Slimfit
  1. PSİXOLOGİYA

Erkən nikahlar niyə uzun sürmür?

Erkən nikahlar niyə uzun sürmür?
Sakura

Erkən nikahlar niyə uzun sürmür?

Erkən nikahlar çox vaxt sevgi, valideynlərin təkidi və ya maddi problemlərə görə qurulur. Çox vaxt da gənclər tərəfindən düşünülməmiş bu addım yaxşı nəticələnmir. Psixoloqların fikrincə, adətən, erkən nikahlar uzunmüddətli olmur. Belə ki, erkən nikahlar ilk iki-üç ildən sonra dağılır.

Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, gənc yaşlarında cütlük ailə həyatına hazır olmur: “Adətən çox gənc cütlüklər məişət problemləri ilə üzləşdikdə onları həll edə bilmirlər. Misal üçün, onlar aylıq gəlirlərini düzgün xərcləyə bilmədiyi üçün maddi çətinliklərlə üzləşir. Eləcə də ərin və arvadın öhdəliklərini dərk etmədən düzgün davranmadığı üçün ailədaxili konfliktlərə yol verirlər. Yaşları az olduğu üçün onları müstəqil yaşamağa buraxmağa ehtiyat edən valideynlərin daim münasibətlərə qarışması da həyatı dözülməz edir. Bu kimi səbəblərdən də çox vaxt cütlüklərdən ya hər ikisi, ya da biri çətinliklərə tab gətirə bilmədiyindən ailə dağılır”.R.Rzayeva bildirib ki, xüsusilə də müasir gənc qızlara ev işləri, qab, paltar yumaq, yemək bişirmək yorucu gəlir. Ailə həyatı onların romantik arzularına uyğun gəlmədiyindən özlərini bədbəxt hiss edirlər. Bu cür üzülməkləri azmış kimi, qayınana, ər və başqa ailə üzvlərinin onların işini tənqid etməsi, daim nədənsə narazı olmaları əsəb gərginliyini son həddə çatdırır. Kifayət qədər dünyagörüşü, həyat təcrübəsi olmayan gənc cütlüklər sınaqlardan keçə bilməyib, əsəb gərginliyində olduqları üçün əhəmiyyətsiz səbəb üzündən də ayrılırlar. Digər ailə üzvlərinin onlara kömək etmək əvəzinə, daha da onları sıxması boşanmanı sürətləndirir. Yaxşı olar ki, valideynlər gənc cütlüklərə dəstək olub, ilk illərdə onların yeni həyata adaptasiyasını gözləsinlər.Gənc oğlanlar sərbəst həyatlarının bitdiyinə görə də stress keçirirlər. Psixoloqa görə, onlar üçün 17-23 yaşlarında dostları ilə vaxt keçirmək, evə gec gəlmək, futbola getmək, saatlarla müxtəlif şənliklərdə vaxt keçirmək xarakterikdir. “Çox vaxt da dostları subay olduqlarına görə onların əhatəsində subay xanımlar da olur. Bu da yeni ailə quran gəncə nikahdan kənar əlaqə yaşamağa şərait yaradır. Həyat yoldaşı evdə ev işləri görərkən, yemək bişirərkən o, dost-tanışları ilə barda, kafedə və s. vaxt keçirir. Bu isə xanıma çox pis təsir edir. Adətən bu cür vəziyyətdə olan xanımlar depressiyaya düşür, həyata marağı itirir. Bəzən isə əksinə olaraq tez ailə quran xanım özü rəfiqələrindən ayrıla bilmir və subay xanımlara xas ailə həyatı sürür ki, bu da sonda pis nəticələnir”.Müsahibimizin dediyinə görə, nadir hallarda gənc qız yaxşı ana, gənc oğlan isə ailənin dayağı ola bilir: “Onlar adətən düşünülməmiş addım ataraq nikaha daxil olurlar. Sonra isə ömür boyu ya bu hərəkətlərinə görə peşmançılıq çəkir, ya da elə nikahın ilk illərində ayrılmağı qərara alırlar. Bu yaşda oğlanlar başqa qızlarla da maraqlanır və onlarla tanışlıqdan qaça bilmirlər. Nəticədə qısqanclıq üzündən daim ailədə mübahisələr başlayır. Qısqanclıq səhnələri, mübahisə, qadını döymək ailənin gündəlik həyat tərzinə çevrilir”.Uşaq dünyaya gələndə isə gənc ailənin qayğıları daha da artır. Psixoloq bildirir ki, nə oğlan, nə də qız çətinliklərə hazır olmadıqları üçün ailə həyatında xoşbəxtlik tapa bilmirlər. Xanımlar əvvəlki həyat tərzinə son qoymalı olur, oğlanlar isə əvvəllər bütün diqqətini onlara ayıran xanımın uşaqdan sonra dəyişdiyini qəbul edə bilmirlər. “Düzdür, əksər hallarda uşağın dünyaya gəlməsi gəncləri daha məsuliyyətli edir və ailə bağlarını möhkəmləndirir. Lakin bunun əksinin olması da istisna deyil”.

Rzayeva erkən nikahın fəsadları ilə üzləşməmək üçün 25 yaşdan tez ailə həyatı qurmağı məsləhət görmür: “Əgər bu yaşda insan həqiqətən də ailə qurmaq, rahat ailə həyatı sürmək və övlad arzulayır, maddi cəhətdən də heç kimdən asılı deyilsə, onun ailə həyatında ciddi problemlərin yaşanması gözlənilmir”.

Lakin erkən nikahın müsbət tərəfləri də var. Belə ki, gənclər bir-birinə güzəştə gedir və bir-birlərinə tez öyrəşirlər. Yetkin insanların artıq müəyyənləşmiş prinsipləri var, gənclərdə isə həyata baxış tərzləri hələ ki, formalaşır. Həm də cavan orqanizm stressi daha asan keçirir.

Psixoloqun dediyinə görə, qadın üçün ən münasib ana olma vaxtı 20-27 yaş arası hesab olunur: “Adətən erkən nikahlar sevgi üzərində qurulur. Bu yaşda hər iki tərəfin qəlbi hələ saf olduğundan bir-birini bağışlaya və xoşagəlməz hadisələri unuda bilirlər. Həm də yetkin və yaşlı insanlar da ailə quranda uğursuzluqla üzləşə bilərlər. Belə ki, onlar da boşanır və uşağın kimdə qalacağı ilə bağlı mübahisə edirlər”.

 

Aynurə Məmmədova

Gencaile.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR