Slimfit
  1. ƏDƏBİYYAT

Ənvər Çingizoğlu - Qaradağlılar/Hacıfəqihli oymağı

Ənvər Çingizoğlu - Qaradağlılar/Hacıfəqihli oymağı
Sakura

Ənvər Çingizoğlu - Qaradağlılar/Hacıfəqihli oymağı

Ustaclı elinə qatılan oymaqlardan biri də Hacıfəqihlidir. Tarixçilər Oruc bəy Bayat və Iskəndər bəy Münşi bu oymağın adını Mahifəqihli kimi göstərirlər. Hacıfəqihli oymağı Sivasdan gələndən sonra Çuxur Səd əyalətində, Irəvanda və Naxçıvanda yerləşmişdi. Hacıfəqihli oymağından çıxan ünlü əmirlərdən biri Həmzə bəydir. Həmzə bəy I Şah Ismayıla xidmət etmişdi və Qazaq sultan ləqəbi almışdı. Qazaq sultanın Şahqulu bəy adlı oğlu vardı. Şahqulu bəy öncə Məşhəd şəhərinin hakimi olmuşdu. 1551-ci ildə I Şah Təhmasib onu saraya dəvət edib, oğlu Ismayıl mirzəyə lələ təyin etdi. Elə həmin ildə, Hüseyncan sultan Rumlunun vəfatından sonra sultan ünvanı ilə Çuxur Səd əyalətinə bəylərbəyi təyin olundu. Savadlı və müdrik adam idi. Şahqulu sultan 1567-ci ildə Osmanlı dövlətinə, Ədirnə şəhərinə elçi getmişdi. Şahqulu sultan 1568-ci ildə Qəzvin şəhərində vəfat etdi. Şahqulu sultanın Məhəmmədi bəy, Şahəli bəy, Allahqulu bəy, Imamqulu bəy adlı oğulları vardı. Məhəmmədi bəy atasından sonra sultan ünvanı ilə Çuxur Səd bəylərbəyisi təyin olundu. Bir müddətdən sonra xanlıq fərmanı aldı. Məhəmmədi xan boyca balaca olduğuna görə «Toxmaq» ayaması daşıyırdı. 1576-cı ildə Osmanlı dövlətinə elçi getmişdi. Irəvan şəhərindəki məhəllədərdən biri və şəhərin civarında olan Toxmaq gölü onun adınadır. Məhəmmədi xan qurucu bir hakim idi. 1578-ci ildə Irəvan şəhərində qala tikdirmiş, bağ saldırmışdı. Məhəmmədi xan 1583-cü ilədək Çuxur Səd əyalətinin bəylərbəyi olmuşdu. Şahqulu sultanın ikinci oğlu Şahəli bəy sultan ünvanı ilə Astarabad hakimi təyin olunmuşdu. Ondan öncə Astarabadın hakimi Sədrəddin xan Ustaclı idi. Şahəli sultandan sonra Astarabadın başçısı Keçəl Şahverdi bəy Ustaclı oldu. Şahəli sultan Rey şəhərində vəfat edib. Şahqulu sultanın üçüncü oğlu Allahqulu bəy Xorasan əyalətinin bəzi mahallarında hakim olmuşdu. Bir müddət sultan ünvanı ilə Çuxur Sədin bəylərbəyisi vəzifəsində çalışmışdı. Sarayda xidmət etmişdi. Şahqulu sultanın dördüncü oğlu Imamqulu bəy Gərmrud hakimi olmuşdu. Hacıfəqihli oymağından çıxan ünlü əmirlərdən biri də Mustafa bəydir. I Şah Ismayıl zarafatla ona «Köpək sultan» ayaması qoymuşdu. Mustafa sultan Ustaclı elinin başçısı olmuşdu. Vəkillik mənsəbi üstündə gedən savaşda, 1527-ci ildə Şərurda Div sultan Rumlu ilə çarpışmada öldürüldü. Hacıfəqihli oymağından çıxan tanınmış əmirlərdən biri də süfrəçi Məhəmməd bəydir. I Şah Ismayıl zarafatla ona «Çayan sultan» ayaması qoymuşdu. Qızılbaş məmləkətinin əmirəlümərası olmuşdu. Məhəmməd bəy 1524-cü ildə vəfat etmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR