Elm Tarixi İnstitutunun əməkdaşları mədəniyyətimizin incisi Şuşaya səfər ediblər
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) əməkdaşları Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə Şuşaya səfər ediblər.
Səfər çərçivəsində Cıdır düzü, Qala divarları, Gəncə qapısı, Molla Pənah Vaqifin türbəsi, Xalq artisti Bülbülün ev muzeyi və bir sıra tarixi-mədəni abidələr, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri ziyarət edilib.
Şuşada aparılan quruculuq işləri, həmçinin məhşur Gövhər Ağa Məscidinin və digər tikililərin bərpa-rekonstruksiya işləri ilə tanış olan İnstitut əməkdaşları elm və mədəniyyət mərkəzi olan şəhərin tarixi məkanlarında xususi qeydlər, foto və videosənədlər əldə edərək gələcək tədqiqatları üçün maraqlı materiallar toplayıblar.
Şəhərin ekskursiyasından sonra Cıdır düzündə toplaşan ziyarətçilər öz təəssürratlarını bölüşüblər. Çıxış edənlər 30 il müddətində şəhərin işğal altında qalmasının hər bir azərbaycanlı üçün böyük kədər və ağrı olduğunu, nəhayət Vətən müharibəsi nəticəsində Ali Baş Komandanın başçılığı ilə Şanlı Azərbaycan Ordusunun bu üzgünlüyə son qoyduğunu deyiblər. Bu böyük qələbəyə görə Şəhidlərə, Qazilərə borclu olduğumuz bildirilib və torpaqlarımızın azad edilməsi uğrunda canından keçənlərin ruhu sayğı ilə yad edilib.
Qeyd edək ki, səfər zamanı yeni istifadəyə verilmiş Fizuli Aeoroportu da ziyarət edilib, həmçinin yol boyunca işğaldan azad edilmiş ərazilərdə erməni vəhşiliyinin qurbanı olan kəndlər, dağıdılmış məzarlıqlar kadra alınıb.
Məlumat üçün bildirək ki, Elm Tarixi İnstitutu 2022-ci il “Şuşa ili” çərçivəsində şəhərinin 270 illiyinə həsr olunan "Azərbaycanın elm və mədəniyyət mərkəzi – Şuşa" mövzusunda beynəlxalq elmi konfrans keçirib. Bundan əlavə, İnstitutda il çərçivəsində “Azərbaycan mühacirəti tarixində Şuşanın görkəmli şəxsiyyətləri” kitabı və şəhərin görkəmli şəxsiyyətlərinə həsr olunmuş xüsusi toplu nəşr edilb.
ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət