Slimfit
  1. DÜNYA

Ən kədərli növbə – Fərid Hüseyn Türkiyədəki zəlzələdən yazır

Ən kədərli növbə – Fərid Hüseyn Türkiyədəki zəlzələdən yazır
Sakura

Ən kədərli növbə – Fərid Hüseyn Türkiyədəki zəlzələdən yazır

 Artkaspi.az Fərid Hüseynin Türkiyədəki zəlzələdən "Ən kədərli növbə" adlı yazısını təqdim edir: 
 
 Bu şəkilə baxanda hər dəfə ürəyim qanayır və sadə bir həqiqəti yenidən dərk edib diksinirəm: Sən demə, ən di şeylər qəfildən əlçatmaza çevrilər, həyatın tamamilə nizamından çıxar və nəticədə sənin üçün əldə edilməsi bir içim su olan nəsnənin tamarzısına çevrilər, ona çatmaq üçün saatlarla növbədə dayanmalı olarsan. Hər şeyin bir andaca yox olmasını, imarətlərin xarabaya, nizam mücəssəmələrinin dağıntı yığnağına çevrilməsini ən əyani göstərən təbiət hadisəsi zəlzələdir. Təbiətin qəfilliyi, gözlənilməzliyi önündə texnika, elm hər nə qədər inkişaf etsə də, hələlik əliyalınıq, gücsüzük.  
Qayıdaq o fotoya... 
 Xatirimdədir ki, iki il öncə Sapanca Şeir Festivalına dəvət alıb Sakarya şəhərinə getmişdim, səfər müddətində imkan tapıb "Deprem Kültür Muzesi”nə – Zəlzələ muzeyinə baş çəkdim. 1999-cu ildə "Adapazarı depremleri” kimi tarixə düşən, 3891 can alan, 26551 binaya ziyan vuran, daxili təkanı 9, ümumən isə 7.4 bal gücündə olan zəlzələyə aid muzeyi ziyarət etdim. İndi orda xilasedicilərin papaqları, meşin əlcəkləri, yanğınsöndürən saxlancları, vəfat edənlərinin adının yazıldığı lövhə, zəlzələyə həsr edilən şeir plakatları və daha nələr-nələr qorunur, orada hər itkini  – insan ölümünü simvolizə edən bir işıq şamı yandırılıb. İşıqlar bildiyimiz şam formasındadırlar, bu saysız şamlar bir-birinin yanında dayanan insanları – ucsuz-bucaqsız izdihamı xatırladırlar.
 Şəkil haqqında danışmağım bir az gecikir. Fərqindəyəm... Bu foto indinin – bu komfortlu dövrün mənzərəsi fonunda absurd görükür, ağlasığmaz təsiri bağışlayır, çünki adi həyat axarında o fotoda əks olunanları dərk eləmək çətindir. Fotoda insanlar növbəyə dayanıblar, bir-birini gözləyirlər. Amma bu növbə insan oğlunun heç zaman dayanmadığı növbədir, – ortada enerji paylayanlar var və insanlar onun ətrafında dayanıb gözləyirlər ki, fürsət, imkan yaranan kimi yaxınlaşıb telefonlarına enerji doldursunlar. Özü də bu  foto o zaman çəkilib ki, onda hələm-hələm adamda mobil telefon yox idi.
 İndi –  rahat günlərdə telefonunu hər yerdə enerji ilə doldura bilərsən, bu gün ehtiyat enerji saxlancları, maşınlarda əlavə enerji toplayıcılar var, bir sözlə, bu məsələ günümüzdə qətiyyən problem deyil, amma o məqamda – Türkiyəni zəlzələ əzraili öz qanadları altına alanda o adi həyat ehtiyacı da müşküllər sırasında olub. Bu foto insan əlacsızlığının "son hədd”lərindən biridir. Deməli, bir anın içində  – bircə yeraltı təkan nəticəsində hər rahatlığı olan evini xeyriyyə təşkilatlarının çadırına "dəyişə”, ən əziz əşyaları dağıntılar altında görə bilərsən. Çağdaş insanın böyük əksəriyyətinin bir ömürlük zəhmətinin bəhrəsi – çox zaman onlarda qazanc iftixarı oyadan evin, isti ocağın əldə edilməsidir. O ev də bir silkələnmə, bir yeraltı təkan ilə dağılır – bir göz qırpımında "dam qırağındakı qəfəs”  sayaq yerə düşür, – əli-ovcu boş qalırsan.
 Dünən qardaş Türkiyənin Elazığ şəhərində yenə yer yerindən oynadı – zəlzələ oldu. Yaxın illərdəki köhnə itkilərin ağrısı ürəklərdən çəkilməmiş dağ üstünə dağ çəkən fələk torpağı elə təkanla dəbərtdi ki, onlarla insan tələfatı, yüzlərlə yaralı haqda acı xəbərlərin tüstüsündən göz gözü görmür. Elazığın qaraxuçasının yatdığı gün uzun illər xatırlandıqca ürəkləri sıyıran ələmli tarix kimi yadda qalacaq və məni yandıran odur ki, yenə də Türkiyəmizdə hər pikselindən, hər düyümündən ağrı daman fotolar yadigar qalacaq və o fotolarda yenə də kədərli növbələr, cərgələr əks olunacaq...
 
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR