Ənvər Çingizoğlu - Avşarlar/Oğuz qurumunun, iyirmi dörd boyun sülaləri və şəxsiyyətləri
Bozoqlar: Dış oğuz deyilir, sağ tərəfdə dayanırlar.
1.Gün Alp/Gün xan: Simvolu şahin. Oğulları: a) Kayık/Qayı xan: Sağlam, bərk mənasındadır. Üç qitə və yeddi dənizə altı yüz ildən artıq hakimiyyətdə olan Osmanlı sülaləsi bu boydandır. Qayı boyundan Ərtoğrul qazi və hər biri birər müstəsna şəxsiyyətə sahib, çoxu dahi, cahangir, komandir, şair və sənətkar olan Osmanlı sultanı, Qayı xanı nəslinin hökumətini göstərmək kafidir. v)Bayat/Bayad: Dövlətli, hörmətli mənasındadır.Maraş və çevrəsinə hakim olan Zülqədəroğulları, Iranda məskunlaşan Qacarların bir qolu (Şamabayatılar), Xorasanda Qara Bayatlar, Maku və Doğubəyazid xanları, Kərkük türkmənlərinin çoxu bu boydandır. Dədə Qorqud kitabının 1480-ci ildə Hicazda yazan Təbrizli Həsən və məşhur Azərbaycan şairləri Məhəmməd Füzuli, Molla Pənah Vaqif bu boydandır. c)Alkabölük/Alkaevli hara getsə bacarar anlamındadır. Türkiyə və Azərbaycandakı Alaca, Alacalılar adı daşıyan yerlər bu boyun xatirəsidir. d)Qarabölük/Qaraevli: Qara otaqlı, qara çadırlı anlamındadır. Qaralar və qaralı kimi coğrafi yer adları bunlardan qalmadır. 2.Ay alp/ Ay xan: Simvolu Qartal. Oğulları: a)Yazqur/ Yazır: Çox ölkəsi olan. Ağ Yabqu dövründəki Yenikənd yabquları, Qərbi Türküstandakı Cənd əmirləri, Qaradaş deyilən Xorasan yazıçıları, Toroslardakı Gündüzoğulları xanədanı bu boydandır. b)Dügər/Toxar: yığılanlar, döşürənlər anlamındadır. Yenikəndli vəzir Aydur, Xarput-Diyarbəkir-Mardin hakimləri, Artuqlular, Sincar-Sivərək, Suruç arasındakı əski Cabər bəyləri, Məmlüklər dövründə Hələb, Hama elləri, Xəzər dənizi doğusundakı Saka boyu Toxarlar; Malatyanın Toxaris Bucağı, Dağıstandakı Digor və Qars və Arpaçay sağındakı Digor qəzası bu boydan xatirədir. c)Totırka/Dodurqa: Ölkə almaq və xanlıq düzəltmək mənasındadır. Sivas doğusundakı Tüdergeler bu boydandır. d)Yaparlı, müşk qoxulu mənasındadır. Müşk ticarəti edən Yaparlı oymağı bu boydandır. Yaparlı oymağının Ağqoyunlu və Gəraylı məscidlərinin mehrab divar xaricinə bu gözəl ətriyyatdan qatdıqlarından hələ də qoxmaqdadır. Diyarbəkir və Krımda xatirələri vardır. 3.Ulduz-Alp/Ulduz xan: Simvolu Davşancıl. Oğulları: a) Avşar/Afşar: Çevik və vəhşi heyvan ovuna həvəsli, ovçu mənasındadır. Xuzistan bəyləri, Konyadakı Qaramanoğulları, Nadir şah və xanədanı, Urmiya və Xorasan avşarları bu boydandır. b) Qızıq/Qırıq: Yasaqda çox ciddi və qüvvətli mənasındadır. Qaziantep, Hələb və Ankara çevrəsindəki Qızıqlar, Doğu Gürcüstanda və Şirvanın qərbindəki ovalığa Qazax adını verənlər bu boydandır. Qırıxlı tayfaları bu boyun nişanəsidir. c)Bekteli/Bəydili: Ulular kimi əziz mənasındadır. Xarəzmşahlar, Bozoq-Raha/Hələb çevrəsindəki Bəydililər bu boydandır. d)Karqın/Kargın, Qarxun- Daşqın və doyurucu mənasındadır. Ağqoyunlu-Zülqədəroğlu və Hələb-Xatay bölgəsindəki kargünlar, Azərbaycandakı Qarxun kəndləri bu boyun adındandır.
Üçoxlar: Iç Oğuzlar da deyilir, sol qolu təşkil edirlər
1. Göy alp/ Göy xan: Simvolu sunqur. Oğulları: a) Bayandur: Hər zaman nemətlə dolu yer mənasındadır. Ağqoyunlular sülaləsi, Izmirdən Gəncəyə qədər Bayandur adlı yerlər bu boydan gəlir. b) Beçene/Peçeneq yaxşı döyüşçü anlamındadır.Qaradəniz quzeyi ilə Balkan yarmadasına köçən və 1071 Malazgird ilə 1176 Mərzkelefon meydan müharibələrində Bizanslardan ayrılaraq Səlcuqlar tərəfinə keçən Peçeneklər, Ankara Çuxurova Hələb bölgələrindəki Türkmən oymaqlarından Peçeneklər bu boydandır. c) Çavuldur/çavundur: Ünlü, şərəfli, çevik mənasındadır. Türkmənistanda Manqışlaq çavuldurları, Çorum çevrəsindəki Çavuldur və Anadoludakı Çavdar Türkmən oymaqları, Ərzurum və çevrəsindəki Çavundur adlı kəndlər bu boyun adından götürülmüşdür. Qarabağ bəylərbəyiliyində Çavundur/Çulundur adlı nahiyə, xanlığında mahal vardı. d) Çəpni: Düşməni harada görsə savaşıb, çarpan, vuran və cəld savaşan mənasındadır. Rizə-Sinop arasındakı çox usta dəmirçi çəpnilər və çəplilər, Kırşehir, Manisa, Balıkəsir çevrəsindəki və Qars ilə Van bölgələrində Türkmən oymağı çəpnilər tapılmaqdadır. 2. Dağ alp/Dağ xan: Simvolu uçkur. Oğulları: a)Salur: Harda yetişsə qılınc və çomağı ilə iş görür mənasındadır. Qars və Ərzurum hakimləri, Salur Qazan xan sülaləsi, Sivas və Qayseri hökmdarı alim və şair Qazi Bürhanəddin Əhməd və dövləti, Fars Atabəyləri, Salqurlar, Xorasandakı Təkə Yomut və Sarıq adlı Türkmənlərin çoxu bu boydandır. b) Eymur/Imir: Çox yaxşı və varlı mənasındadır. Ağqoyunlu, Zülqədirli və Hələb Türkmənləri içindəki Eymurlu/Imirli oymaqları, Çıldır və Gürcüstandakı bəzi Tərəkəmə oymağı bu boydandır. c)Alayuntluq/ Alayundlu: Alaca atlı, heyvanları yaxşı mənasındadır. Yonca kəliməsi bu boyun xatirəsidir. d)Yürəgir/ Ürəgir: Daima yaxşı iş və düzən, qurucu mənasındadır. Orta Toros və Çuxurova Üçoxlu Türkmənlərinin çoxu, Anadoludakı Ramazanoğulları bu boydandır. 3. Dəniz Alp /Dəniz xan: Simvolu çakır. Oğulları: a) Iğdır: igidlik, böyüklük mənasındadır. Anadoluda yüzlərlə yer adı buraxan Iğdırlar, Iranda böyük Qaşqay eli içindəki Igdir və Iğdır, bu boyun xatirəsidir. b) Bəgdüz/ Bügdüz: Hərkəsə təvözə göstərər və xidmət edər mənasındadır. Həzrəti Peyğəmbərə elçi gedən (622-623-cü illər arasında Mədinəyə çatan), Bəgdüz Əmən soyu təmsilçisi və Yenikənd yabqularından onuncu yüzillikdəki Şahməliyin Atabəyi Quzulu, Hələb türkmənlərindən Bəgdüzlər bu boydandır. c)Yıva/ Iva: Dərəcəsi hamısından üstün mənasındadır. Böyük Səlcuq sultanı Məlikşahın (1072-1092) dövründə Suriya və Fələstini fəth edən Atsız bəy, XII yüzillikdə Həmədanın qərbində Cəbəl bölgəsi hakimləri Bərçəmoğulları, xaçlıları Hələb çevrəsində yenən Yaruq bəy, Güney Azərbaycandakı Qacar elinin Yıva oymağı bu boydandır. Ankarada çox tanınan Yıva qovunu bu boyun yerləşdiyi və adları ilə anılan kəndlərdə yetişir. d)Qınıq: Hər yerdə əziz, möhtərəm mənasındadır. Böyük və Anadolu Səlcuq dövlətləri, Orta Toroslardakı Üçoxlu türkmənlər, Hələb-Ankara və Aydındakı Qınıq oymaqları bu boydandır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət