Ərdoğan Davudoğlunu niyə qovdu?
AKP-nin Mərkəzi İcraiyyə Komitəsi keçmiş baş nazir Əhməd Davudoğlu ilə birlikdə 3 keçmiş millət vəkili və 2 mahal sədrinin partiyadan mütləq xaric edilməsi tələbi ilə İntizam Komitəsinə müraciət edib.
Axar.az xəbər verir ki, Türkiyənin “Yeni Akit” nəşri AKP mənbələrinə istinadən qərarın qəbulu və Davudoğlunun yaxın adamları ilə birlikdə partiyadan xaric edilməsinin gizli detallarını eksklüziv olaraq yayımlayıb.
Məlumata görə, AKP-nin Mərkəzi İcraiyyə Komitəsi iclasında 7 oktyabrda keçirilməsi planlaşdırılan qurultay və təşkilatlardakı dəyişiklik prosesi müzakirə edilib. Toplantıda AKP sədrinin müavini Ərkan Kandemir mahal və ilçə təşkilatlarının fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. Çıxışı zamanı Kandemir keçmiş Baş nazir Əhməd Davudoğlu, keçmiş millət vəkilləri Ayxan Səfər Üstün, Abdullah Başçı, Səlcuq Özdağ, keçmiş mahal sədrləri Nədim Yamalı və Səlim Temurci barədə tədbir görülməsini və İntizam Komitəsinə müraciət edilməsini tələb edib. Bundan sonra MİK üzvlərindən Lütfiyə Selva Çam, Mahir Ünal, Məhməd Özhaseki, Numan Qurtulmuş və Həyati Yazıcı da tələbin haqlı olduğunu bildiriblər. Partiya rəsmiləri Davudoğlunun yüksək vəzifələrə Prezident Rəcəb Tayyib Ərdoğan sayəsində gəldiyini xatırladıblar. Digər komitə üzvləri də tək-tək söz istəyərək Davudoğlu və ona yaxın 5 nəfərin açıqlamalarından narahatlıq keçirdiklərini ifadə ediblər.
Ərdoğan da dilə gəldi
Sözügedən şəxslərlə bağlı əsas narahatlığını ölkə başçısı və AKP sədri Rəcəb Tayyib Ərdoğan dilə gətirib. Ərdoğan Davudoğlu və onunla birlikdə olan şəxslərin xüsusən İstanbul seçkilərində AKP-yə dəstək vermədiklərini, dəstək xarakterli tək bir ifadə və açıqlama ilə çıxış etmədiklərini, lakin “AKP-çiyik” deyərək, ortalıqda dolandıqlarını qeyd edib. Türkiyə Prezidenti həmçinin Davudoğlu və dəstəsinin partiyadan özlərinin ayrılmasını gözlədiyini, lakin bunun baş vermədiyini, hazırda sözügedən şəxslərin təhdidlərdən istifadə etdiyini əlavə edib.
“Bu təhdidlər qarşısında susmarıq, millət də susmağımızı istəməz. İşi təhdidə çevirən bu şəxslərin partiyamızın damı altında siyasət aparmalarına izn verə bilmərik. Bunlar sadəcə bizdən deyil, Cümhur İttifaqı ortağımız MHP-dən də, Dövlət bəydən də narahatdırlar”, – Ərdoğan bildirib.
Ərdoğanın bu çıxışından dərhal sonra səsvermə başlayıb və AKP Mərkəzi İcraiyyə Komitəsinin bütün üzvləri sözügedən şəxslərin partiyadan xaric edilməsini dəstəkləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət