Slimfit
  1. ƏDƏBİYYAT

Ənvər Çingizoğlu - Qaradağlılar/Şərəfli oymağı

Ənvər Çingizoğlu - Qaradağlılar/Şərəfli oymağı
Sakura

Ənvər Çingizoğlu - Qaradağlılar/Şərəfli oymağı

Ustaclı elinə bağlanan oymaqlardan biri də Şərəflidir. Şərəfli oymağı Sivasdan sonra Diyarbəkrdə məskunlaşmışdı. Diyarbəkr Osmanlı dövlətinin tərkibinə keçəndən sonra Azərbaycana köçdülər. Şərəfli oymağından çıxan adlı əmirlərdən biri Bədr bəydir. Bədr bəy Mustafa bəy Təmişli-Ustaclıya xidmət edirdi. Mustafa bəyin ölümündən sonra şahzadə Əlqasib (Alxaz) mirzənin lələsi oldu. I Şah Təhmasibdən öncə sultan, sonra xan ünvanı aldı. Bədr xan Qızılbaşlar məmləkətinin seçkin əmirlərindən sayılırdı. Şah Təhmasib onu divanbəyi vəzifəsinə təyin etmişdi. Ordunun komandanı olmuşdu. Astarabad yaxınlığında özbəklərlə savaşda əsir düşmüşdü. Əsirlikdən xilas olub, saraya döndü. Şahın gözündən düşdüyündən xərifləyib vəfat etdi. Bədr xanın Imamqulu bəy adlı oğlu vardı. Imamqulu bəy I Şah Təhmasibə xidmət etmişdi. Şahdan sultan ünvanı almışdı. Ov etməyi, təbiətlə təmasda olmağı çox seirdi. Imamqulu sultan 1573-cü ildə düşmənlər tərəfindlən öldürüldü. Şərəfli oymağından çıxan tanınmış əmirlərdən biri də Qurd bəydir. Qurd bəy öncə Diyarbəkrdə fəaliyyət göstərirdi. Mustafa bəy Təmişli-Ustaclıya qulluq edirdi. Bir ara Bidlis vilayətinin mühafizi olmuşdu. Sonra Azərbaycana gəldi. Şərəfli oymağının tanınmış nümayəndələrindən biri də Xalxal bahadurdur. Xalxal bahadur Şah Ismayıl Səfəvinin ağalıq dönəmində Şərəfli oymağının başında dayanırdı. Xalxal bahadurun Pirqeyb bəy adlı oğlu vardı. Pirqeyb bəy Şah Təhmasibin diqqətini tez çəkdi. Şah onu vəzifə və ünvanlarla erkən tanış etdi. Sultan, ardınca da xan ünvanı verib, 1565-ci ildə Herat əyalətinin bəylərbəyi vəzifəsinə qoydu. Pirqeyb xan Şah Məhəmməd Xudabəndənin və Şah Abbasın hakimiyyəti dönəmində də üzdə idi. Pirqeyb xanın Əbülqasım bəy adlı oğlu vardı. Əbülqasım bəy sultan ünvanı ilə Ərəb Iraqındakı Hillənin hakimi idi. Şərəfli oymağının səsli nümayəndələrindən biri də Mustafa bəydir. Mustafa bəy Salman mirzə Təmişli-Ustaclının qulluğunda idi. Şirvanda tiyul torpağı vardı. I Şah Təhmasibdən sultan ünvanı almışdı. Şərəfli oymağının məşhur simalarından biri də Vəli bəydir. Vəli bəy şahdan öncə sultan, sonra xan ünvanı almışdı. Xorasan əyalətində fəaliyyət göstərirdi. Xaf və Bahərzanın hakimi idi. Bir çox savaşlarda çərxçibaşı olmuşdu. Şərəfli oymağının adlı-sanlı əmirlərindən biri də Ibrahim bəydir. Ibrahim bəy Mürşüdqulu xanın yaxın qohumu idi. Şah Məhəmməd Xudabəndədən sultan ünvanı almışdı. I Şah Abbasın şahlığının önlərində Bahərzanın hakimi idi. Şərəfli oymağının səs-sədalı nümayəndələrindən biri də Şeyx Əhməd ağadır. Şeyx Əhməd ağa Şah Məhəmməd Xudabəndənin və Şah Abbasın ağalıq dönəmində orduda xidmət edirdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR