Slimfit
  1. MEDİA

Elçin Babayev: “BDU-nun 2030-cu ilə qədər inkişaf konsepsiyasını hazırlayırıq”

Elçin Babayev: “BDU-nun 2030-cu ilə qədər inkişaf konsepsiyasını hazırlayırıq”
Sakura

Elçin Babayev: “BDU-nun 2030-cu ilə qədər inkişaf konsepsiyasını hazırlayırıq”

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin APA-ya müsahibəsi

- Xalq Cümhuriyyətinin yadigarı və Azərbaycan təhsilinin flaqmanı Bakı Dövlət Universiteti bir əsrlik yaşını necə qarşılayır?

- Bu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin 100 yaşı tamam oldu. Düz 100 il əvvəl həmin tarixdə Xalq Cümhuriyyəti Parlamenti Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında qanunu təsdiq edib. Bu il yubiley ilidir. Universitet üçün ən böyük hədiyyə cənab Prezident İlham Əliyev tərəfindən imzalanan Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında 2017-ci il 14 noyabr tarixli sərəncamdır. Kosmik miqyasda baxsaq, 100 il bir zərrədir, zərrədən də kiçikdir. Amma onun ictimai-siyasi, elm-təhsil mühitinə verdiyi töhfədən danışırıqsa, 100 illik tarix kifayət qədər zəngin və əhəmiyyətli bir dövrdür. Bu il yubiley tədbirləri müxtəlif formatlarda keçirilir. Yubiley tədbirlərinin zirvəsi noyabrın 26-da dövlət səviyyəsində keçiriləcək. Ondan bir gün qabaq isə BDU məzunlarının forumu baş tutacaq. Forumda Azərbaycanda və xarici ölkələrdə çalışan, BDU-nun adını daim uca tutan məzunlar da iştirak edəcək. Forum diskussiya xarakteri daşıyacaq. Məzunlarımız kənardan BDU-nun necə göründüyünü daha yaxşı müşahidə edirlər, onların strateji inkişafla bağlı tövsiyələrinə ehtiyac duyuruq. Ümummilli lider Heydər Əliyevin təhsil aldığı Bakı Dövlət Universitetinin məzunu statusunu daşımaq şərəflidir. Mövcud olduğu 100 ildə BDU-nun 175 mindən artıq məzunu olub. Onların arasında nazirlər, komitə sədrləri, deputatlar, alimlər, Amerikadan Cənubi Koreyaya qədər müxtəlif ölkələrdə məzunlar var. Rəsmi tədbirdən sonra isə biz “Elm və təhsil inteqrasiyası” beynəlxalq konfransını keçirəcəyik.

- BDU-nun yubileyi ilk dəfə olaraq UNESCO-da da qeyd edildi.

- Bizim üçün əsas tədbirlərdən biri də bu il iyunun 12-də Parisdə - UNESCO-nun Baş qərargahında BDU-nun yubileyinin qeyd edilməsi oldu. Əvvəla, bu yubileyin UNESCO tərəfindən qeyd olunması faktı bütövlükdə Azərbaycana göstərilən diqqətin göstəricisi, Bakı Dövlət Universitetinin ölkənin həyatındakı rolunu qiymətləndirməyin ən bariz nümunəsidir. Bizə deyilənə görə, adətən, belə tədbirlərdə zal tam dolmur. Amma BDU-nun yubileyi qeyd olunan zaman zal tamamilə dolmuşdu, hətta ayaq üstə duranlar da vardı. Tədbirin rəsmi və bədii hissəsi çox yüksək səviyyədə keçdi, hətta tədbirdən sonra insanlar yaxınlaşıb təbrik edirdilər, görürdük ki, Azərbaycana olan diqqət ən yüksək səviyyəyə qalxıb. BDU Azərbaycanın bir parçası kimi bu təbriklərə layiq hesab olunurdu.

Daha sonra Avstriyanın paytaxtı Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində də universitetin yubileyi yüksək səviyyədə keçirildi. Vyana bir çox beynəlxalq təşkilatın yerləşdiyi şəhərdir. Ona görə də tədbirdə əksər beynəlxalq qurumların nümayəndələri təmsil olunurdu. Rumıniyada Qara Dəniz Universitetləri Assosiasiyasının təşkilatçılığı ilə BDU-nun 100 illiyinə dair xüsusi konfrans da keçirildi.

Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Tibb Universitetində, Bakı Mühəndislik Universitetində, Texniki Universitetdə, Mədəniyyət və İncəsənət Universitetində, Sumqayıt, Lənkəran, Mingəçevir Dövlət universitetlərində, BDU-nun Qazax filialında, Milli Kitabxanada da BDU-nun 100 illik yubileyi qeyd olunub. Hər tədbir keçirilən salonda adətən bu sualı veririk: bu salonda BDU-nun neçə məzunu var? Sizi inandırıram ki, bir çox halda iştirakçıların 90-95 faizi əlini qaldırır. Bundan böyük qürurverici hiss tanımıram.

BDU “elm və təhsil məbədi” adlandırılır. Bu, birmənalı belədir. Eyni zamanda BDU ölkənin ictimai-siyasi həyatında da önəmli yer tutub. Yüksək ixtisaslı kadr hazırlığı BDU-nu unikal edir. BDU elmin bütün sahələri üzrə 16 fakültədə, 121 kafedrada tədqiqatlar aparır, təhsil verir. Ölkədə fəaliyyət göstərən aparıcı universitetlərin əksəriyyəti BDU-nun bazası əsasında yaranıb. AMEA faktiki olaraq BDU-nun bazası əsasında 1945-ci ildə formalaşdırılıb. Bunların hamısı BDU-nun rolunu açıq şəkildə göstərir.

- Rektor təyin olunmağınız universitetin 100 illik yubileyi ərəfəsinə düşdü. Rektor kimi fəaliyyət göstərdiyiniz 8 ay ərzində universitetdə hansı dəyişikliklər baş verib?

- Məqsədimiz Azərbaycanda Tədqiqat Universiteti statusunu ilk olaraq almaqdır. Bu status “Elm haqqında” və “Təhsil haqqında” qanunlarda əksini tapıb. Biz qısa müddət ərzində elm və təhsilin qovuşduğu çox effektiv bir universitet modeli yaratmağı planlaşdırmışıq. Bizim inkişaf strategiyamız “Universitet 5.0” adlanır. Yəni, strategiyanın 5 əsas komponenti var - təhsilin inkişafı, elmin inkişafı, innovasiyalar və alınmış elmi nəticələrin kommersiyalaşdırılması, sosiallıq və beynəlxalq nüfuz. Bunlar hamısı bir-birini tamamlamalı və üzvi şəkildə paralel inkişaf etməlidir. Sosiallıq sahəsində olan işlərə dərhal başladıq. Hazırda universitetdə 24 mindən çox tələbə təhsil alır, 1500-ə yaxın professor-müəllim heyəti, bir o qədər də texniki heyət fəaliyyət göstərir. Bunlar hamısı sosial yanaşmanı bir faktor olaraq önə çəkir. Universitetdə abı-hava kifayət qədər dəyişib, səmimi müəllim-tələbə-rəhbərlik münasibəti formalaşıb. Sosial məsələlərə xüsusi diqqət yetiririk. Bunlar universitet həyatının ayrılmaz hissəsidir. Qidadan tutmuş yataqxanaya qədər bütün məsələlərə xüsusi diqqət var. Təbii ki, hansısa sosial problemin həlli, təkmilləşdirmə vaxt və maliyyə tələb edir, buna baxmayaraq, problemləri aradan qaldırmağa, daha da irəli getməyə əzmlə köklənmişik.

- Bu dəyişiklikləri BDU-da islahatlar dalğasının başlanğıcı hesab etmək olarmı?

- Hazırda universitetin beynəlxalq mövqeyi o qədər də pis deyil. Dünya universitetlərinin reytinqini müəyyənləşdirən “QS World University Rankings 2020” beynəlxalq reytinq agentliyi 20 min universitetin mövqeyini araşdırıb. BDU bu şirkətin siyahıya daxil etdiyi 1000 nüfuzlu universitet arasından seçilərək 801+ yerdə qərarlaşıb. Azərbaycandan bu reytinqə daxil yeganə universitetik. Lakin bu bizi tam qane etmir. Biz daha da irəli getmək istəyirik. Artıq ciddi struktur islahatlarına başlamışıq. Bu islahatlar davam edəcək. Müasir dövrün meyl, prioritet və çağırışları nəzərə alınmaqla islahatlar həyata keçiriləcək. Ölkədə həyata keçirilən ciddi islahatlar, onun uğurlu nəticələri, eyni zamanda təhsil sahəsindəki islahatlar, dünya və Avropanın təhsil standartları nəzərə alınacaq. Hesab edirəm ki, həmin yeni standartlar tezliklə uğurla tətbiq olunmalıdır. Universitetdə istifadə olunan dərsliklər yenidən işlənməlidir. Çünki bu dərsliklərin böyük hissəsi artıq aktuallığını itirib. Burda dərsliklərin məzmunu, yerli özəlliklərə və beynəlxalq trendlərə adaptasiyası, hətta dizaynı, formatı, elektron şəkildə tələbəyə çatdırılması - bütün bunlar hamısı nəzərə alınmalıdır. Universitetin qarşısında duran ən böyük məsələ BDU-da elm və təhsilin, idarəetmənin elektronlaşmasıdır. Müasir dövrdə elektron universitet olmadan mümkün deyil. Təəssüf ki, bu məsələdə universitet geri qalıb. Amma bu istiqamətdə ciddi konsepsiya hazırlanıb.

Ümumiyyətlə, BDU-nun 2030-cu ilə qədər inkişaf konsepsiyasını hazırlayırıq. Bununla bağlı İsraildən olan mütəxəssislərlə də məsləhətləşmələr aparılır. Təhsildə yeni yanaşmalara çox maraq göstəririk. Təhsildə innovativ yanaşmalar olmalıdır ki, tələbələri  usandırmasın. Müəllimlərin əməyi stimullaşmalıdır. Yüksək ixtisaslı, müasir dövrün tələblərinə cavab verən gənc nəsil yetişdirməyi qarşımıza məqsəd qoymuşuq. Universitetdəki bütün proseslər buna xidmət edir və etməlidir.  

Elm və təhsil vəhdətdədir. Bu isə tələbəlik illərindən aşılanmalıdır. Artıq biz bu cür ümidverici gənclərin seçiminə başlamışıq. Məqsədimiz iki güclü mərkəz də yaratmaqdır. Bunlardan biri təbiət, digəri humanitar və sosial elmlər sahəsində mərkəzlərdir.

Buradakı tədqiqatlar nəinki sanballı alimlər, eyni zamanda tələbələrin ən müxtəlif səviyyələrdə iştirakı ilə həyata keçirilməlidir. Onlar tədricən bu proseslərin içərisinə daxil olmalıdır. Bütün bunlar qısa müddət ərzində öz bəhrəsini verəcək. İnnovasiyaların tətbiqi texnologiyaların transferi ilə müşayiət olunmalıdır. Universitet elə bir qurum olmalıdır ki, özü də yeni texnologiyalar yarada bilsin. Alınmış elmi nəticələr isə kommersiyalaşdırılmalıdır. Bunun üçün isə alınmış elmi nəticələr tətbiqə hazır olmalıdır. Çox istərdik ki, innovasiyalar istiqamətində olan işlərimiz təsdiqlənsin, biz texnologiyalar parkı yarada bilək. Hazırda İqtisadiyyat Nazirliyinin Sumqayıtda yerləşən Texnologiyalar Parkı ilə əlaqələri genişləndiririk. Təhsil sahəsində ciddi islahatlar gedir. Biz bu prosesin ən aparıcı qüvvələrindən biri olmağı bacarmalıyıq.  

- Ölkə Prezidentinin 2017-ci il 21 iyun tarixli sərəncamı ilə BDU-ya publik hüquqi şəxs statusu verilib. Publik hüquqi şəxs statusu Universitetə nə qazandırıb, idarəçilikdə nəyi dəyişib?

- Universitetin publik hüquqi şəxs kimi Nizamnaməsi bu il təsdiq olunub. Artıq BDU  publik hüquqi şəxs kimi fəaliyyət göstərir. Bu, tamamilə yeni innovativ idarəetmə formasıdır, universitetlərə müstəqillik verilib. Bu isə idarəetmədə çevik və effektiv qərar qəbul edilməsinə səbəb olur, bəzi bürokratik əngəllər aradan qaldırılır. Eyni zamanda elmin, təhsilin inkişafı ilə bağlı təsərrüfat obyektləri yaratmaq mümkündür. Biz planlaşdırırıq ki, elmi tədqiqatlar üzrə Məhdud Məsuliyyətli Cəmiyyət yaradaq. Məhz alınmış elmi nəticələrin biznesə, sənayeyə, istehsalata çıxması bu cəmiyyət vasitəsilə reallaşsın.

Bu ilin aprelində Təhsil nazirinin əmri ilə BDU-da Himayəçilər Şurası yaradılıb. Himayəçilər Şurası bu proseslərə nəzarət etməklə dəyərli məsləhətlər verir, strateji inkişaf məsələlərini və bir sıra mühüm məsələləri müəyyənləşdirir.

- Universitetdə yeni fakültələrin yaranması və ya bəzi fakültələrin öz istiqamətinə görə birləşdirilməsi gözlənilirmi?

- İslahatlar kor-koranə aparılmır. Aparılan islahatlar ciddi şəkildə analiz olunur. Müəyyən fakültələrin bağlanmasını yox, birləşdirilməsini nəzərdə tuturuq. Bəzi fakültələrin isə iki yerə parçalanaraq yeni bir qurumun formalaşdırılması da mümkündür. Kifayət qədər kafedra var ki, onların birləşərək daha effektiv fəaliyyət göstərməsi daha məqsədəuyğundur, nəinki hazırkı formal fəaliyyətləri. Bunlar hamısı təbii prosesdir, hansısa “cəza tədbiri” deyil. Bu, universitetin özünün mənafeyi naminə aparılmalıdır. Universitet optimallaşdırılmış struktura malik olmalıdır. Elə adlarda tədqiqat laboratoriyaları, mövzular var ki, on illərdir özünün elmi prioritetini belə itirib. Effektivlikləri, məhsulları da yoxdur. Onların mövcudluğu universitetin işinə nəinki kömək edir, əksinə, əngəldir. Bütün bunlar ekspertlərlə məsləhətləşmələr, BDU Elmi Şurasının, Himayəçilər Şurasının iştirakı ilə araşdırılır.  

- Universitetə rektor təyin olunandan sonra ilk işlərinizdən biri tələbə yataqxanasına baş çəkmək oldu. Orda durum çoxmu bərbad idi? Hazırda yataqxanada vəziyyət necədir?

- Rektor təyin olunan günün səhəri BDU-nun yataqxanasına baş çəkdim. Orda qəhərləndirici bir mənzərə vardı. Nəinki şərait pis idi, heç şərait yox idi. İlk işimiz yataqxanada minimal şərait yaratmaq oldu. Hazırda yataqxana probleminin həlli ilə ciddi şəkildə məşğuluq. Artıq hiss olunur ki, Universitet oranın sahibidir. Bir neçə gün qabaq yataqxana ərazisində Nəsiminin xatirəsinə 650 yeni ağac əkdik. Bu aksiya davam edəcək. Həmin ərazidə modern tələbə şəhərciyinin salınması bizim ən böyük arzularımızdan biridir. Hazırda əvvəlki yataqxanalardan birinin bərpası gedir. Biz onu təhvil versək, kifayət qədər tələbənin ehtiyacını ödəyə biləcəyik. Orada oxu zalı, kitabxana, asudə vaxt üçün yer, mətbəx, kiçik tibb məntəqəsi, dükan olacaq. Hətta tələbələr üçün paltaryuyan maşınlara qədər qoyulacaq. Tələbə özünü cəmiyyətin layiqli nümayəndəsi hesab etməsi üçün bütün şəraitlərə malik olmalıdır. Tələbə yaxşı yaşamalı, istirahət eləməli, həyatdan, tələbəlik illərindən zövq almağı bacarmalı, problemləri az olmalıdır ki, yaxşı təhsil ala, əsl vətəndaş ola bilsin. Yataqxananın universitetə yaxınlığı da önəmlidir.

Universitetin yeməkxanaları tamamilə yenilənib. Bu yeməkxanaların adlarına qədər tələbələrlə birlikdə fikirləşmişik: “Alfa”, “Beta, “Qamma”. Əsas yeməkxanamız isə “19 və 19” adlanır. Bu ad 1919-cu ildə universitetin yaradılmasını və 2019-cu ildə yenilənməsini özündə ehtiva edir. Universitetin həyətində Tələbə Kitab Evi açmağı planlaşdırırıq. Tələbə məhz başqa yerə getmədən ona lazım olan kitabları, yaxud universitetə aid hansısa atributu tapa bilsin. Niyə də olmasın? BDU-nun Quba rayonunun II Nügədi kəndində və Altıağacda Tədris-təcrübə və istirahət mərkəzləri var. Burda da müəyyən işlər aparılır ki, həmin mərkəzlərdən daha rasional şəkildə, tələbələrin xeyrinə istifadə olunsun.  

- Universitetdə tələbə müraciətlərini qəbul etmək üçün xüsusi qutu və BDU-nun saytında “Tələbədən rektora” bölməsi var. Bu məlumatlarla şəxsən özünüz tanış olursunuz? İndiyədək sizə neçə tələbə müraciət edib?

- Həmin o məşhur qutunun açarı yalnız məndədir. Müraciətlər çox olur. Kifayət qədər vaxt aparsa da, özüm açıb, özüm araşdırıram. Bu, işin bir hissəsidir. Tam səmimi deyirəm, bəzən ordan elə təklif və müraciətlər çıxır ki, bəlkə də onu bütün rəhbərlik axtarsa, görə bilməzdik. Bu, problemlərin həll olunmasında bizə çox kömək edir. Bəzi hallarda qeyri-adekvat müraciətlər də olur. Bu qutu ora qoyulanda bəziləri biz az başqa cür qarşıladılar ki, nəyə lazımdı, köhnəlikdi. İngiltərənin özündə belə müasir əsr olmasına baxmayaraq, qonşu qonşuya klassik qaydada məktub yazmağı xoşlayır. Bizim elektron müraciət formamız da var. Çox maraqlıdır ki, qutuya elektrondan çox müraciət daxil olur. Amma hər iki müraciət formasına eyni dərəcədə diqqət yetirilir. 8 ayda 1200-dən artıq müraciət daxil olub. Ciddi müraciətləri nəzərdə tuturam. Bunların 1/3-i anonim olub. Müraciətlərdə konkret fakt qeyd olunubsa, dərhal həll edirik. Ümumi şəkildə yazılıbsa, nəzarətə götürürük. Universitet elektronlaşandan sonra bütün bu məsələlər daha çevik həll olunacaq. Tələbələr özləri də dəhlizdə, həyətdə görəndə yanaşırlar, problemlərini deyirlər, qeydlər aparıram. Bizdə ünsiyyət reklam xatirinə deyil, tamamilə səmimi əsaslarladır.

- O qutuya ancaq tələbələr məktub atır, yoxsa əməkdaşlar da ata bilər?       

- Tələbələr üçün nəzərdə tutulsa da, bəzən əməkdaşlar da müraciətləri ora salırlar. Amma əməkdaşlar, vətəndaşlar üçün hər həftənin cümə günü qəbul günüdür. Məhdud saat qoyulmayıb, qəbul müraciətlər bitənə qədər davam edir. Universitetdə ümumi şöbəni sənəd və müraciətlərlə iş şöbəsi adlandırmışıq. Çünki bütün müraciətlərin kökündə insan taleyi dayanır, üstündən sadəcə keçmək olmaz. Hər bir müraciətə individual yanaşılmalıdır. BDU-nu bitirmiş mütəxəssislərə işə qəbulda daha çox üstünlük verilir. Bəzən deyirlər niyə ayrı-seçkilik qoyulur. Amma BDU-nu bitirmiş şəxs burdakı abı-havanı, problemləri daha yaxşı hiss edə bilər.

- BDU-da ikili diplom proqramları sahəsində vəziyyət necədir? Hansı ölkələrin universitetləri ilə ikili diplom proqramları yerinə yetirilir?

- Bu sahədə bizim görəcəyimiz iş çoxdur. Hesab edirəm ki, ikili diplom sahəsində potensialımız var, amma sonadək reallaşmayıb. 3 universitetlə ikili diplom proqramı var. Bunlar nüfuzlu Almaniya, Fransa universitetləridir. İkili diplom sahəsində səylərimizi daha da artırmalıyıq.

- Bir müddət əvvəl çıxışlarınızda qeyd etmisiz ki, son aylar BDU-da aparılan dəyişikliklər hamı tərəfindən birmənalı qarşılanmır. Buna açıq şəkildə müqavimət göstərənlər var. Söhbət kimlərdən gedir?

- Bunu zamanın axarına buraxaq. Universitet olaraq bütün sadalananları həyata keçirsək, uğurlar qazansaq və ortaya nəticə qoysaq, bu gün müqavimət etməyə cəhd edən insanların özləri avtomatik iflasa uğrayacaq, cəmiyyət də bunu qəbul etməyəcək. Bunlar bizim əhval-ruhiyyəmizə təsir edə bilməz. Bütün universitet cənab Prezidentin etimadını uca tutmalıdır. Məqsədimiz uğurlu işlərə daha çox fikir vermək, belə məsələlərə imkan yaratmamaqdır, neqativ münasibətlər bunların fonunda əriyib gedəcək.

- Ölkə Prezidentinin son təyinatlarında gənclərə daha çox üstünlük verilir. Universitet əməkdaşlarının yaş həddi ilə bağlı vəziyyət necədir? Universitetdə də gəncləşmə siyasəti gözlənilirmi?

- Burada söhbət, əsasən, potensialdan gedir. Əgər yaşlı insan gümrahdırsa, savadlıdırsa, niyə də bu potensialdan istifadə edilməsin? Sevindirici haldır ki, bizim yaşlı müəllimlərin bəziləri öz yerlərini gənclərə verirlər. BDU-da kifayət qədər kafedra müdiri müsabiqə yolu ilə gənclərlə əvəzləndi. Universitetə yeni nəsil, yeni nəfəs gəldi. Amma bu o demək deyil ki, yaşlı nəsil prosesdən kənar qalır. Universitetdə rektor yanında ağsaqqal müəllimlərdən ibarət Məsləhətçilər Şurası var. Biz onlarla müntəzəm görüşürük. Onların çoxillik təcrübələrinə ehtiyac var. Elə insan var ki, 60 ildir universitetdə çalışır. Nəsillər bir-birini əvəz etməlidir. Bu proses mülayim və hamar şəkildə davam edir. Ölkədə gedən gəncləşmə siyasəti universitetdə də əksini tapır.

- Sizin təşəbbüsünüzlə noyabrdan 1-dən BDU-da təhsil alan aztəminatlı və  valideynini itirmiş tələbələrə dəstək layihəsi çərçivəsində gündəlik biri 3 manat civarında yemək kuponu pulsuz olaraq verilir.

- Bilirsiniz, tələbə BDU ailəsinin tamhüquqlu üzvüdür, onun bir parçasıdır. Ailə isə öz üzvünün qayğısına qalmağı bacarmalıdır. Biz bu aksiyanı başlayarkən, qətiyyən reklam xatirinə etmədik – ümumiyyətlə, bu, bizə yad olan yanaşmadır – tam səmimi olaraq araşdırdıq, qərarlaşdıq və həyata keçirdik, vəssalam! BDU-da qərar qəbul edərkən, sıravi əməkdaşdan tutmuş rektoradək, mövqeyimiz bir olur, ayrı-seçkilik qoymuruq. Ölkədə gedən səmimi sosiallaşma prosesləri bizim üçün əsl örnəkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR