Slimfit
  1. GÜNDƏM

Ekspert: Tıxacı sırf nəqliyyatın çoxluğu ilə əlaqələndirmək olmaz

Ekspert: Tıxacı sırf nəqliyyatın çoxluğu ilə əlaqələndirmək olmaz
Sakura

Tıxacın yaranmasının səbəbləri nədir?

Gündəlik olaraq nəqliyyat vasitələrindən istifadə  edən hər kəsin bu mövzuda əsas problemlərindən biri də tıxaclardır. Xüsusən pik saatlarda daha çox müşahidə olunan tıxacların  yaranmasına  bir yox, əslində bir neçə səbəb zəmin yaradır. Daha çox paytaxt küçələrində müşahidə olunan vəziyyətə görə  gecikmə halları, aqressiya, mübahisə, bəzən də qəza halları baş verir.

Tıxacın yaranmasının  səbəbləri nədir? Bu problemlərin  çözülməsi üçün sürücülər və piyadalar nə etməlidirlər? Nəqliyyat məsələləri üzrə ekspert  Azər Allahverənov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki,  bu gün tıxac artıq bir mövzu kimi çox aktualdır: “Əslində bu problem  bir deyil, bir neçə istiqamət üzrə həll olunmalıdır. Fikrimcə, başlıca səbəb məhz dayanma-durma qaydalarının pozulmasıdır.  Nəticədə, bu hal bəzi küçələrdə özünü daha qabarıq büruzə verir . Dayanma-durmanı qadağan edən nişanlar olsa da, sürücülər çox zaman həmin yerlərdə  avtomobillərini saxlayırlar. Hətta bəzi sürücülər  tərəfindən zamanına  iki və ya üçzolaqlı yolların sağ və ya sol kənarının dayanma-durma üçün məşğul edilməsi günün istənilən  saatında tıxaca və avtonəqliyyat idarə edənlərdə aqressiyaya, əsəbə səbəb olur.Sürücülər məcbur olub alternativ yollar axtarmalı olur, paralel küçələrlə hərəkət etməyə çalışırlar. Bunu ən çox peşəkar sürücülər edə bilir .Əksəriyyət isə məcbur olub sonadək tıxacda gözləməli olur.”

Ekspert qeyd edir ki, tıxacı sırf nəqliyyatın çoxluğu ilə əlaqələndirmək olmaz. Çünki insanlar da bəzən tıxac yarada bilirlər:  “Bəli, tıxacın yaranmasının  digər bir səbəbi də  məhz insanların yol hərəkəti qaydalarını pozmalarıdır. Bəzən mərkəzi küçələrdə deyil, adi yollarda da tıxac yaranır. Xüsusən ticarət, satış mərkəzlərinin qarşısında, məktəblərdə.  Bəzi  obyektlərin  avtodayanacağı olsa da, kiçik və orta  müəssisələrdə yoxdur. Eləcə də məktəblərin. Valideynlər  övladlarını məktəbə gətirib apararkən, insanlar satış mərkəzlərindən, mağazalardan çıxarkən avtomobildən minib-düşmək müəyyən vaxt alır. Sonda  da piyadalara, maşınlara yol vermək məqsədilə tıxaclar yaranır.”

Azər Allahverənov, həmçinin əlavə etdi ki,  hər birimizin  mütəmadi gediş-gəliş üçün istifadə etdiyimiz yollar olur. Hər hansı xüsusi gün,  özəl tədbirlə bağlı yollar bağlandıqda başqa yollardan istifadə edirik .Beləliklə,həmin yollarda müəyyən yüklənmə olur, nəqliyyat sıxlığı yaşanır. Təmir-tikinti məqsədi ilə yollar tam bağlanmamalıdır. Nəqliyyat sıx olanda deyil,  azalarkən təmir işləri gücləndirilməlidir. Bununla bağlı sürücülərin  rahat hərəkət etməsi üçün şərait yaradılmalıdır. Mümkündürsə eyni əraziyə aparan paralel, alternativ yollar haqqında maarifləndirici tədbirlər görülsün, istənilən sürücü də bu təbliğat-təşviqat kampaniyasından xəbərdar olsun. Eyni yol üzərində dəfələrlə deyil, normal şəkildə bir dəfə, tam təmir aparılsın.”         

“Tıxacın yaranmasında sırf sürücülər  deyil, piyadalar da məsuliyyət daşıyırlar. Ona görə də hər kəs bu mövzuda maariflənməlidir. Alternativ, paralel küçə və yollar haqqında məlumatlı olmalıdırlar. Xüsusən də fövqəladə, təcili hallarda istifadə edə bilmək  üçün. Sükan arxasında səbirli olduğu qədər, çeviklik və diqqətli olmaq da lazımdır. Xüsusən də yeni başlayanlar və xanım sürücülər  daha ehtiyatlı olmalıdırlar. Həm sürücülər bir-birinə, həm də piyadalara daha anlayışla yanaşsalar,  daha yaxşı olar. Bəlkə tıxac səbəbilə yaranan qəzaların, mübahisələrin  sayı da kəskin azalar”, -deyə ekspert bildirdi.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə qeyd etdi ki, avtomobil alışı 2015-ci illə müqayisədə nisbətən aşağıdır: “Əslində vətəndaş sayı ilə müqayisə aparsaq paytaxt küçələrində çox avtomobil yoxdur. Lakin mövcud qaydaların həm sürücü, həm də piyadalar tərəfindən tez-tez pozulması nəticəsində tıxac yaranır. İşıqfor nizamladığı halda bəzən piyadalar buna baxmayıb  avtomobildən yol verməyini istəyirlər, nəticədə arxadan gələn avtomobillərin hərəkəti dayanır, gözləyirlər və sıxlıq yaranır.  Parklama üçün xüsusi yerlərin sayı artırılmalıdır, qiymətləri nisbətən aşağı olmalıdır. İri qabaritli yük maşınlarının sol zolaqda aşağı sürətlə hərəkət etməsi də səbəblərdən biridir.  Tıxacda  çox qalmaq təkcə insanlara deyil, avtomobilə də ziyandır. Bu zaman həm də çox benzin sərf olunur. Xüsusən də  buraxılış ili köhnə olan maşınlarda tıxac zamanı qaynama halı baş verir. Bəzən tormozlanma gedir.  Tıxac zamanı gözləmə sürücülərdə əsəbilik və səbirsizlik yaradır. Nəticədə həm o an,  həm də gün ərzində gərgin vəziyyətdə olurlar. Əslində hər bir ölkədə tıxac var,lakin paytaxt küçələrində sadaladığım səbəblər ucbatından  bəzən bu hal ifrat səviyyəyə çatır.”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR