Slimfit
  1. AZƏRBAYCAN

Ən böyük arzusu kino rejissoru olmaq, filmlər çəkmək idi...

Ən böyük arzusu kino rejissoru olmaq, filmlər çəkmək idi...
Sakura

Ən böyük arzusu kino rejissoru olmaq, filmlər çəkmək idi...

Azərbaycan qadını sədaqəti, qəhrəmanlığı, cəsarəti və digər yüksək keyfiyyətləri ilə xalqımızın adını daim uca tutub. Ötən əsrin 90-cı illərində torpaqlarımız erməni daşnaklarının təcavüzünə məruz qalanda, igid oğullarımızla bərabər Vətənin mərd qızları da silaha sarılaraq, mənfur düşmənə qarşı qəhrəmancasına vuruşmuş, bir çoxları bu müqəddəs amal uğrunda həyatlarını qurban verərək, şəhidlik zirvəsinə yüksəlmişlər. Daxili Qoşunların əməkdaşı olmuş sıravi Könül Qəhrəmanova da şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman xanımlarımızdan biridir.

Könül Kamran qızı Qəhrəmanova 1972-ci il iyulun 6-da qədim tarixə və füsunkar təbiətə malik yurd yerlərimizdən olan Şəki şəhərində dünyaya göz açıb. Kamran dayı və Nayma ananın min bir zəhmətlə böyüdüb tərbiyə etdiyi üç övladdan (Könül, Aynur və Elnur) ailənin ilki idi. Könül 14 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra şəhərdəki 91 saylı texniki peşə məktəbinə daxil olur. Burada oxuyarkən musiqiyə, incəsənətə böyük maraq göstərir. Bu həvəslə sənədlərini Azərbaycan Dövlət İncəsənət Universitetinə verir və qəbul olur. Könülün ən böyük arzularından biri də bu təhsil ocağını müvəffəqiyyətlə bitirib, kino rejissoru olmaq və filmlər çəkmək idi. Lakin tarixin amansız hökmü onun bu arzularını gözündə qoydu...
* * *
Bədnam qonşularımızın Qarabağ və həmsərhəd rayonlarda dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər xalqımızın vətənpərvər övladı kimi Könülü də hədsiz narahat edirdi. O, ali təhsilini yarımçıq qoyaraq, cəbhəyə yollanır...

1998-ci ildə Bakıda çap olunan “Şəki qartalları” kitabındakı “Qəhrəman Könül” başlıqlı məqalədə oxuyuruq: “... Qarabağ hadisələri Könülün həyatında döyüş nöqtəsi oldu. Həcər qeyrətli, Nigar şücaətli qız təhsili bir kənara qoyub könüllü olaraq Xocalıya, döyüş bölgəsinə getdi. Könül 1991-ci ilin noyabr ayından 1992-ci ilin sentyabrınadək Xocalı, Goranboy, Ağdam, Şuşa, Laçın rayonlarında gedən döyüşlərdə fəal iştirak etmiş, yaralı əsgərlərimizə tibb bacısı kimi yardım göstərmişdir.

...Evdən cəbhəyə xəbərsiz getmişdi. Valideynləri öz qızlarının sorağını qəzet səhifələrindən, radio-televiziya verilişlərindən aldılar”.
Könülün cəbhəyə gedərkən ailəsinə yazdığı məktubundan: “Azərbaycan üçün, xalqımın, torpağımın azadlığı üçün canımı əsirgəməyəcəyəm. Əgər bu yoldan dönsəm, hər şey mənə haram olsun. Yox əgər siz döndərmək istəsəniz, onda məni görməyəcəksiniz. Torpağı qorumaq hər bir övladın borcudur. İstər qız olsun, istər oğlan, fərqi yoxdur. Sözüm budur və bu yoldan da dönməyəcəyəm. Axır sözüm: mənə halallıq verin, bağışlayın məni...”.

Könül sonralar Daxili Qoşunların döyüş bölgəsində olan bölmələrinin tərkibində xidmət etməklə, Vətənə övladlıq borcunu şərəflə yerinə yetirdi.
Daxili Qoşunların tərkibində könüllü olaraq vuruşmuş Məhərrəm Əliyarov (qardaşı Vaqif Əliyarov 1994-cü ilin yanvarında Ağdərə cəbhəsində şəhid olub - A.Ə.) Könüllə birgə iştirakçısı olduğu döyüşlərdə onun göstərdiyi qəhrəmanlıqları unutmayacağını deyir: “...Qorxubilməz, mərd qız idi. Ağdam və Ağdərə bölgələrində, o cümlədən Güneypəyə, Çıldıran, Drambon, Qalayçılar, Manikli və s. kəndlər uğrunda gedən döyüşlərdə birgə vuruşmuşuq. Könül döyüşməklə bərabər, qorxmadan gedib yaralı əsgərlərimizi də güllə altından çəkib çıxarırdı...”.

Daxili Qoşunların veteranı, Quba rayonu, Vəlvələçay kənd sakini Namiq Zamanlı (1992-ci ilin avqustunda Ağdərə rayonunda gedən döyüşlərdə aldığı yara nəticəsində sol ayağını itirib - A.Ə.) da Könülün Vətənimizin qəhrəman oğulları ilə birgə çiyin-çiyinə vuruşduğunu qeyd edir, onu Cinli kəndi ətrafında gedən döyüşlər zamanı yaxından tanıdığını bildirir.

30 sentyabr 1992-ci il. Ağdam rayonunun Cinli kəndində baş vermiş döyüş Könülün son döyüşü oldu. Düşmən artilleriyasının mövqelərimizə atdığı mərminin partlaması nəticəsində sıravi Könül Qəhrəmanova əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəldi...

Vaxtilə Qarabağ cəbhəsində gedən ağır döyüşlərdə erməni daşnaklarının başına od-alov yağdıran taborlardan birinin komandiri olmuş polkovnik Məhəmməd Hacıyev: “...O zaman bizim qərargahımız Cinli kəndindəki orta məktəbdə yerləşirdi. Kənd demək olar ki, hər gün düşmən tərəfindən müxtəlif növ silahlardan güclü atəşə məruz qalırdı. Könül əvvəllər könüllülərdən ibarət olan “Bərdə batalyonu”nun tərkibində vuruşurdu. Sonralar isə Daxili Qoşunların Zaqatalada yerləşən hərbi hissəsindən ezam olunmuş şəxsi heyəti ilə birgə döyüşürdü. Həmin gün onlar bizim ön mövqedə yerləşən taborun şəxsi heyətini dəyişmək üçün gəlmişdilər. Bu zaman ermənilərin atdığı minomyot mərmisi bizim qərargahın ərazisinə düşdü. Bu vaxt Könül cəsur silahdaşımız baş leytenant Yaşar Bədəlovla birgə qərargahın həyətində əyləşmişdilər. Mən onlara: “Buradan qalxın! Yoxsa sizi vuracaqlar” - deyəndə, Könül gülümsəyərək, özünə məxsus şirin Şəki ləhcəsi ilə: “Qorxma, ay komandir, bizə heç nə olan deyil” - dedi. Gözündə qətiyyən qorxu hissi yox idi. Bu zaman düşmənin atdığı ikinci mərmi düz onların qabağına düşdü... Könül şəhid oldu. Baş leytenant Yaşar Bədəlov isə ağır yaralanmışdı. Hospitala aparılarkən o da yolda çoxlu qan itirməsi nəticəsində şəhid oldu...”.

* * *
Könülün anası Nayma xala cəsur qızının hərbi formada çəkdirdiyi fotoşəkillərinə baxır və onunla bağlı xatirələrini dilə gətirir: “...Bir gün Könül gəlib mənə dedi ki, ana sizin evliliyinizin ildönümünə ən böyük hədiyyəni mən bəxş edəcəyəm.

Kamranla ailə həyatı qurmağımızın 20 ili tamam olurdu. Sentyabrın 30-da bizim evdə qız toyu, oktyabrın 2-də isə Kamrangilin evində oğlan toyu olmuşdu... Könül sentyabrın 30-da şəhid oldu... Oktyabrın 2-də isə dəfn olundu... Onun “hədiyyə” olaraq bəxş etmək istədiyi, sən demə, şəhid olması imiş...”.

Kamran dayı şəhid qızı ilə qürur duyduğunu qeyd edərək, vaxtilə Könüllə birgə çəkdirdiyi fotoşəkili göstərir. Şəkildə hərbi forma geyinmiş və əlində silah tutan övladını qucaqlayaraq, əlini kürəyinə qoyan atanın vüqarlı baxışlarından da onun böyük iftixar hissi keçirdiyini görmək olur...

Könülün bacısı Aynur Vətənimizin müdafiəsi uğrunda şəhid olmuş qəhrəman bacısının adını yaşatmaq üçün ilk övladına onun adını qoyub. Deyir, qoy o da, bacım kimi qorxmaz, mərd, vətənpərvər və xalasının adına layiq övlad olsun.

Şairə İradə Gülfir peşə məktəbinin Qarabağ uğrunda həlak olmuş şagird və məzunlarının xatirəsinə həsr etdiyi “Şəki şəhidləri” adlı şeirində Könülün qəhrəmanlığını belə tərənnüm edir:

Nigar, Həcər kimi bir şücaətlə,
Qorxmaz igid kimi çox cəsarətlə,
Aslanlar aslanı qəhrəman Könül.
Şəhid zirvəsinə qalxdı qeyrətlə...


Könül Qəhrəmanovanın həyat və döyüş yolu barədə bir sıra mətbu orqanlarda yazılar dərc edilib. Onun adı arxiv sənədlərində Daxili Qoşunlar üzrə “1992-1994-sü illərdə gedən döyüş əməliyyatları nəticəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı”nda 272-ci sıra nömrəsi ilə qeyd olunub. Vətənin qəhrəman qızı Şəkidə Şəhidlər xiyabanında torpağa tapşırılıb. Vaxtilə yaşadığı küçəyə Könül Qəhrəmanovanın adı verilib, “Könül” xatirə bulağı çəkilib.

Ailə üzvləri, qohum-əqrəbaları hər il doğum və şəhid olduğu tarixlərdə bir araya gələrək, onunla bağlı xatirələrini qürur hissi ilə yada salırlar. Qəhrəmanovlar ailəsinin ən böyük arzusu isə işğal olunmuş torpaqlarımızın tezliklə Azərbaycan Ordusu tərəfindən azad edilməsi və Vətən uğrunda canlarını qurban verən şəhid övladlarımızın intiqamının erməni cəlladlarından alınmasıdır...
Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR