Erməni səfiri susduran azərbaycanlı təhdid edilir
Pyatiqorskdakı “Maşuk 2019” forumunda erməni nümayəndə heyətinin üzvləri ilə insidentdən sonra Bakı Gənclər Klubunun Beynəlxalq Departamentinin rəhbəri Sabir Rüstəmovun ünvanına təhdidlər daxil olmağa başlayıb.
Bu barədə Axar.az-a Sabir Rüstəmovun özü məlumat verib. O, insidentin baş verdiyi gün naməlum şəxslərin onun çadırındakı şəxsi əşyaları arasında qanunsuz axtarış apardıqlarını bildirib:
“Onların nə axtardığını bilmirəm. Mənə bu barədə İnquşetiya nümayəndə heyətindən olan şəxslər məlumat verdilər. Bundan sonra Azərbaycan icmasının üzvləri mənə forumun təşkilatçıları tərəfindən verilən çadırda qalmamağı məsləhət gördülər. Dedilər ki, bu şəxslər mənə hansısa formada zərər vurmaq üçün çantama nəsə qanunsuz şey ata bilərlər. Mən məsləhətə qulaq asdım. Hazırda nümayəndə heyətinin bütün üzvlərini Azərbaycan icması qoruyur və biz azərbaycanlıların evində yaşayırıq”.
Rüstəmov həmçinin baş verən provokasiya barədə Bakıya məlumat verən zaman forumun təşkilatçılarının onunla guya profilaktik söhbət etdiyini də bildirib. O, Pyatiqorskdakı insidentlə bağlı Axar.az-da yayımlanan məqalənin ona irad tutmaq üçün göstərildiyini deyib.
“Onların məqsədi məni susmağım üçün qorxutmaqdan ibarət idi. Pyatiqorskda çoxlu erməni var. Onlar praktik olaraq hər yerdə - həm hüquq-mühafizə orqanlarında, həm hakim dairələrdədirlər. Mənim addımım görünür erməni dairələri çox əsəbiləşdirib və onlar hərəkətə keçmək qərarına gəliblər. Onlar mənə sosial şəbəkələrdə yazır, zəng edir, mübahisə edir və təhdid edirdilər”.
Rüstəmov həmçinin artıq bir neçə gündür ki, fərqli səbəblər ucbatından Pyatiqorskdan uça bilmədiyini deyib:
“Amma Allaha şükür ki, bu gün Bakıya uçacağam. Doğma şəhərimdə 20:00-da olacağam”.
Qeyd edək ki, bundan öncə Rusiyanın Ermənistandakı səfiri Pyatiqorskdakı forumda çıxış edərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı bir sıra qəbuledilməz ifadələr və iddialar səsləndirib. Bu zaman forumda iştirak edən Rüstəmov səfirin fikirlərinə etiraz edib və nəticədə tərəflər arasında insident yaranıb. İnsidentdən bir müddət sonra Rusiyanın Azərbaycandakı Səfirliyi baş verənlərlə əlaqədar olaraq Rusiya Xarici İşlər Nazirliyinə nota təqdim edib, ardınca isə səfir Polad Bülbüloğlu adıçəkilən foruma qatılmaqdan rəsmən imtina edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət