Slimfit
  1. MARAQLI

Elmi hardan öyrənək?

Elmi hardan öyrənək?
Sakura

“Elmi hardan öyrənək?” M.F.Axundovun H.Zərdabiyə məktubu

Bizim əzizimiz və gözümüzün işığı Həsən bəy, sən hər qəzetində bir müsəlman tayfasına elmin fəzilətini və səməratını  zikr edib bizə hey təklif edirsən: elm öyrənin, elm öyrənin… Çox yaxşı, sözün baməna və nəsihətin müfid və xeyirxahlığın sabit. İndi biz hazırıq ki, sənin nəsihətini əmələ gətirək. Bizə de görək elmi harada öyrənək, kimdən öyrənək və hansı dildə öyrənək? Əgər şəhərlərdə öyrənək, şəhərlərdə məktəbxanalar yoxdur. Əgər külli şəhər xalqı padşahlıq məktəbxanalarda oxusalar, yer tapılmaz. Deyəcəksən ki, özümüz şəhərlərdə məktəbxanalar bina edək. Çox yaxşı, hansı istitaət ilə?

 

Bərfərz ki, etdik, müəllimləri haradan alaq? Türki, farsi və ərəbi dillərində elm bilən müəllimlər yoxdur və bu dillərdə elm kitabları yoxdur, pəs necə edək? Deyəcəksən ki, rus dilində oxuyun, öyrənin. Çox yaxşı, şəhərlərdə məktəbxanalar açdıq, rus dilində elm öyrənməyə başladıq. Aya, ünas və kənd əhlimiz  necə etsinlər, kəndlərdə də məktəbxanlar açaq və müəllimlər gətirdək, ya yox? Əgər deyirsən açın, insaf elə, hansı istitaət ilə və hansı qüdrət ilə?

 

Dövləti-qəviyyeyi-Rusiya bu istitaət və qüdrət ilə hələ kəndlərdə məktəbxanalar bina etməyibdir, biz füqəra necə edək? Əgər deyirsən ki, kənd əhli qalsın, ancaq şəhər xalqı elm öyrənsin, onda sənin muradın əmələ gəlməz, bir gül ilə bahar  olmaz. Şəhər xalqı kənd əhlinə nisbət qətrədir dəryaya nisbət. Elmin mənfəəti o surətdə zahidir ki, kaffeyinas, Prus xalqı kimi və yeni dünya xalqı kimi, ünsən və zükurən elmdən bəhrəyab ola. Pəs bica yerə bizə tənə etmə, əl çək bizim yaxamızdan, buna ancaq şakir ol ki, dövləti-Rusiyanın təhti-himayətində keçən zəmanələrin qoşunkeşliyindən, çapqınından azad olub, asayiş tapmışıq və zindəganlıqdan razıyıq. Elm öyrənməyə istitaət gərək, ittifaq gərək, vəsilə gərək. Əvvələn, istitaətimiz yoxdur, səbəbini izhar etməyə cürət yoxdur. İttifaqımız da yoxdur. Qafqaz səhifəsində sakin olan müsəlmanların yarısı şiədir, yarısı sünnü. Şiələrin sünnülərdən zəhləsi gedir, sünnülərin şiələrdən. Heç biri bir-birinin sözünə baxmaz. İttifaq haradan olsun?

 

Vəsiləmiz dəxi yoxdur. Ondan ötrü ki, türki, farsi və ərəb dillərində on beş ilin müddətinədək ancaq bir yarımçıq savad kəsb etməyə qadirik. Əgər müttəsil oxusaq, aya bu dillərdə elmi necə öyrənək? Sənin sözünə qoy osmanlılar və qızılbaşlar baxsınlar. Pəs onlar niyə elmsizdirlər? Külli Ərəbistan bisavaddır, ərəblər ya dilənçilik, ya çapavulçuluq edirlər. Külli Anatoliya bisavaddır, külli İran bisavaddır. Ancaq İstanbulda, Tehranda və Təbrizdə beş-altı nəfər yazan və oxuyan tapılır. Səbəb odur ki, müsəlman dillərində oxumaq çətindir.

 

Bir də şikayət edirsən ki, sənin qəzetini alan yoxdur. Sözün çox hesabı. Kim alsın? Vəqta ki, şəhərlərdə, kəndlərdə və obalarda xanzadəmiz, bəyzadəmiz, sövdəgərzadəmiz, əkinçilərimiz, sərkarlarımız, çobanlarımız oxumaq və yazmaq bilmirlər, ünas əhli hakəza, qəzeti alıb neyləsinlər? Cırsınlar, tullasınlar? Külli İrəvan quberniyasının xalqı türki oxumaq bilmir. Qalan yerlərdə ki, bir paraları filcümlə oxumaq, yazmaq bilirlər, alıblar, dəxi nə istəyirsən? Sənin muradın o vaxtda kamilən bitər ki, bizim hətta çobanlarımız da Prus çobanları kimi oxumaq, yazmaq bilələr və ünas tayfamız da oxumaq bilə. Təvəqqə edirəm ki, mənim bu kağızımı biduni-ziyad və nöqsan onun cavabı ilə öz qəzetində basasan.

 

Yazıldı Qafqaz səfhəsində sakin olan milləti-islamın təqdirən Vəkili-naməlumu tərəfindən.

Əvvəli-yanvar, sənə 1877.

Mənbə: Senet.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR