Elçin Quliyev Azərbaycan-Ermənistan dövlət sərhədində xidməti-döyüş fəaliyyətini yoxlayıb
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin QuliyevDövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
DSX-nin Mətbuat Mərkəzindən "Report"a verilən məlumata görə, Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlərin icra vəziyyəti, “Qazax” sərhəd dəstəsinin xidməti ərazisindəki əməliyyat şəraiti, ərazi müdafiəsinin və sərhəd mühafizəsinin gücləndirilməsi məqsədilə görülən işlər haqqında məruzələr dinlənilib.
Düşmənin mümkün təxribatlarının qarşısının alınması məqsədilə sərhəd döyüş səngərlərində müdafiə mövqelərinin möhkəmləndirilməsi, müqabil ərazidə aparılan işlərə adekvat olaraq ərazidə mühəndis-istehkam tədbirlərinin gücləndirilməsi üzrə tapşırıqlar verilib.
Qazax və Ağstafa rayonlarında ərazi müdafiəsinin təkmilləşdirilməsi, müasir sərhəd mühafizə infrastrukturunun yaradılması, sərhəd komendantlıqlarında və sərhəd döyüş məntəqələrində yeni xidməti binaların və əsgər kazarmalarının inşa edilməsi, sərhəd döyüş məntəqələrinə yeni yolların salınması, sənaye işığının və qaz xətlərinin çəkilməsi məqsədilə görülən işlərə baxış keçirilib, bu fəaliyyətin daha da genişləndirilməsi və intensivliyinin yüksəldilməsi üzrə göstərişlər verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət