Elşən İsmayıl - Yağ, ey yağış...
Yağ, ey yağış,
Ömrümə, günümə,
Həyatıma yağ,
Həyatdan ayrılan dünümə yağ,
Bu günümə, sabahıma,
Yağ sən bütün günahıma...
Yağ, yu apar
Sel su kimi,
Həyatımın hər şeyini
Təmizlə sən çirkabından,
Yalanından, böhtanından...
Yağ, ey yağış,
Sən yağ ki, mən
Ayrılmayım sevdiyimdən,
Xatırlayım narin-narin
Damcıların kimi,
Özləyim, özləyim sevdiyimi...
Yağ, yağışım, yağ qəlbimə,
Yağ sevgimə,
Sən yağ mənə,
Arzularıma, diləyimə,
Yağ ki, eşqim heç solmasın,
Ürəyim daim onu,
Onu arzulasın,
Yağ, yağışım yağ...
Yağ, ey yağış,
Yağ, quru səhra kimi
Quruyan boğazıma,
Avazıma,
Sən yağ, melodiyama
Bir ruh ol,
Dol ciyərlərimə,
Soyuqdan sızlayan bənizimə,
Bəlkə isindim sənin damcılarınla,
Yaşayıram arzularınla,
İstəyinlə,
Kövrəlirəm qəminlə,
Sən yağdıqca
Xatırlayıram keçmişimi,
Dünənimi, bütün ömrümü.
Sən yağ ki,
Üstümdəki torpaq kimi
Yuyulsun bütün kinim,
Nifrətim yox olsun,
Ürəyim yalnız sənin
Eşqinlə dolsun...
Yağ, yağışım,
Salam desin payız mənə,
Məktub yazsın gözəl qışım,
Yağ, səmadan ta mənədək,
Gözlərimdən, sinəmədək,
Yağ,
Ürəyim açsın çiçək...
Yağ, yağışım,
Arzum səni,
Könlüm səni
Qoy istəsin,
Fikrim-zikrim səni desin,
Yağ, yağışım,
Sevgim buludlara qovuşsun,
Diləklərim gerçək olsun,
Mələklərim körpə doğsun
Şirin-şirin xəyal kimi,
Sən eşqimin yelkəni,
Dəryalarda üzən təknə kimi...
Yağ,
Bu eldən Tanrıyadək,
Yağ,
Səninlə qonaq gedim,
Arzuların limanında
Mən yarimlə görüşüm,
Öpüşüm, sevişim qoy
Doyunca,
Səndən mənə bir oyuncaq
Göndərən mələk kimi,
Yağ, qırım mən bu tilsimi,
Bir sehrlə sənlə olum,
Yağ,
Üstümdəki torpaq kimi
Yuyulsun bütün kinim,
Nifrətim yox olsun,
Ürəyim yalnız sənin
Eşqinlə dolsun...
Yağ, yağışım, yağ...
ELŞƏN İSMAYIL
Yağmurlu bir sentyabr gecəsindən xatirə...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət