Əli Abbasov və bir neçə alim koronavirusla bağlı tədqiqat apardı
Bir qrup Azərbaycan alimi - AMEA-nın Yüksək Texnologiyalar Parkının baş direktoru, akademik Əli Abbasov, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev, BDU-nun professoru Rövşən Əliyev, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Hilalə Cəfərova Azərbaycan ərazisində COVID-19 virusunun yoluxma dinamikasının zamandan asılılığının müəyyən edilməsi ilə bağlı tədqiqat aparıblar.
“Qafqazinfo” xəbər verir ki, tədqiqat zamanı ehtimal nəzəriyyəsi və riyazi statistika, həmçinin riyazi modelləşdirmənin müasir metodları, eləcə də riyazi model vasitəsilə reqresiya analizdən istifadə olunub.
Alınmış nəticələr ölkədə tətbiq olunan karantin rejiminin öz müsbət təsirini göstərdiyini sübut edib. Tədqiqat nəticəsində müəyyən edilib ki, karantin rejimi tətbiq olunmadığı halda, koronavirusa yoluxanların sayı kəskin şəkildə artmaqda davam edə bilərdi.
.
Qurulmuş riyazi modelə əsasən, real statistikanın da təsdiq etdiyi kimi karantin rejimi çərçivəsində koronavirusa yoluxanların sayının azalma tendensiyasına keçdiyi təsdiq edilib.
Həmçinin tədqiqatların nəticəsi olaraq proqram təminatı hazırlanıb ki, bu da gələcəkdə karantin rejiminin müxtəlif variantlarının nəticələrinin proqnozlaşdırılmasında istifadə oluna bilər.
Qeyd edilib ki, tədqiqat işində Azərbaycanla sərhəd ölkələrin də virusa yoluxma dinamikasının müqayisəsi təqdim olunub. Beləliklə, qurulmuş riyazi model əksər ölkələr üçün də karantin rejiminin məhdudiyyət dərəcəsindən asılı olaraq koronavirusa yoluxma dinamikasının proqnozlaşdırılmasını mümkün edir.
Alimlərin fikrincə, qurulmuş riyazi modelə əsaslanaraq koronavirusa yoluxma dinamikasının karantin rejimindən asılılığı ilə yanaşı, digər faktorlardan – məsələn, xroniki xəstəliklərdən, yaş həddindən və s. asılılığı da tədqiq oluna bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət