Slimfit
  1. ƏDƏBİYYAT

Ənvər Çingizoğlu - Avşarlar/III fəsil (Avşar elinin tarixi)

Ənvər Çingizoğlu - Avşarlar/III fəsil (Avşar elinin tarixi)
Sakura

Ənvər Çingizoğlu - Avşarlar/III fəsil (Avşar elinin tarixi)

Öncə adaçımı haqqında. F.Rəşidəddin (Cəmiəttəvarix), Yazıçıoğlu Əli (Səlcuqnamə) və Əbülqazi Bahadır xan Xivəliyə (Şəcərei-təraikəmə) görə Avşar adının anlamı «işlərini cəld görən və ova həvəsli»dir. K.Vamberi bu adı əsərinin bir yerində «toplayıcı» digər yerində «əfsər, zabit» kimi açıqlayır. K. Nemət isə Avşar adının «avş» felindən törəndiyini qeyd edib, «itaətli» mənasında olduğunu yazır.

Məşhur türkoloq M.Kaşğari (XI yüzil) məlum «Divani-Lüğət-it-türk» əsərində 22 oğuz tayfalarından biri Əfşar//Avşar tayfasının adını qeyd etmişdir. F.Rəşidəddin oğuzların boyları, damğası, geneologiyasını daha dəqiq və stabil təsnif etmişdir.

Fəzlullah Rəşiddədində oğuzların boyları Boz-ok və Üç-ok deyə iki qrupa ayrılır. Avşar boyu Boz-ok qrupuna mənsub olub Ulduz xanın oğlu kimi təsvir olunmuşdur. O, yazır: «Avşar, çevik və vəhşi heyvan ovuna həvəsli». (F. Rəşidəddin, Oğuznamə, Bakı, 1987.səh.65.)

Yazıçıoğlu Əli bəy, Əbülqazi Bahadır xan Xivəli də oğuz tayfalarını 24 boya bölmüş, Avşar tayfasının da adını qeyd etmişlər.

M. Kaşğaridən, F. Mübarəkşahdan (əfşar) fərqli olaraq Fəzlullah Rəşidəddin və Əbulqazi xan Xivəlidə bu söz «avşar» formasında işlənmişdir.

Avşar adı yerlərə, yörələrə görə, müxtəlif cür səslənir. Avşar, ovşar, əfşar kimi deyiliş və yazılış biçimləri mövcuddur. Bu elin ilkin və dəqiq adı avşardır.

Bu adın Avşar adlı türk-Azərbaycan mənşəli etnonimdən törəməsi şübhə doğurmur. Avşarlar Azərbaycan xalqı və dilinin formalaşmasında əsas rol oynayan və Azərbaycan ərazisində onlarca eyni adlı toponimlərin yaranmasında fəal iştirak edən etnos olmuşlar. Türk xalqlarının abidələrində bu tayfanın adı dönə-dönə çəkilir. Bəzi tarixçilər qeyd edirlər ki, türk tayfaları olan qacar və avşarlar monqol istilaçları ilə birlikdə Orta Asiyadan gəlmişlər. Azərbaycanda bu tayfanın yerləşməsi isə Əmir Teymur və Miranşah mirzənin gəlişi ilə bağlıdır. Əslində avşarların Azərbaycanda yerləşməsi çox-çox əvvəllərə aiddir.

Avşar tayfalarının Iranda geniş ərazidə yayıldığını V.I. Savina qeyd edir: «Avşarlar Iranın türk əhalisinin arasında hazırkı dönəmdə böyük qrupları vardır. Səfəvilərə qədər Azərbaycanda (Cağatu çayından şərqdə) yaşayırdılar, sonra demək olar ki, hər tərəfə yayıldılar. Indi onlara Azərbaycanda rast gəlmək mümkündür. Məlumdur ki, avşar tayfasından 1736-1747-ci illərdə Iranda hakimiyyətdə olmuş Nadir şah çıxmışdır. Avşar etnonimi Iran toponimiyasında çox yayılmışdır. Əfşar, Əfşarcıq (Azərbaycanda), Əfşaran, Təppəəfşar (Kermanşahda), Əfşarlı, Qışlaqəfşar (Zəncanda), Əfşarməhəhəmməd, Hüseynabadəfşar, Ərəbabadəfşar, Cərməəfşar, Cülgəəfşar, Siyahəfşar (Mərkəzi Iranda), Qavəfşar (Yəzddə), Çəmənəfşar (Kermanda).» (Bax: Onamastika Vostoka. Moskva, 1980, V. I. Savina. Etnonimı i toponimı Irana.səh. 150. rusca). Adnan Menderes Kaya yazır: «Horasan ’ ın Birsand ilinde Abşar, Fars bölgesinde Abşar, Huzistan ’ da 2 adet Abşar, Erdebil ’ de Afşar, Doğu Azerbaycan ’ da Afşarsig ve Çahar-Mahal ’ da Afşar-Abad adlı yerleşim birimleri de Avşarlardan kalmadır». (Bax: A. M. Kaya, Avşar türkmənləri). Avşar etnoniminin paralellərinə Qərbi Azərbaycanda (hazırkı Ermənistanda) ürcah oluruq. Belə bir nəticəyə gəlirik ki, türk dilli avşar//afşar adlı tayfa Orta Asiya, Iran (Cənubi Azərbaycana) və ümumən Qafqaz ərazisində geniş yayılmış, yayıldığı ərazinin toponimyasında izini qoruyub saxlamışdır. Təbiidir ki, bu etnonim yerləşdiyi ərazidə və təsirin nəticəsində, eyni zamanda dilimizin monoformoloji qanunları, zonanın dialekt xüsusiyyətləri çərçivəsində müəyyən dəyişikliyə uğramışdır. Afşar//Ovşar //Əfşar və s. Variantları olan bu sözü özəyini «avşar» termini təşkil edir.

Indi isə Avşar eli haqqında. Avşar eli bir zamanlar Ağqoyunlu dövlətinə sığınmışdı. 1406-cı ildə özünü əl-Malük əl-Adil adı ilə Sultan elan edən Məmlük əmiri Çəkim türkmanları təhlükəli ünsür sayaraq onlara qarşı hərəkətə keçdi. Nəticədə avşar, bayat və inallıların mühüm bir qismi Qara Yuluq Osman bəyə sığındı. Qara Yuluq Osman bəy Çəkimin üzərinə getdi və o, döyüşdə öldürüldü. Həmin tayfalarından bəziləri öz yurdlarına qayıtdı.

Avşar elinin böyük bir qolu Qızılbaş tayfa ittifaqına qoşulmuşdu. Ünlü türkoloq Faruq Sümər Avşar elinin Qızılbaşları təşkil etməsi haqqında yazır: «Səfəvi dövlətini quran ünsür tamamilə türklərdən ibarətdir. Bu ünsürün böyük əksəriyyətini də anadolulu köçəri və kəndli türklər meydana gətirirdi. Yuxarıda deyildiyi kimi, Şah Ismayıl Ərzincan yaxınlığında Anadolu türklərini başına yığaraq, buradan Azərbaycana yürüyərək öz dövlətini qurmuşdur. Bu halət Səfəvi dövlətinin başlıca dayağı olan boy və obaların yurdlarının bilinməsilə daha düzgün anlaşılmaqdadır. Qızılbaş ulusunu təşkil edən birinci dərəcəli oymaqlar bunlardır: ustacalı-ustahacılı (Səfəvi dövründə ustaclı), rumlu, təkəlü, zülqədər, şamlı, əfşar, qaçar.» (Bax: F. Sümər, Oğuzlar, Bakı, 1992, səh. 163).

Tarixçi Əhməd Zəki Vəlidi Toğan «Azərbaycan» adlı kitabında Səfəvilərin ilk dövrlərində Azərbaycana hakim olan türk və türkmanlar haqqında yazır: «Teymur Ərdəbildə Şeyx Səfiəddin türbəsini ziyarət etməyə gəldikdə Ərdəbil şeyxi Xoca Əlinin xahişi ilə rumlu, şamlı, musullu, quzanlu, kavanlı, zülqədir və qacarları Səfəvi şeyxinin tabeliyinə vermişdi. Ərdəbil və Muğan tərəflərində şeyxlərin «qızılbaş» ordusunu təşkil edənlər də ustaclı, şamlı təkəli, baharlı, zülqədir, əvşar, qacar və varsaqlar idi. Səfəvilər dövründə «Otuz iki cavanşir» adı ilə adlanan cavanşir qəbiləsi Şirvanda və Qarabağda görünür. (Bax: Ə. Z. V. Toğan, Azərbaycan, Bakı, 2007, səh.52).

Avşar eli və nümayəndələri Səfəvilər dövlətinin qurulmasında, yayılmasında, idarə olunmasında fəal iştirak etmişlər.

1500-cü ildə Qızılbaş qoşunu Şirvana yürüş edərkən Avşar sərkərdələrindən Sultanşah bəy, Xəlil bəy möhrdar, Hüseyn bəy süfrəçi, Piri bəy pərvanəçi və başqaları öz qoşunları ilə orduya qatılmış, oranın alınmasında fəal iştirak etmişlər.

1514-cü ildə Çaldıranda Osmanlı ordusuna qarşı savaşan Qızılbaş ordusunun cinahına Sultanəli mirzə Avşar başçılıq edirdi. I Şah Ismayılı əsir götürmək istəyən osmanlılara «Şah Ismayıl mənəm» demişdi. Osmanlılar onu əsir almışdılar. Sultanəli mirzə üzdən dayısıoğlu Şah Ismayıla oxşayırdı.

1527-ci ildə özbək xanı Ubeydulla xan Qızılbaşlar məmləkətinə qoşun çəkdi. I Şah Təhmasib ordu toplayıb qarşı çıxdı. Ustaclı elindən Abdulla xan 200 nəfər seçmə bahadırla toplantı yerinə gəldi. Elin digər qruplarından isə 16 mindən yuxarı atlı yığılmışdı. Yığılanlar içində Ustaclı eli birinci yeri 17 min atlıyla, ikinci yeri Avşar eli 16 min atlıyla tuturdu. Özbəklər məğlub olub geri çəkildilər. 1534-cü ildə Osmanlı padşahı I Sultan Süleyman Azərbaycana ikinci yürüş etdi. Təkəli və Zülqədər tayfaları osmanlıların tərəfinə keçdilər. Avşar eli ağır qoşunla şahın yanında dayandı. Əlvənd xan və Göyçə sultan I Təhmasibin məşvərətçiləri, yaxınları, sərkərdələri sırasında idilər.

1546-cı ildə Alxaz (bəzi qaynaqlarda Əliqasib) mirzə Şirvan bəylərbəyi idi. Qiyam edib qardaşına qarşı çıxdı. I Təhmasib onunla danışıq aparmaq üçün qorçubaşı Sevindik bəy Avşarı göndərmişdi.

1548-ci ildə Osmanlı ordusu yenidən Qızılbaşlar məmləkətinə soxuldu. I Şah Təhmasib düşmən ordusunu izləyə-izləyə Xoya gəldi. Oradan Çaldırana yürüş etdi.Burada ona Kirman hakimi Şahqulu sultan Avşar və Mahmud xan Avşar qoşuldu.

Şahqulu sultan böyük qoşunla Osmanlıların sərhəd-sınır bölgələrini viran qoymaq üçün göndərilir. Onlar Əxlat ərazisində tayfaları soyub taladılar və təqribən 5 min at, 100 min qoyun və 50 min qaramal sürüb gətirdilər. Sultan Süleyman Azərbaycandan geri çəkilən kimi I Şah Təhmasib Kiş qalasına sığınmış Dərviş Məhəmməd xanı cəzalandırmaq üçün Qarabağdan Sevindik bəy Avşarı 2500 qorçu ilə Şəkiyə göndərdi. Qızılbaşlar Şəkini dağıdıb çoxlu qənimət ələ keçirdikdən sonra geri döndülər.

1551-ci ildə I Şah Təhmasib Şəkinin müstəqilliyinə son qoymaq qərarına gəldi. Avşarların qatıldığı və Sevindik bəyin başçılıq Qızılbaş ordusu Şəkini tutub dövlətlərinə birləşdirdilər. Toygün bəy Qacar Şəkinin hakimi təyin edildi.

1552-ci ildə Osmanlı ordusu yenidən Qızılbaşlar məmləkətinə soxuldu. I Şah Təhmasib düşmən ordusuna qarşı dörd istiqamətdə qoşun tərtib etdi. Ərəb Iraqı istiqamətində Şahqulu xan Avşar öz qoşunları ilə vuruşurdu.

1575-ci ildə I Şah Təhmasib xəstələnir. Qəhqəhə qalasında həbsdə yatan oğlu Ismayıl mirzə ilə bağlı əndişələndi. Ağlına gəldi ki, onun xəstəliyindən istifadə edib ustaclılar və qaradağlılar şahzadəni öldürə bilərlər. Ismayıl mirzəni qorumaq üçün Avşar elindən olan qorçuları Qaradağa, Qəhqəhə qalasına yolladı.

1576-cı ildə I Şah Təhmasib yenidən yorğan-döşəyə düşdü. Tayfalararası ədavət yenidən qızışdı. Hər el, hər qrup öz namizədini dəstəklədi. Bu arada şah vəfat etdi. Avşar elinin işi irəli düşdü. Sarayın mühafizəsini, dərgahın keşiyini hərəmxana yüzbaşısı Vəli bəy Avşarın başçılığı ilə avşar, rumlu, qacar, bayat və varsaq tayfalarından olan qorçular çəkirdilər. Vəli bəy qapını bağlayıb heç kimi içəridən çölə, bayırdan daxilə buraxmadı.

II Ismayıl mirzənin tərəfdarları arasında Əmiraslan sultan və Məhəmmədqulu bəy Avşar da vardı. Saraydaxili çəkişmədə Avşar elinin dəstəklədiyi Ismayıl mirzə qalib gəldi. II Şah Ismayıl taxta əyləşəndən sonra avşarların zəhmətini dəyərləndirdi. Vəli bəyə xan ünvanı verib Kirmana bəylərbəyi yolladı. Məhəmmədqulu bəyə isə xan ünvanı bəxş edib, qorçubaşı təyin etdi. Avşar elinin tanınmış nümayəndələri və qorçubaşıları haqqında ayrı yazıda danışacağıq. 1577-ci ildə II Şah Ismayıl vəfat etdi. Əmirlər ayaqlandılar. Qiyam başlandı. Araya girən Xəlil xan Avşar qızılbaşları sakitləşdirdi.

II Şah Ismayıl öləndən sonra məmləkəti müvəqqəti idarə etmək üçün «ağsaqqalar şurası» yarandı. Şuraya Ustaclı elindən Pirə Məhəmməd xan Çavuşlu, Türkman elindən Əmir xan Mosullu, Şamlı elindən Sultan Hüseyn xan Bəydili, Təkəli elindən Müseyib xan Şərəfəddinli, Avşar elindən Məhəmmədqulu xan Araşlı daxil idi.

1578-ci ildə Şah Məhəmməd Xudabəndə şah elan edildi. Yeni şah gözdən qarav olduğu və zəif gördüyü üçün dövləti arvadı Xeyrənnisə bəyim Məhdi Ülya, oğlu Həmzə mirzə və vəziri Mirzə Salman Cabiri-Ənsari idarə edirdi. Şah taxta əyləşən kimi yeni təyinatlara başladı. Avşar elinin nümayəndələri əsasən, köhnə vəzifələrində saxlandılar. Kerman, Kuhgiluyə əyalətlərini, Fərəh və başqa vilayətləri avşarlar idarə edirdilər. 1578-ci ildə osmanlı sultanı III Murad (1574—1585) Amasiya sülh müqaviləsini pozub çoxsaylı ordu ilə Qızılbaşlar məmləkətinə soxuldu. Osmanlı ordusuna qarşı vuruşan Qızılbaş qoşununun sərkərdələri içində Avşar elinin nümayəndələri də vardı.

1579-cu ildə Osmanlı sultanının göstərişi ilə Krım tatarları da Azərbaycana basqın etdilər. Imamqulu xan Qacar, Məhəmmədqulu xan Avşar, Şahrux xan Zülqədər, Məhəmməd xan Türkman, Pirməhəmməd xan Ustaclı, Museyib xan Təkəli, Həmzə xan Ustaclı və başqalarının başçılığı altında ordu toplanıb tatarların üzərinə hücuma keçdi. Tatarlar yenildilər.Şirvan tatarlardan təmizləndi. Bəylərbəyi Araz xan Rumlu osmanlılara qarşı döyüşdə öldürülmüşdü. Yeni bəylərbəyi təyin etmək gərəkliyi düşünüldü. Qızılbaş əmirləri Həmzə xan Təmişli-Ustaclının namizədliyini irəli sürdülər. Dəlil gətirdilər ki, onun atası Abdulla xan uzun müddət Şirvanın bəylərbəyisi olub. Şahın arvadı bu təklifə etiraz edib qışın şaxtasında saraya qayıtdı. Qızılbaş əmirləri də qeyzlənib Məhdi Ülyanın ardınca Qəzvinə getdilər.

Qəzvinə toplanan qızılbaş əmirləri sözü bir yerə qoyub and içdilər ki, dövlət işinə qarışan şah arvadını öldürsünlər. Ustaclı elinin ağsaqqalı Pirə Məhəmməd xan Çavuşlu onları bu fikirdən daşındırmağa çalışdı. Lakin qızışmış əmirlər saraya hücum edib Məhdi Ülyanı və tat-tacik ünsürlü bir çox əyan-əşrəfi öldürdülər. Hətta özünün ağlı və təcrübəsi ilə tanınan qorçubaşı Məhəmmədqulu bəy Avşar kimi nüfuzlu əmir də bu qəsdə cəlb edildi.

1580-ci ildə Qızılbaşlar arasına yenidən ədavət düşdü. Şirvana təzədən soxulan tatarlara qarşı vuruşan bəylərbəyi Məhəmməd xəlifə Hacılar-Zülqədər Əmir xan Mosullu-Türkmandan kömək istəmişdi. Əmir xan köməyə gəlsə də, döyüşə candan atılmamışdı. Bu dəfə Şahrux xan Zülqədər onu suçlayaraq özü vuruşmağa getmək istədiyini bildirdi. Ustaclılar da onun tərəfini tutub Əmir xanı mühakimə etdilər. Təfriqə yenidən başlandı. Öncə türkmanlara tərəf duran zülqədərlər və şamlılar bu dəfə ustaclılara qahmar çıxdılar. Şahrux xan Zülqədər açıq-açığa Əmir xanla düşmənçilik edirdi. Məhəmmədqulu xan Avşar araya girərək barışıq yaratdı.

1581 (hicri qəməri 989) –ci ilin yazında Qazi Girey və Səfi Gireyin başçılığı ilə Krım tatarları dördüncü dəfə Şirvana hücüm etdilər. Bundan bir qədər əvvəl Imamqulu xan Qacar qızılbaşların güclü dəstəsini (əasən qarabağlıları) həmellisi Peykər xanın köməyinə göndərmişdi. Şamaxıya hərəkət edən tatarlar başda Şirvan bəylərbəyi Peykər xan olmaqla qacar, çəkirli, qaramanlı və başqa tayfaların əmirləri ilə qarşılaşdılar. Döyüş Şamaxı ilə Şabran arasında baş verdi. Tatarların əvvəlki uğurlarının təsiri altında özünə güvənən Qazi Girey at belində döyüşün ən qızğın yerinə yeridi və Qarabağ qacarları tərəfindən əsir alındı. Tatarların və türklərin birləşmiş qoşunu yenidən ağır məğlubiyyətə uğradı. Səadət Girey də az qala əsir düşəcəkdi. Sağ qalan tatarlar və türklər (osmanlılar) döyüş meydanından qaçdılar. Şirvanlı Əbubəkr mirzə də aradan çıxdı. Bu savaşda avşarlar da fəal iştirak etmişdilər. Tarixçilər avşarların qəhrəmanlığını xüsusi qeyd edirlər.

1583-cü ildə Fərhad paşanın başçılığı altında Osmanlı ordusu Azərbaycana hərtərəfli hücum etmişdi. Çuxur Səd bəylərbəyi Məhəmmədi xan (Toxmaq) Ustaclı ilk zərbəni yenə öz üzərinə götürmüşdü. Daim qızılbaşlar arasında təfriqənin olmasını arzulayan baş vəzir Etimadəddövlə Mirzə Salman Cabiri-Isfahani Həmzə mirzəni adlı-sanlı Qızılbaş əmirləri Məhəmmədqulu bəy Avşara, Şahrux xan Zülqədərə və Məhəmməd xan Türkmana qarşı qaldırmağa çalışırdı. O şahzadəni inandırırdı ki, «bu üç xadim sağ olduqca, şahın canişinin gülüstanı ətir saçmayacaq və çiçək açmayacaq» (Iskəndər bəy Münşi).

Qızılbaş əmirləri vəzirin onlara qarşı fitnələrindən xəbərdar idilər və onu öldürmək qərarına gəlmişdilər. Heratda olarkən Mirzə Salman məiyyəti ilə şəhər ətrafına gəzintiyə çıxmışdı. Aralarında Məhəmmədqulu xan Avşarın oğlu Yusif xanın, Məhəmməd xan Türkmanın oğlu Vəlican xanın, Şahrux xan Zülqədərin qardaşıoğlu Xəlil sultanın və başqalarının olduğu qızılbaş gənclər dəstəsi qocaman əmirlərin göstərişi ilə onların arxasınca düşdü. Yolda təqib edənlər barədə məlumat alan Mirzə Salman tələsik geri qayıtdı. O, sığıncaq tapmaq ümidi ilə dövlətxanaya-şahın və Həmzə mirzənin yanına gəldi. Belə olduqda qızılbaş əmirləri şah sarayının yerləşdiyi Sultan Hüseyn mirzə mədrəsəsinə gələrək vəzirin onlara verilməsini tələb etdilər. Onlar açıq surətdə bildirdilər ki, Mirzə Salman qızılbaşların düşmənidir, tayfalar arasında ədavət və düşmənçiliyin səbəbkarıdır. Xorasan əmirləri arasında itaətsizliyin və qiyamın günahkarıdır və o sağ olduqca əmirlər arasında birlikdən söhbət gedə bilməz. Şahın və Həmzə mirzənin təslim olmaqdan başqa çarəsi qalmadı. Çünki əmirlər əks təqdirdə Abbas mirzə ilə birləşəcəkləri ilə hədələyirdilər. Əmirlər öncə vəzirin bütün əmlakını qarət etdilər. Bir neçə gündən sonra isə Mirzə Salmanı qətlə yetirdilər.

1584-cü ildə şah və şahzadə Təbrizə gəlmişdi. Burada qışı keçirdilər. Yeni ilin yaz mövsümünə hazırlaşan Qızılbaş ordusunda təfriqə yenidən alovlandı. Artıq böyüyüb yaşa dolan Həmzə mirzə anasının qisasını almağa girişmişdi. Əliqulu xan Fəthoğlu-Ustaclı şahzadənin beynini doldurdu ki, qorçubaşı Məhəmmədqulu xan Avşar Məhəmməd xan Türkmanla bərabər ananın öldürməsində günahkardır. Bu öyrətmədən sonra Həmzə mirzə qorçubaşını hədələməyə başladı. Sarayda olan qardaşıoğlu Cabbarqulu bəy şahzadənin hədəsini Məhəmmədqulu xana gizlincə çatdırdı. Məhəmmədqulu xan qaçıb osmanlılara qoşuldu. Bəzi qaynaqlarda Məhəmmədqulu xanın adı Allahqulu xan, bəzilərində isə sadəcə Qulu xan yazılır.

Həmzə mirzə Təhmasibqulu sultan Araşlı-Avşarı Məhəmmədqulu xanın əvəzinə qorçubaşı təyin etdi. 1585-ci ilin yayında Osman paşanın başçılığı ilə Osmanlı ordusu Azərbaycana yürüş etdi. Şah və şahzadə Qarabağda yaylaqda idilər. Çuxur Səd bəylərbəyi Məhəmmədi xan (Toxmaq) Ustaclı qərargaha qatıldı. Müdafiə planı hazırlandı. Bütün əyalətlərə xəbər göndərildi. Bəylərbəylər və hakimlərin qoşunları ilə Təbrizə toplanmaları əmr olundu. Türkman və Təkəli elinin əmirləri şahın əmrini rədd etdilər. Həmzə mirzə 20 min nəfərlik ordu ilə Qarabağ yaylaqlarından Təbrizə hərəkət etdi. Yolüstü Qaradağın Dizmar və Üzümdül mahallarında dincəldi. Ilyas xəlifə Toxmaqlı-Ustaclı şah və şahzadəni qonaqladı.

Məhəmmədi xan (Toxmaq) Ustaclı Təbriz civarında, Sufiyan yörəsində osmanlılarla üzləşdi. Öncə qızılbaşlar qələbə qazandılar, sonra osmanlıların çoxluğu öz sözünü dedi. Qızılbaş ordusu geri çəkildi.

Şahzadə Həmzə mirzə Əliqulu xan Ustaclını özündən aralamadığından bəylərbəylikdən çıxarıb Hüseynqulu sultan Fəthoğlunu təyin etmişdi. Təbriz şəhərinin müdafiəsini möhkəmləndirmək işini Pir Qeyb xan Ustaclıya tapşırmışdı. Osman paşa güclü həmlə ilə Təbrizi aldı. Pir Qeyb xan və Hüseynqulu sultan şəhərdən çəkilib Qaradağda, Üzümdil mahalında şaha qoşuldular.

1586-cı ildə sarayda olan Zülqədər, Avşar və Qacar ellərinin nümayəndələri şahzadə Həmzə mirzənin tərsliyindən narazı olduqlarını bildirdilər. Orduya birlik gərək idi. Həmzə mirzənin güzəştə getməsini dilədilər. Həmin ellərin nümayəndələri olan qorçular, qvadiyaçılar qızışdırıcı Əliqulu xanın Təbrizdəki evini yağmaladılar. Harda ustaclı evi vardısa viran qaldı.

Həmzə mirzə Məhəmmədi xan Ustaclını Təbrizdə qoyub sarayı qorumağı tapşırdı. 3 min nəfərlik qoşunla Qəzvinə yola düşdü. Türkman qiyamçıları artıq paytaxtı almışdılar. Həmzə mirzə Qəzvinə yaxınlaşdı. Burada Avşar və Bayat elindən ona qoşulanlar oldu. Qoşunun sayı 7 minə çıxdı. Qiyamçılar şahzadənin yaxınlaşmasını eşidib, paytaxtdan çıxdılar. 10 min nəfərdən çox olan qiyamçılar şah qoşunu ilə savaşda yenildilər. 1586-cı ildə qiyamı yatıran şahzadə Təbrizə qayıtdı. Həmzə mirzə yenidən qoşun toplamaq istədi. Türkman, Təkəli, Zülqədər ellərinin qırılanı qırılmış, qalanların bir hissəsi osmanlıların tərəfinə keçmiş, bir hissəsi isə ölkəyə səpələnmişdi. Avşar elinin nümayəndələri, əsasən Isfahan, Yəzd, Kerman və Kuhgiluyə qrupları isə ağsaqqaları Məhəmmədqulu xana görə küskün idilər. Xorasandakı ustaclılar və şamlılar Həmzə mirzəni eşitmək belə istəmirdilər. Onlar Abbas mirzəni şah görmək niyyətində idilər. Osmanlılar isə fürsətdən istifadə edib, Azərbaycana hücumlarını genişləndirmişdilər.

Həmzə mirzəni erməni dəlləyinin əli ilə öldürdülər. Qızılbaş əmirlərinin əsas kütləsi Qəzvin sarayından üz döndərib Abbas mirzəni şah kimi irəli sürən Xorasan əmirlərinin tərəfinə keçdi. Kerman, Yəzd, Isfahan və Kuhgiluyə avşarları Xorasan qızılbaşlarının tərəfinə keçdilər. I Şah Abbas Səfəvi taxta çıxandan sonra dövlət islahatlarına və yerdəyişmələrə başladı. Qızılbaşların nüfuzu azaldı. Avşarlar igidlikləri, qəhrəmanlıqları sayəsində bəzi əyalət və vilayətlərin idarəsini əllərində saxladılar.

I Şah Abbasın göstərişi ilə Ismayıl xan Alplı-Avşar 1589-cu ildə Yusif xanı vəzifəsindən kənarlaşdırıb, Vəli xanla birgə Kermanı idarə etməyə başladılar. 1592-ci ilədək Kerman əyalətinə başçılıq etdi. I Şah Abbas onu Kerman əyaləti bəylərbəyliyindən çıxarıb Fərəh vilayətinə hakim göndərdi.

I Şah Abbas 1595-ci ildə Kuhgiluyə hakimi Həsən xan Əbdüllətif bəy oğlu Avşarı qardaşı və oğulları ilə tutduraraq Qəhqəhə qalasına saldırmışdı. Qəhqəhə qalasından qaçışa hazırlaşan əsir osmanlı sərkərdələri Mustafa paşa, Əhməd paşa, Şahqulu bəy, Xalid bəy və başqaları qalabəyi Müzəffər bəy Qaradağlını öldürüb, bir müddət qalanı idarə etdilər. Həbsdəki qızılbaşları incidib, əziyyət verirdilər. Üsyançılar qaladan çıxıb, getmək istəyəndə Həsən xan qardaş və oğulları ilə birgə onların qabağını kəsib, tərk-silah etdilər. Əl-qollarını sarıyıb köməyə gələn mühafizəçilərə verdilər. Xəbər I Şah Abbasa çatanda, avşarları zindandan çıxarıb, özəl qorçuları sırasına daxil etdi.

Nadir şah Qırxlı-Avşarın hakimiyyəti dönəmində avşarlar yüksəliş yoluna qədəm qoydular. Bilik və bacarıqlarını ortalığa qoyub, mühim vəzifələr əldə etdilər. Bu dönəmdə yüksələnlərdən biri də Əlirza bəy idi. Əlirza bəy Hüveyzə və Şüştər bölgələrində baş verən qiyamları yatırmağa ezam edilmişdi. Bura da dədə-baba avşar yurdu olduğundan Əlirza bəy müvəffəqiyyət qazana bilmədi.

Nadir şah Əlirza bəyi xəyanətdə və itaətsizlikdə günahlandırıb, öldürtdü. Nadir şahın hakimiyyəti dönəmində Avşar elinin başçılarının hər birisi bir əyalətə və vilayətə hakim təyin edilmişdi. Məhəmmədmusa xan Məhəmmədqasım xan oğlu Qasımlı Əraq və Kaşana, Heydərqulu xan Qırxlı Şirvana, Bəhram xan Araşlı Şiraza, Məhəmmədqulu xan Araşlı Xorasanın Səbzivarına, Mehdi xan Həsən xan oğlu Qasımlı Irəvanın Qaramehdisinə, Lütfəli xan Kosaəhmədli Kermana, Musa xan Əmirli Taroma, Saleh xan Qırxlı Xorasanın Əbivərdinə, Əmiraslan xan Qırxlı Azərbaycana, Aşur xan Babalı Arasbara təyin olunmuşdular. Ibrahim xan Qırxlı Urmiyanın divanbəyi, Fətəli xan Araşlı orduda çərxçibaşı vəzifəsini tuturdu. Qasım xan Araşlı süvari dəstədə sərkərdə idi. Hüseynəli xan, Bisütun xan, Pero xan və başqaları Nadir şahın yaxınlarından sayılırdı. (Bax: Mirzə Rəşid Ədibüşşüara, Tarixi Əfşar, Təbriz, «Şəfəq», 1346 hicri şəmsi, səh.86-87).

Avşar eli müstəqil xanlıqlar dönəmində Urmiyada, Xəmsədə və digər yerlərdə öz özgürlüklərin elan etmişdilər.

Avşar eli Qacarlar sülaləsi dönəmində də dövlətin ictimai-siyasi yaşamında mühim rol oynamışlar. Rus-Iran savaşları zamanı səngərlərdə sipər olmuşdular. Abbas mirzə Qovanlı-Qacar rusların üzərinə hücum zamanı döyüş planı hazırlamışdı. Fransız müəllifi Jan Junior yazır: «Keçən gecə döyüş səflərinin düzülməsi planı tərtib olunmuşdu və zabitlər bilirdilər ki, səhər Şahsevən əsgərləri sağ cinahda dayanacaq, Əbdülməliki tayfası və Dəvəli Qacar tayfasının əsgərləri sol cinahda mövqe tutacaqlar. Qoşunun qəlbində-mərkəzində Avşar və Xocəvənd əsgərləri olacaqlar və cəbhənin arxasında süvarilər ehtiyat qismində mövqe tutacaqlar ki, lazım olan hissələrdə onlardan istifadə etsinlər. Sağ qolun komandanlığı Mustafaqulu xan Şahsevənə və sol qolun komandanlığı Davud xan Dəvəli-Qacara həvalə olundu.

Abbas mirzə də qəlbdə komandanlığı öz öhdəsinə götürdü. Eyni zamanda bütün cəbhənin komandanı o idi. Allahyar xan Avşar Xəmsə cəbhənin qəlbində Abbas mirzəyə kömək edirdi». (Bax: J.Junior, Unudulmuş qəhrəmanlar, 2004, səh.259).

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR