurs ayırmaqdır. Ümumi məqsəd isə birdir – talançılıqdan gələn çirkli pulların yuyulması.

Yeri gəlmişkən, işğal olunmuş ərazilərdəki talanın miqyasını Ermənistanın özündə də etiraf edirlər. Məsələn, separatçılara Bako Saakyanın rəhbərlik etdiyi illərdə Ermənistanın Lragir.am saytı yazırdı ki, Qarabağda yeraltı sərvətlər davamlı olaraq boşaldılır, qızıl, mis və kömür daşınır, əldə olunan gəlir isə şəxsi ciblərə gedir. Sayt yazırdı ki, “Qarabağda hər kəs Kəlbəcər mədəninin gəlirlərinin Bako Sahakyana məxsus olduğu haqda danışır”.

Talançılığın miqyasını anlamaq üçün qeyd edək ki, onların istismarında nəinki xarici korporasiyalar, həm də ofşor zonalarda saxta şirkətlər yaratmaq yolu ilə Ermənistanın siyasi rəhbərliyi də iştirak etmişdir. Əgər bu əvvəllər R.Koçaryan-S.Sarqsayn cütlüyü , keçmiş səfir və indiki prezident Armen Sarkisyan idisə, hazırda bu prosesdə artıq N.Paşinyan ın timsalında yeni oyunçu da peydə olub.

Armen Sarkisyanın adı vaxtilə Sirmakesin təsisçisi olduğu “ArmSwissBank” vasitəsilə çirkli pulların yuyulmasında hallanırdı. Bundan başqa, onun Ermənistandakı səs-küylü reputasiyası olan Amulsar qızıl yatağına S.Sarqsyan dövründə Britaniya investisiyalarının qoyulmasında əsas vasitəçilərdən, hətta səhmdarlarından biri olması barədə məlumatlar da dolaşır.

Bu sistemin digər vacib oyunçusu, işğal olunmuş ərazilərdən qızılın qeyri-leqal çıxarılması və leqallaşdırılması kanallarından biri isə, artıq adını qeyd etdiyimiz erməni diasporunun aktiv təmsilçisi Vardan Sirmakesdir . İsveçrəli milyonçu Dağlıq Qarabağ və ətraf rayonlardakı qanunsuz maliyyə dövriyyəsinə nəzarət edən şəxslərdən biridir. İşğal altındakı ərazilərdə qanunsuz yaradılmış “Artsaxbank”ın səhmlərinin 43%-nə sahib olan Sirmakes, Dağlıq Qarabağda 350 qara kürü hovuzunun tikintisi layihəsinə də vəsait ayırıb – söhbət Tərtərin işğal olunmuş ərazilərində “Golden Fish” zavodlarının və Laçında su anbarının inşasından gedir. Yeri gəlmişkən, isveçrəli iş adamı artıq gələn il qara kürü ixracına başlamağı planlaşdırır və bu sahədə, hətta, Azərbaycanı da üstələyəcəyini (!) vəd edir.

Ermənistan rəhbərliyi və separatçılar Simakesi “böyük xeyriyyəçi” kimi təqdim etsə də, əslində o, bu “xeyriyyə” üçün vəsaiti işğal olunmuş Azərbaycan ərazilərini talan etməklə artıqlaması ilə geri qaytarır. Özü də bu zaman əsas diqqət kürüyə, yaxid turizmə yox, qiymətli daşlara, konkret desək, qızıla yönəldilir.

Qızıl hərisliyi

İçvecrəli iş adamı əsas marağının qiymətli daşlar, əsasən də, qızılla bağlı olduğunu heç zaman gizlətməyib. Məsələn, 2001-ci ildə “Franck Muller”in Ermənistandakı nümayəndəliyi açılan zaman şirkətin təmsilçisi bildirmişdi ki, burada saatların qızıl çərçivələri üçün 18 karatlıq qızıl və 550 əyyarlıq platindən istifadə olunacaq. Bundan əlavə, şirkət Ermənistanda qızıl-zinət əşyalarının istehsalı ilə də məşğuldur.

Yəni, “Franck Muller”in regiondakı marağı qızıla köklənib. Qızılın mənşəyi isə artıq heç kəsə sirr deyil – Azərbaycanın işğal olunmuş ərazilərindəki mədənlər!

V.Sirmakesin qanunsuz biznes mexanizmi çox sadədir – Kəlbəcərin “Söyüdlü” və Zəngilanın “Vejneli” yataqlarından oğurlanan qızıl İsveçrə birjalarında satışa çıxarılır, qazanc isə elə həmin ölkənin banklarına yatırılır.

Təsadüfi deyil ki, Simarkes Azərbaycanın işğal olunmuş ərazilərində 999,9 əyyarlıq qızıl külçə lərin satışı ilə məşğul olan bir sıra proqramların da əsas sərmayədarıdır.

İndi isə isveçrəli biznesmen daha böyük miqyaslı fırıldağa – Ermənistanda qiymətli materialların emalı zavodunun inşasına hazırlaşır. V.Sirmakes zavodun tikilməsi planını 6 il əvvəl – 2014-cü ildə açıqlayıb və Ermənistan Mərkəzi Bankı ilə müvafiq memorandum da imzalayıb. Hasil edilən qızılı dünya bazarına çıxarmaq məqsədi ilə 2020-ci ildə Ermənistanda affinaj (qızıl emalı) zavodunun açılması nəzərdə tutulur. Əsas investor Vartan Sirmakesdir. Zavod üçün lazımi avadanlıqların artıq alındığı qeyd edilir. Ermənistanın Mərkəzi Bankının rəhbəri Artur Cavadjanın sözlərinə görə, hasilat ilə məşğul olan şirkətlər yeni açılacaq müəssisənin xidmətlərindən tam yararlana biləcəklər.

Zavodun tikilməsində əsas məqsəd standart külçələr formasında təmiz qızıl istehsalı və onun xaricdə satışının təşkilidir. Qeyd edək ki, külçə istehsalı dollar və avro çapı kimi bütün dünyada tanınan və bütün maliyyə dünyasında qəbul edilən ödəniş vasitəsidir.

Ancaq London, Çikaqo, Tokio birjalarında, investisiya fondlarında, müxtəlif ölkələrin mərkəzi və kommersiya banklarında qəbul ediləcək və “4 dənə 9” statusunu almış qızıl külçələrin istehsalı üçün beynəlxalq sertifikat tələb olunur. Bu sənədi isə London, Çikaqo, Dubay və ya Tokioda əldə etmək mümkündür. Odur ki, ötən müddət ərzində Sirmakes bütün səylərini beynəlxalq sertifikatın alınmasına sərf edib və Londonda uzun-uzadı danışıqlar aparıb. Ötən ilin sonunda isveçrəli iş adamı gözlənilmədən qərara gəlib ki, sertifikata dair razılıq əldə olunmasa belə, Ermənistan öz möhürü ilə qızıl küpçələr istehsal edəcək: “Sertifikat olsa lap yaxşı. Amma olmasa da, buna görə zavodun tikintisini gecikdirmək fikrində deyilik. Lazım olsa, biz özümüz sertifikat üçün laboratoriya aça bilərik – bunun üçün İsveçrədən texnologiya və mütəxəssislər cəlb etmək olar. İsveçrənin reputasiyası sayəsində belə laboratoriya üçün beynəlxalq akkreditasiya almaq çətin olmayacaq” .

Qeyd edək ki, dünyada 50 qızıl bazarı var. Avropada onlardan ən böyükləri London, Frankfurt və Sürix şəhərlərindədir ki, buraya daxil olan qızılın yarısı sonradan digər bazarlarda satılır. V.Sermakesin məhz Londonda uzun müddət danışıqlar aparması istehsalçılarla istehlakçılar arasında onun xüsusi rolu və dünya bazarında qiymətlərin məhz burada müəyyən edilməsi ilə bağlıdır. Qeyd edək ki, bazarda dövriyyə edən qızılın əsas kütləsi külçə halında olur. Onun tərkibində qızıl 955 hissə və qarışıq 1000 hissə olmaqla çəkisi 10,9-dan 13,4 kq-a (350-430 üçlük unsiya) qədər olur. Külçələrin üzərində London bazarına buraxılmış müəssisənin möhürü (damğası) olur. Məhz buna görə V.Sermakes Londonda uzun müddət danışıqlar aparmışdır.

Hazırda London bazarında 60 bank və şirkət çalışır. London bazarında aparıcı rolu bazarda uzun müddət monopoliyanı saxlamış qızıl alqı-satqısı ilə məşğul olan 5 bank və şirkət oynayır. Bunlardan ən yaşlısı “N.M. Rothschild & Sons” şirkətidir. Onun Amulsar yatağında maraqları vardır. Lakin son 2 ildə Britaniya investorları burda bir sıra ciddi problemlərlə üzləşmişdir. V.Sermakesin Londondan əliboş qayıtmasının səbəbləri ndən biri yalnız qızılın mənşəyi ilə bağlı problemlər deyil, həm də Rotşildlərin Ermənistanda maraqlarının təmin edilməsində yaranmış problemlər də ola bilər.

Bu baxımdan V.Sermakesin İsveçrə ilə məhdudlaşması məntiqi görünür. Sürix də qızılın beynəlxalq alqı-satqı mərkəzlərindən biridir. Bazara 3 bank nəzarət edir. “Shweizerische Bankgeselschaft”, “Shweizerische Bankferein”, “Shweizerische Kreditanstalt”. Bundan başqa, erməni elitasının çirkli pullarının, o cümlədən işğal altındakı ərazilərdən çıxarılan qızılın leqallaşdırılması kanallarından biri olan “Armswissbank”ın adi səhmlərinin (14.588) mülkiyyətçisi olan, maliyyə cənnətlərindən biri olan Lüksemburqda qeydiyyatdan keçən, V.Sermakesin aktivində olan “HVS Holding” investisiya şirkətinin bir sıra ölkələrdə, həmçinin İsveçrədə ofisləri var. “Armswissbank”-“HVS Holding”-in İsveçrə qızıl bazarına nəzarət edən banklarla əlaqəsinin olması istisna edilmir.

Göründüyü kimi, Sirmakes və onun şərikləri nəyin bahasına olursa olsun, qızıl külçələr istehsalına can atırlar və hətta, beynəlxalq sertifikat olmadan belə, işə başlamağı düşünürlər. Görəsən, onlar hara və niyə tələsirlər?

Xammal mənbəyi – Azərbaycan qızılı

Bu tələskənliyin əsas səbəbi odur ki, Sirmakesin zavodu üçün xammal kimi Ermənistan ərazisindəki yataqlardan çıxarılacaq qızıl göstərilsə də, əslində,biznesmenin və onun Yerevandakı şəriklərinin fikri Kəlbəcər və Zəngilandakı yataqlardadır. Və nə qədər ki, bu ərazilər Ermənistanın nəzarətindədir, mümkün qədər çox xammal talan olunmalıdır.

Ermənistan gələcəkdə istehsal etmək istədiyi külçələr üçün xammal kimi “Sotk” (Zod) yatağını göstərsə də, söhbətin, əslində, Kəlbəcərin “Söyüdlü” yatağndan getdiyi aydındır. Çünki 1951-ci ildə “Qafqazqızılkəşfiyyat” İdarəsi tərəfindən aşkar olunmuş və ehtiyatları 112,5 ton olan bu yatağın 23 filiz damarından cəmi 7-i Ermənistan ərazisində yerləşir. Razılaşın ki, bu, planlaşdırılan avantura üçün kifayət deyil.

Amma bu zaman daha bir sual yaranır – Ermənistan zavod üçün xammalın Azərbaycanın işğal olunmuş ərazilərindən oğurlandığını necə ört-basdır edəcək?

Statistikaya nəzər yetirəndə aydın olur ki, bu günün özündə də Ermənistan Azərbaycandan talan etdiyi təbii ehtiyatları “öz məhsulu” kimi qələmə verir. Məsələn, 2019-cu ildə Ermənistanın 2.62 milyard ABŞ dolları həcmində olan ümumi ixracının, az qala, 40%-i müxtəlif filiz məhsulları və qiymətli metalların payına düşüb.

Ermənistan mətbuatının yazdığına görə, Ermənistanda ildə 3 ton qızıl (filizdən təmiz metala keçirildikdə) istehsal olunur. Amma Ermənistanın rəsmi ixrac rəqəmlərində 5-6 ton radələrində göstərilir.

Ermənistan təmiz qızıl deyil, Dore qızıl-gümüş qarışığı ixrac edir, sonradan onlar xaricdə emal olunur. Ermənistanda 18 lisenziyası olan yataqdan yalnız 6-7-si təxminən iri yataqdır. Ən böyüyü Kəlbəcərdəki “Söyüdlü”nün uzantısı olan Sotk (Zod), ikincisi Amulsar-dır. Ermənistan mətbuatının yazdığına görə, Ermənistanın aşkar edilmiş və ilkin qiymətlənidirlmiş qızıl ehtiyatı 400 tondur .

Lakin sovet dövrü və sonrakı hesablamalara görə, Ermənistan ərazisində mövcud olan dağ-mədən yataqlarında yarım işlənmiş qızıl ehtiyatları 41 ton olduğu halda, Azərbaycanın işğal olunmuş ərazilərdə mövcud olan dağ - mədən yataqlarında yarım işlənmiş qızıl ehtiyatları 134,7 tondur.

Bundan başqa, işğal olunmuş Azərbaycan ərazilərindəki yataqlarda təsdiq edilmiş 205,3 ton qızıl, 251,1 ton gümüş sənaye ehtiyatları vardır.

Ermənistanda, və Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən şirkətlər və hasilat həcmləri barədə məlumatlar gizli saxlanılır. Bununla belə dövri olaraq dərc edilən statistik hesabatlardan bir sıra məlumatları əldə etmək mümkündür.

Bu faktlar Ermənistanın işğal altında saxladığı ərazilərdəki təbii sərvətləri qanunsuz istismar etdiyini göstərir. Çünki Ermənistanın öz ərazisindəki ehtiyatlar hesabına bu qədər filiz və qiymətli metal ixrac etməsi, sadəcə, real deyil.

Görünür, isveçrəli fırıldaqçı bu haqda da düşünüb və Azərbaycan qızılını... başqa ölkə metalı kimi təqdim etmək fikrindədir. Ermənistandakı yataqların zavodun fəaliyyəti üçün kifayət olmayacağını anlayan Sirmakes indidən izi itirməyə çalışır. “Xammalı başqa ölkələrdən də – Gürcüstandan, hətta, Afrikadan gətirmək olar”, - deyə iş adamı bildirib. İşğal altındakı Kəlbəcərin “Söyüdlü” yatağından oğurlanmış filizin Gürcüstanın Madneuli Dağ-mədən kombinatında emal edilməsi barədə mətbuatın araşdırmalarını nəzərə alsaq, V.Sermakesin müsahibəsində Gürcüstanı xatırlatması təsadüfi deyil.

Qeyd edək ki, 2002-ci ilə qədər Ermənistanda qızıl çıxarılmasının həcmi 2 tonu keçmirdisə, 2002-ci ildə bu artıq 3,2 ton idi. “GFMS Gold Survey 2019”-un məlumatına görə son 10 ildə Ermənistanda qızılın çıxarılma səviyyəsi xeyli artmışdır. Bu həm qızılın qiymətinin qalxması, həm də istehsal xərclərinin artması ilə bağlıdır.

“Söyüdlü” yatağından 2003-cü ildə 3,2 ton, 2004-cü ildə 2,5 ton, 2006-cı ildə 3 ton qızıl çıxarmışlar. “EITI Report 2016–2017”-un məlumatına görə “Sotk (Zod)” - Söyüdlü” yatağın istehsal həcmi və qiyməti 2016-cı ildə 3,8 ton, 2017-ci ildə 4,8 ton, 2018-ci ildə 4 tondan çox olmuşdur . Yerdə qalan filiz ehtiyatı 87,5 və 165,6 ton həcmindədir. Yerdə qalan istismar müddəti 18 ildir .

Sotk (Zod)-Söyüdlü yatağı

Göründüyü kimi bu günə qədər istismarın həcmi dəfələrlə artmışdır. Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılan qızıl xarici ölkələrə Ermənistan qızılı kimi çıxarılır.

Belə ki, əgər 2014-cü ilin rəqəmlərinə görə Ermənistandan 32,7 milyon dollarlıq 5,8 ton (o cümlədən İsveçrəyə 623 kq qızıl) q iymətli metal filizi ixrac edilmişdisə, 2019-cu ildə 223,7 milyon dollarlıq 5,825 ton qızıl ixrac etmişdir ki, bunun da 96,6%-i (214, 96 milyon dollar-qızılın qiymətində artım olmuşdur) İsveçrənin payına düşür.

Azərbaycan ittiham edir, İsveçrə susur...

Vartan Sirmakesin işğal altındakı ərazilərdə qeyri-qanuni fəaliyyəti ilk gündən rəsmi Bakının diqqət mərkəzindədir. 5 il əvvəl Azərbaycanın Baş Prokurorluğu isveçrəli iş adamına qarşı cinayət işi açaraq onu beynəlxalq axtarışa verib. İstintaq materiallarından aydın görünür ki, Azərbaycan tərəfi Sirmakesin qanunsuz iqtisadi fəaliyyəti və xüsusilə də, qızıl yataqlarının qeyri-qanuni istismarında iştirakı ilə bağlı kifayət qədər məlumat əldə edib. Bütün bu faktlar İsveçrə Konfederasiyası Baş Prokurorluğuna da təqdim olunub.

Nəticəsi? Nəticəsi yoxdur!

Sirmakes bu günün özündə də ərazilərimizi və təbii ehtiyatlarımızı talan etməkdədir. Üstəlik, “Qarabağ iqtisadiyyatı”na daha çox sərmayə vəd edərək gələcək üçün planlar da qurur – qızıl zavodu, kürü ixracı və s. və i.

Bəs rəsmi Bernin öz vətəndaşının qanunsuz fəaliyyətinə münasibəti necədir? Hələ 2015-ci ildə – Bakıda V.Sirmakesə qarşı cinayət işi qaldırılan zaman azərbaycanlı jurnalistlər bununla bağlı İsveçrənin Federal Xarici İşlər Departamentinə sorğu ünvanlamışdı. Berndən gələn cavabdakı sinizmə fikir verin: “İsveçrə heç zaman Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almayıb. Amma İsveçrə hökumətinin ölkəmizdəki investorların Dağlıq Qarabağ regionunda iqtisadi fəaliyyətinə mane olmaq üçün heç bir hüquqi əsası yoxdur”.

Çox qəribə vəziyyət yaranır. Bir tərəfdən beynəlxalq humanitar hüququn təməli hesab olunan Cenevrə konvensiyalarına əməl olunmasını zəruri sayan İsveçrə, digər yandan öz vətəndaşlarının və şirkətlərinin bu tələbləri kobudcasına pozmasına göz yumur. Niyə?

Öz şirkətlərinin Krım və Sevastopolda istənilən sahədə fəaliyyətinə məhdudiyyət qoyan, onlara nəinki Krımda biznes qurmağı, hətta, orada biznesi olan rusiyalı iş adamları ilə işgüzar münasibətlər yaratmağı belə, qadağan edən İsveçrə şirkətlərinin Dağlıq Qarabağda fəaliyyətinə mane olmaq üçün “hüquqi əsas” tapa bilmir. Niyə?

Vaxtilə Bakıda vergidən yayınan bir QHT sədrinə qarşı ittihamlara olduqca “operativ” reaksiya göstərən və səfirliyində ona sığınacaq verən İsveçrə, 5 ildir öz vətəndaşının başqa ölkənin ərazisində qanunsuz biznes qurmasına da eyni “operativlik”lə reaksiya vermir. Niyə?

Və ən əsası, görəsən, bu suallara cavab vermək üçün İsveçrəyə daha neçə il lazımdır?

P.S. Rəsmi statistikaya görə, Ermənistandan ixrac edilən məhsulların böyük bir hissəsi... Vartan Sirmakesin vətəni olan İsveçrəyə ixrac olunur. Nə qədər qəribə olsa da, ötən il Ermənistan məhsullarının ixrac edildiyi ölkələr sırasında Yerevanın əsas iqtisadi tərəfdaşı olan Rusiyadan sonra ikinci ən böyük paya sahib olan ölkə məhz İsveçrədir - ixracda bu ölkənin payı 17.4% (457 milyon dollar) həcmində olub.

Maraqlıdır, İsveçrə kimi inkişaf etmiş Avropa ölkəsi heç bir rəqabətə davamlı məhsul istehsal etməyən, texnologiyalara sahib olmayan, neft-qaz ixracatçısı olmayan Ermənistandan qiymətli daşlardan başqa nə ala bilər? Razılaşın ki, çox qəribə sxem alınır - İsveçrə vətəndaşının da birbaşa iştirakı ilə Azərbaycan torpaqlarından qanunsuz istismar olunan qiymətli daşlar sonda, elə İsveçrənin özünə satılır və gəlirin böyük bir hissəsi İsveçrə banklarına yatırılır.

Bəlkə, İsveçrəni vətəndaşı Sirmakesin Azərbaycan torpaqlarındakı cinayətkar fəaliyyətinə göz yummağa vadar edən məqam elə budur?

Mənbə: Azvision.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR