Slimfit
  1. AZƏRBAYCAN

Erməni deputat: “Azərbaycanlılardan çox razıyıq”

Erməni deputat: “Azərbaycanlılardan çox razıyıq”
Sakura

Erməni deputat: “Azərbaycanlılardan çox razıyıq”

Gürcüstan parlamentinin erməni əsilli deputatı, “Gürcü Arzusu” partiyasının üzvü Samvel Manukyan Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik.  

-  Cənab Manukyan, oktyabrın 28-də Gürcüstanda növbəti prezident seçkiləri keçiriləcək. Siz və təmsil etdiyiniz erməni icması hansı namizədi dəstəkləyəcəksiniz?

-  Müstəqil namizəd Salome Zurabişvilinin qalib gəlməsini dəstəkləyirəm. Onun təmsil etdiyim Axalkalaki rayonunda qalib gəlməsi üçün çalışıram. Çox təcrübəli, mütaliəli və uzun illər diplomat işləmiş qadındır. Gürcüstanın bütün problemlərini bilir və həlli yollarını da göstərə bilər.

-  Sizcə, Gürcüstan erməniləri də bu qərarı dəstəkləyəcək?

-  Ümid edirəm ki, bəli, dəstəkləyəcəklər. Bütün erməni icmasının yığışaraq, konkret namizədə səs verməsi müzakirə olunmur. Amma Cavaxetiyada görüşdüyüm insanlar Salomeyə səs verəcəklərini deyiblər. İnanıram ki, o qalib gələcək.

-  Gürcüstanda yaşayan ermənilər və azərbaycanlılar arasında münasibətlər necədir?

- Münasibətlər çox yaxşıdır. İstər deputatlar, istər sədə insanlar, istərsə də vətəndaş hərəkatları arasında heç bir problem yoxdur. Və əgər deputatlar öz səylərini davam etdirsə, bundan da yaxşı olacaq. Özümün çoxlu azərbaycanlı tanışlarım var. Hər şey yüksək səviyyədədir. Bu vaxta qədər milli zəmində bir dənə artıq söhbətin şahidi olmamışam. Əhalisinin 95%-ni ermənilərin təşkil etdiyi Axalkalakidə bazarda Marneuli azərbaycanlıları alver edir və onlardan çox razıyıq. Ümid edirəm ki, bizim dost münasibətlərimiz böyük vətənlərimiz – Azərbaycan və Ermənistan üçün də nümunə olacaq.

Gürcüstan parlamentindəki azərbaycanlı həmkarlarınızla da münasibətləriniz istidir?

-  Bəli, heç şübhəsiz. Mən bilmirəm sizə hansı məlumatı veriblər, amma azərbaycanlı həmkarlarımla həmişə salamlaşıram, müəyyən məsələlər üzrə sıx təmasda da oluruq. Bəyəm azərbaycanlı deputatlar aramızda hər şeyin yaxşı olduğunu demirlər? Parlamentdə 4 azərbaycanlı deputat var ki, onlardan 3-ü iqtidar, 1-i isə müxalifət fraksiyasına mənsubdur. Müxalifətçi deputatı tez-tez görə bilməsəm də, fürsət düşəndə salamlaşıram və məni maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparıram.

-  Dağlıq Qarabağ münaqişəsi Ermənistanla Azərbaycan arasında normal qonşuluq münasibətlərinin qurulmasına ciddi maneədir. Gürcüstan parlamentinin erməni deputatı olaraq, münaqişənin həllini necə görürsünüz?

-  Mən bu suala cavab verə bilmərəm. Çünki mən nə Ermənistan, nə də Azərbaycan hökumətinin üzvü, yaxud rəsmisiyəm. Mən Gürcüstan parlamentinin üzvüyəm və yalnız bu ölkəyə aid məsələ olsaydı, bəlkə bir söz deyərdim. Sadəcə, deyim ki, Qarabağ münaqişəsi hər iki ölkənin razılığı ilə həll olunmalıdır. Tək istəyim hərbi əməliyyatların başlamamasıdır. Başqa bir söz deyə bilmərəm.

-   Gürcüstan, ərazi bütövlüyünün bərpası uğrunda çalışır. Azərbaycanın da ərazi bütövlüyünü tanıyır. Siz, cənab Manukyan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsınızmı?

-  Mən Gürcüstanın ərazi bütövlüyünü tanıyıram, amma orada tamam başqa situasiyadır. Məndə olan informasiyaya görə... Bu haqda sizinlə danışa bilmərəm. Sizə deputat kimi cavab versəm, bunu səhv başa düşərsiniz və Gürcüstan dövlətinin rəsmi mövqeyi kimi verə bilərsiniz. Buna sadə Gürcüstan vətəndaşı kimi cavabım ola bilər. Ümumiyyətlə, bu haqda danışmaq istəmirəm.

-  Yaxşı, onda sadə Gürcüstan vətəndaşı kimi Samvel Manukyan Azərbaycanın ərazi bütövlüyünü tanıyırmı?

-  Gəlin belə danışaq. Nə vaxt ki, mənim deputat mandatımın müddəti başa çatacaq, həmin vaxt da sizə şəxsən Gürcüstan vətəndaşı və bir erməni kimi bu sualın cavabını açıqlayacam. Razılaşdıq?

-  Növbəti sualım Cavaxetiya bölgəsində yerləşən Kumxudo kəndində polislə yerli erməni sakinlər arasında baş verən toqquşma ilə bağlıdır. Bölgədə hər hansı gərginlik var?

- Bəli, belə bir insident olub. Amma bu, sizi niyə belə maraqlandırır? Sualınıza cavab verəcəm, amma bunun nəyi sizə maraqlıdır?

- Çünki Gürcüstanda yarım milyon azərbaycanlı yaşayır və bu ölkədə milli zəmində baş verən istənilən gərginlik narahatlıq doğurur.

- Cavaxetiyada heç bir gərginlik yoxdur. Hamı öz işi ilə məşğuldur. Kumxudo kəndində isə bir qrup insanın maraqları xalqın maraqları ilə üst-üstə düşmürdü və bu kiçik problem yaratdı. Danışıqlar aparıldı və hər şey həll olundu. Problem yoxdur.  

- Cənab Manukyan, siz cavaxetiyalı fəal Vaaqn Çaxalyanla görüşürsünüzmü?

-Bəli. Mənə müraciət edən istənilən şəxslə, o cümlədən Çaxalyanla da görüşürəm. Mənlə ünsiyyət qurmaq istəyən erməniylə də, azərbaycanlıyla da, gürcü ilə də danışmağa hazıram. Siz də danışmaq istədiniz, ona görə sizinlə də məmnuniyyətlə danışıram.

- Səhv etmirəmsə, ötən il sizin avtomobilinizi Axalkalakidə yandırmışdılar. Hadisəni törədənlər tutuldu? Kimdən şübhələnirsiniz?

- Təəssüf ki, işin üstü açılmadı. Ərazidə heç bir müşahidə kamerası olmayıb. Yəqin ki, bunu da aranı qatmaq istəyən şəxslər siyasi sifariş əsasında törədib. Ümid edirəm ki, belə hadisələr heç bir deputatın, ümumiyyətlə, vətəndaşın başına gəlməz.  

Sonda sizdən xahiş edirəm ki, bir KİV nümayəndəsi, jurnalist kimi xalqların bir-birinə yaxınlaşmasına xidmət edin. Çünki gedəcək yerimiz yoxdur, qonşuyuq. Nə olur-olsun ermənilər, gürcülər və azərbaycanlılar daim ünsiyyətdə olmalıdır. Sözlərimi o yan-bu yan edə bilərsiniz, amma xahiş edirəm doğru olanı yazın. Sizin üçün kəskin bir başlıq çıxarmaq maraqlı ola bilər, amma unutmayaq ki, bu iki xalq arasında münasibətlərə təsir göstərə bilər. Siz xalqlarımızın yaxınlaşmasında KİV olaraq vacib rol oynaya bilərsiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR