Slimfit
  1. AZƏRBAYCAN

Əli Həsənovdan ölümcül qəza xəbərinə reaksiya

Əli Həsənovdan ölümcül qəza xəbərinə reaksiya
Sakura

Əli Həsənovdan ölümcül qəza xəbərinə reaksiya

Sabiq məmur təkzib etdi, "Bizim Yol" isə xəbərin dəqiqliyini bir daha əlavə detallarla təsdiqlədi

 

 

“Görünür, bəzi məmurlar cənab Prezidentin müşavirədəki iradlarını nəzərə almaq istəmirlər”

 

Baş Nazirin sabiq müavini Əli Həsənovun adı yenidən medianın gündəminə gəlib. Bu dəfə başqa formada. Bizimyol.info saytının yazdığına görə, oktyabrın 24-də Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində 25 yaşlı İlkin Əliyevin idarə etdiyi 90 UU 111 dövlət-nömrə nişanlı “Toyota Camry” yol ayrıcındakı dəmirlərə çırpılaraq aşıb. Nəticədə maşında olan 16 yaşlı Kamran Qasımov dünyasını dəyişib.

Saytın yazdığına görə, qəza törədən şəxs Əli Həsənovun ögey nəvəsidir. Sayt iddia edir ki, İlkin Əliyev Əli Həsənovun oğlu Emin Həsənovun xanımının birinci nikahından olan oğludur. Məlumata görə, İlkin Əliyev hadisə günü Gəncəyə - öz oğlunun ad gününə gedirmiş. Hadisə vaxtı avtomobildə olan və qəzada həyatını itirən 16 yaşlı Kamran İlkinin xalası oğludur.

Musavat.com əməkdaşı Əli Həsənovla telefon vasitəsilə əlaqə saxlayıb, ondan sözügedən xəbərə münasibət öyrənib.

Ə.Həsənov xəbərin ona və ailəsinə aid hissəsinin yalan olduğunu deyib: “Mənim və ailəmin İlkin Əliyev ad-soyadlı şəxslə heç bir əlaqəsi yoxdur. Bu, tamamilə yalandır, böhtandır. Bunu qətiyyətlə təkzib edirəm. Oğlumun guya ögey övladının olması və həmin gəncin də yol-nəqliyyat hadisəsi törətməsi barədə xəbərin yazılmasını sifariş hesab edirəm”.

Baş nazirin sabiq müavini daha sonra deyib: “Cənab Prezident oktyabrın 18-də keçirdiyi müşavirədə bəzi məmurları mətbuata sifarişli və qərəzli məlumatlar ötürməkdə ittiham etdi. Cənab İlham Əliyev dedi ki, bəzi vəzifəli şəxslər digər məmurları gözdən salmaq və onların imicini zədələmək üçün mətbuatda yalan, böhtan xarakterli xəbərlər yayırlar. Ölkə başçısı bu fəaliyyəti şantaj adlandırdı. Görünür, bəziləri ölkə başçısının bu iradını hələ də nəzərə almaq istəmir. Öz ərizəmlə vəzifədən çıxmışam, amma baxıram yenə də məndən əl çəkmirlər. Cənab Prezidentin məni qəbul edərkən ünvanıma dediyi o səmimi və isti sözləri, belə çıxır, bəzi məmurlar sinirə, həzm edə bilmirlər. Fürsətdən istifadə edib, sizin sayt vasitəsilə bu adamlara üzümü tutub deyirəm ki, belə ucuz və zərərli fəaliyyətdən əl çəksinlər. Bu işlər sonda onların özləri üçün başağrısına çevriləcək”.

P.S.  Qeyd edək ki, xəbəri Bizimyol.info özəl mənbəyə istinadən yazıb və hər hansı sifariş yerinə yetirmir. Bir daha yazdıqlarımızın həqiqət olduğunu israrla bildiririk. Təəssüf ki, bəzi məlumatlar şəxsi həyata aid olduğuna görə etika xatirinə açıqlaya bilmərik. Bununla belə, hörmətli Əli müəllimin ittihamına cavab olaraq bəzi əlavə detalları açıqlamaq zorundayıq. Yaydığımız xəbərdə də qeyd etdiyimiz kimi İlkin Əliyevin həqiqətən də Əli Həsənovla qan qohumluğu yoxdur. Qəza törədən şəxs Əli Həsənovun oğlu Emin Həsənovun ögey, daha dəqiq desək, xanımının birinci nikahdan olan uşağıdır. Emin Həsənovun xanımı ilə (etika xatirinə adını açıqlamırıq) vətəndaş nikahından babasının adını, yəni Əli adını daşıyan bir doğma oğlu da var. Ailə hazırda Heydər Əliyev adına sarayın yaxınlığında yerləşən hündürmərtəbəli binada yaşayır.

İlkin Əliyev Gəncəyə oğlunun ad gününü qeyd etməyə gedərkən qəza törədib. Ad günü mərasimi üçün nədən məhz Gəncəyə getməsinin də bir başqa səbəbi var, amma şəxsi həyata müdaxiləni etikadan kənar hesab etdiyimizə görə bu barədə yazmağı lazım bilmirik.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR