Slimfit
  1. TARİX

Əlincə qalası

Əlincə qalası
Sakura

Əlincə qalası

Əlincə qalası — Azərbaycan Respublikası, Culfa rayonunun Xanəgah kəndində Əlincə çayının sağ sahilində yerləşən tarixi memarlıq abidəsi, Naxçıvan-Marağa memarlıq məktəbinin ən qiymətli nümunələrindən biridir.

Tarix və etimologiyası

Yazılı qaynaqlarda adı X yüzildən başlayaraq "Alıncaq", "Alanacıq", "Əlincək" və "Əlincə" şəklində çəkilən qala Naxçıvan-Culfa yolunun kənarında, Əlincəçayın sağ sahilində yalçın dağ üstündə yerləşir. Bu adın qədim türk dilindəki "alan" (yastı, düzənlik, meydan) sözündən yarandığı ehtimal edilir. Lakin qədim türk dilində dağın təpəsi anlamını verən "alın" və qənimət anlamı daşıyan "alınc" sözləri də olmuşdur. H. Qəzvinin məlumatına görə Naxçıvan yaxınlığında Alancıq, Surmari, Taqmar və Faqnan adlı möhkəm qalaların uçuqları yüksəlir. Elxanilər zamanı müəyyən dağıntılara uğramış Əlincə qalası sonrakı dövrdə yenidən bərpa edilmişdir.

Əlincəqalanın tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Tarixi qaynaqlara əsaslanan bəzi tədqiqatçılar qalanı təqribən 2 min il bundan əvvələ aid edirlər. "Kitabi-Dədə Qorqud" dastanında Əlincəqala möhkəm istehkam kimi təsvir olunur. Orta əsr qaynaqlarında Əlincə adı qala, dağ, çay kimi nəzərdə tutulmuşdur. Əlincəqala haqqında tarixçilərdən Nəsəvi (XIII əsr), Şərafəddin Əli Yəzdi (XV əsr), türk səyyahı Övliya Çələbi (XVII əsr) və başqaları məlumat vermişlər. Tikinti sənətinin xüsusiyyətlərinə görə Əlincə qalası daha qədim dövrə aiddir. XII əsr erməni tarixçisi Stepanos Orbelyan  bu qalanın çox qədimlərdə tikildiyini qeyd edir.

Əlincə yüzillərlə Azərbaycanın və Yaxın Şərqin müxtəlif hakim sülalələrinə qulluq göstərsə də tarixdə daha çox Azərbaycan Atabəylərinin iqamət və xəzinə yeri kimi tanınmış, çağının ən güclü hərbi qüvvələrini məğlubyyətə uğradan böyük cahangir Əmir Teymuru belə möhkəmliyi ilə heyrətləndirmişdir. Əlincə qalası on ildən artıq sürən müqavimətdən sonra Teymurilərə 1401 – ci ildə təslim olmuş və qalanın belə dözümünün səbəbini aydınlaşdırmaq üçün əmir Teymur şəxsən Əlincəyə qalxmışdır. Bəzi mənbələrdə isə qeyd edilir ki, Şah İsmayıl uşaq ikən bir müddət bu qalada gizlədilmişdir.

Azərbaycan atabəyləri–Eldənizlərin hökmranlığı dövründə Əlincəqalanın əhəmiyyəti xüsusilə artmış, mühüm hərbi istehkam olan qala hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilmişdi. Naxçıvan hakimi Zahidə xatunun iqamətgahı və Eldənizlərin xəzinəsi Əlincəqalada yerləşirdi. 1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Manqburnının Azərbaycana hücumu zamanı Eldəniz hökmdarı Özbək (1210 – 1225) Əlincəqalaya sığınmış və burada döyüşlərin birində öldürülmüşdür. Əlincəqala XIII – XIV əsrlərdə Hülakülərin, XIV əsrin II yarısında Cəlairilərin hakimiyyəti altında olmuşdur. Hakimlərindən Sultan Tahirin, kutvallarından (qala rəisi) Uztəmurun (1343), Xacə Cövhərin (1390), əmir Altunun (1390), Seyid Əlinin, Hacı Salehin və Əhməd Oğulşayinin (1401) adları bəllidir.

İspan diplomatı, Kastiliya kralı III Enrikonun 1403 – 1406 -cı illərdə Teymurilər dövlətindəki səfiri Rüi Qonsales Klavixo Əlincə qalanı belə təsvir etmişdir: "Əlincəqala yüksək və sıldırım bir dağ üzərində qərar tutaraq divar və bürclərlə əhatə olunmuşdur. Divarların daxilində, dağ yamaclarının aşağı tərəflərində üzümlüklər, bağlar, zəmilər, otlaqlar, bulaqlar və hovuzlar vardır. Qəsr və ya qala dağın zirvəsində yerləşir".

 

Əmir Teymurun qalaya yürüşləri

Teymur 1386–1401-ci illərdə Əlincəqalaya 4 dəfə yürüş etmişdir. 1387 – 1392-ci illərdə Əlincəqala müdafiəçiləri Teymurun Azərbaycanda olmamasından istifadə edərək, 4 dəfə Təbrizə hücum etmiş və bunların üçündə (1388, 1390, 1391) şəhəri azad edə bilmişlər. 1393-ci ildə Teymurun 40000 nəfərlik qoşunu Əlincəqalaya hücum edir. Bu zaman qala müdafiəçilərinin bir dəstəsi, gizlincə Əmir Altunun başçılığı ilə qaladan çıxmışdı. Onlar geri döndükdə qala qapılarının Teymurun qoşunu tərəfindən tutulduğunu görüb onlara hücum edirlər. Düzgün strateji mövqe tutan Altun və cəngavərləri Teymurilərə böyük tələfat verir, 4 tümən (on minlik) əmirinin ikisi öldürülür və müdafiəçilər qalaya daxil ola bilirlər. 1399 -cu ilin başlanğıcında Şəki və gürcü qoşun birləşmələri Əlincəqalaya hücum edir və teymuri sərkərdəsi Sultan Səncəri məğlubiyyətə uğradaraq Sultan Tahiri mühasirədən çıxarıb Bağdada göndərirlər. Qalanın müdafiəsinə bir müddət Seyid Əli, Hacı Saleh və 3 gürcü aznauru (sərkərdəsi) başçılıq edir.

Əlincəqala Teymuru çox narahat edirdi. O, 1399 – cu ildə Hindistandan Səmərqəndə qayıdarkən yolda Təbrizdən gəlmiş qasiddən Azərbaycanda və xüsusilə Əlincəqaladakı vəziyyət barədə məlumat alır və Səmərqəndə çatandan cəmi 4 ay sonra təcili buraya yollanır. Əlincəqalaya 5 – 6 əmirin başçılığı ilə qoşun hissələri göndərilir. Qala öz daxilində yaranmış münaqişə nəticəsində başsız qaldığından təslim olur. Onun kutvalı Əhməd Oğulşayi tutularaq Teymurun hüzuruna aparılır və öldürülür.

Teymurun ölümündən (1405) sonra Əlincəqala yenidən Cəlairilərin, sonralar isə Qaraqoyunluların hakimiyyətinə keçir. Qardaşı Cahanşahla hakimiyyət uğrunda mübarizə aparan Qaraqoyunlu hökmdarı İsgəndər Əlincəqalaya sığınmışdı. İsgəndər oğlu Qubad Mirzə tərəfindən öldürüldükdən sonra Cahanşah Əlincəqalanı ələ keçirdi.

Səfəvilərdən sonra ciddi dağıntılara uğrasa da qala XIX əsrdə də öz funksiyasını yerinə yetirmişdir. 1826 – cı ildə ruslarla müharibədə Lala bəy adlı qalabəyi Əlincə qalasında yarım ildən artıq düşmənlə vuruşmuşdur.

 

Memarlıq xüsusiyyətləri

Şəmsəddin Eldənizin hakimiyyət illərindən başlayaraq Atabəylər dövlətinin baş xəzinəsi Əlincə qalasında saxlanmış, Əlincədəki saraylar və yardımçı binaların bir çoxu Azərbaycan Atabəylərinin sifarişi ilə ucaldılmışdır. İndiyə uçuqları qalan Əlincə qalasında uzun müddətli hücumlara dözüm üçün hərbi-strateji və maddi-iqtisadi imkanların olduğu aydın görünür. Geniş düzənliyin ortasında yüksələn çılpaq, sıldırım dağa üç yandan dar "keçi cığırı" ilə qalxmaq olur. Bu cığırların zəif yerlərində divar və bürclərdən istehkamlar, səngərlər quraşdırılmışdır.

Qalanın içərisində, dağ belinin geniş terrasında müxtəlif funksiyalı çoxlu tikili qalıqları durur. Bunlar yaşayış evləri, təsərrüfat binaları və cəbbəxanalardır. Qalaya su kəməri çəkilişi mümkün olmadığından inşaatçılar ibtidai və min illərin sınağından çıxmış üsula əl atmışlar: qayalarda açılmış şıramlar, arxcıqlar yağmur suyunu axıdaraq su tutarlarına – qaya içində ovulmuş hovuzlara toplayırdı. Qalada bu cür hovuzların sayı yeddidir. El içində qaladan Əlincəçaya gizli yolun olması da söylənilir. Hər halda Əlincə qalasının müdafiəçiləri bütün mövsümlərdə özlərini su ilə təmin edə bilirmişlər.

Dağın ən uca yerində Əlincənin iç qalası yerləşir. Bu içqalanı yerli əhali "Şahtaxtı" adlandırır. Hakimlərin, o cümlədən Eldəgiz hökmdarlarının sarayları Şahtaxtı terrasında yerləşir. Əlincənin qala divarları və qalanın daxilində olan tikililərdə yüksək tikinti mədəniyyəti görünür, qala tikintisi üçün qeyri – adi sayılan incə işlənmiş daş ayrıntılar gözə dəyir.Məhz bu səbəbdən də mütəxəssislər Əlincə qalasının Naxçıvan-Marağa memarlıq məktəbinin ən gözəl əsərlərindən biri heasb edirlər.

Əlincəqala özünəməxsus təbiəti olan bu yerlərin əzəmətinin, mübarizliyinin rəmzidir. Qala, hər şeydən əvvəl özünün qeyri-adi görünüşü ilə insanı heyrətə gətirir. Əlincəqalanın divarları Əlincə dağının ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır və onun zirvəsini tamamilə əhatə edir. Qalanın qədim bəndi ətraf kəndlərdən gətirilmiş iri daşlardan və bişmiş kərpicdən hörülmüşdür. Şimal yamacda yarımdairəvi bürcləri olan üç divarın, qərb yamacda isə səkkiz divarın xarabalıqları qalmışdır.

Əlincəqala əsasən üç geniş sahədən (şimal, şimal-qərb və cənub-qərb) ibarətdir; şimal sahəsindən şimal-qərb və cənub-qərb sahələrinə qalxmaq üçün daş pillələr qoyulmuşdur. Qalanın möhkəm divarları və qayanın sıldırım olması onu sarsılmaz müdafiə istehkamına çevirmişdir. Qalanın kiçik şəhərciyi xatırladan yuxarı hissəsində bişmiş kərpicdən tikilmiş çoxlu yaşayış və ictimai binaların xarabalıqları və bünövrə daşları nəzərə çarpır. Qala ərazisindən tapılmış yüksək keyfiyyətli seladon saxsı qab parçası nəzəri cəlb edir. Tədqiqatçılara görə seladon qablar Azərbaycana Böyük İpək Yolu vasitəsilə Çindən gətirilirdi.

 

Bərpa tarixindən

Əlincə qalası Culfanın ağır və keşməkeşli tarixinin də, inkişaf və intibah tarixinin də şahididir. Əsrlər boyunca Əlincə qalası təkcə işğalçıların, fatehlərin hücumlarına deyil, həm də sərt təbiətin sınaqlarına sinə gərmişdir. Bəs əsrlərin şahidi olan bu qala tarixdə bir neçə dəfə bərpa olunmuşdur. Hələ XX əsrin 30-40-cı illərində rus alimi İ.Şeblıkin burada apardığı müşahidələr nəticəsində belə bir fikrə gəlmişdir ki, qaladakı binalar dəfələrlə dağılmış və yenidən bərpa olunmuşdur.

 

Eldənizlər dövrü

Mənbələrin və tədqiqatların verdiyi faktları nəzərə alaraq Əlincə qalasının bizə məlum olan ilk bərpasının Eldənizlər dövrünə təsadüf etdiyi ehtimalını irəli sürülür. Məlumdur ki, Azərbaycan Atabəyləri dönəmində mühüm müdafiə tikilisi olan Əlincə qalasının əhəmiyyəti xüsusilə artmış, bura Eldəniz hökmdarlarının ailə üzvlərinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilmişdir. Əlincə qalasının Atabəylər dövründə dövlət üçün nə dərəcədə əhəmiyyətli olduğunu Sədrəddin Əli əl-Hüseyni “Əxbar əd-dövlət əs-Səlcuqiyyə”də də yazır. Qalanın müdafiə sistemi o dərəcədə möhkəm olmuşdur ki, hətta bir çox Eldəniz hökmdarları ən çətin vaxtlarda məhz Naxçıvana sığınmağa çalışmışlar. Ehtimal etmək olar ki, Naxçıvanı dövlətin mərkəzinə çevirən Şəmsəddin Eldəniz qalanın möhkəmləndirilməsi ilə bağlı müəyyən işlər həyata keçirmişdir. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev yazır ki, Əlincədəki saraylar və yardımçı binaların bir çoxu Azərbaycan Atabəylərinin sifarişi ilə ucaldılmışdır. Atabəylər dövründə Naxçıvan hakimi Zahidə xatının iqamətgahının Əlincə qalasında yerləşdiyi dövrdə də, ehtimal ki, qalada müəyyən tikinti və təmir işləri aparılmışdır.

 

Əlincə qalasının bərpası ilə bağlı məlum olan ilk fərman

Məlumdur ki, Hülakülər və Teymurilərin dövründə Əlincə qalası ciddi hücumlara və dağıntılara məruz qalmış, Əmir Teymura qarşı qala müdafiəçilərinin 14 illik müqaviməti qalanın adını tarixə qızıl hərflərlə həkk etdirmişdir. Əmir Teymurun və digər Teymuri sərkərdələrinin hücumları zamanı ciddi dağıntılara məruz qalan Əlincə qalasının tarixində ən böyük dağıntılardan biri 1406-cı ilə təsadüf edir. Tarix üzrə fəlsəfə doktoru Rauf Məmmədovun yazdığına görə, həmin ildə Təbriz qazisi İmadəddin Əlincəqalaya hücum edərək qalanı dağıtmışdı. Həmin ilin iyulunda Cəlairi Sultan Əhməd Təbrizi ələ keçirdikdən sonra Naxçıvan ərazisini Təbriz qazisi İmadəddinə soyurqal olaraq vermişdir.[7] Əlincə qalasının bərpası ilə bağlı məlum olan ilk fərman da bu dövrə aiddir. Məhz Sultan Əhməd Əlincə qalasının möhkəmliyini nəzərə alaraq onun bərpa edilməsi haqqında fərman vermiş və bütün bərpa xərclərini ətrafda yaşayan əhalinin üzərinə qoymuşdur.

 

Səfəvilər dövründə Əlincə qalası

Bəzi tədqiqatçılar qalada olan bir sıra memarlıq nümunələrinin – müdafiə tikililərinin, qapıların və sair qurğuların Səfəvilər dövründə inşa edilməsi fikrini irəli sürmüşlər. Nəzərə alsaq ki, qədim tarixə malik Culfa Səfəvilər üçün xüsusi əhəmiyyət kəsb etmiş, I Şah İsmayılın dövründə Culfa ərazisi həm də qış paytaxtı rolunu oynamış və gürcü hakimləri Şah İsmayıl Səfəvidən asılılığı məhz burda qəbul etmişdilər, o zaman Səfəvilər dövründə də qalada müəyyən bərpa işlərinin aparılması ehtimalı güclənir. Tədqiqatçılar qeyd edirlər ki, Səfəvilər dövründən sonra Əlincə qalası ciddi dağıntılara uğrasa da, qala XIX əsrdə öz funksiyasını yerinə yetirmişdir. 1826-cı ildə Lala bəy adlı qalabəyi Əlincə qalasında yarım ildən artıq düşmənlə vuruşmuşdur.

 

Müasir dövr Əlincə qalasının bərpası

Culfa ərazisində Əlincə qalasının tarixdə növbəti dəfə və ən fundamental miqyaslı bərpası isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun adı ilə tarixə düşmüşdür. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 11 fevral 2014-cü ildə “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncam imzalamışdır. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 6 dekabr tarixli “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamının icrası ilə əlaqədar olaraq muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri qeydə alınıb pasportlaşdırılarkən Əlincə qalası haqqında da məlumatlar toplanmış və bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələr sırasına daxil edilmişdir. “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncamdan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və AMEA Naxçıvan Bölməsi abidənin elmi-bərpa layihəsini hazırlamış, Əlincə qalasıtarixi memarlıq üslubu ənənələri saxlanılmaqla bərpa edilmiş, burada “Əlincəqala” Muzeyi yaradılmışdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR