“Ekoloji mədəniyyət və tərbiyənin erkən yaşlarından təbliğinə ehtiyac var”
Limunət Əmrahlı: “Bu proses məktəbəqədər yaşda aparılmazsa, nəticələr formal olacaq”
Zaman-zaman ölkə paytaxtı və regionlarda təbiətə, onun komponentlərinə qarşı arzuedilməz münasibətin şahidi oluruq. Ağacların kəsilməsi, su hövzələrinin çirkləndirilməsi və s. vətəndaşların ekoloji bilik və təfəkkürünün artırılmasının zəruriliyi ilə bağlı məsələni hər gün bir az daha aktuallaşdırmaqdadır.
Moderator.az-a açıqlama verən “Psixoqamma”nın rəhbəri, tanınmış psixoloq Limunət Əmrahlı hesab edir ki, ekoloji mədəniyyətin hər bir insana erkən yaşlarından öyrədilməsinə ehtiyac var: “Ekoloji tərbiyə bütövlükdə tərbiyə prosesinin tərkib, həm də vacib hissəsidir. Psixoloji inkişafda ekoloji tərbiyəyə özünütərbiyə baxımından yanaşılır. Yəni, hələ ən geci 1 yaşından başlayaraq, uşaq dik yeriyərək ətraf aləmlə əşyavi-manipulyativ əlaqələr qurduqca, qarşılaşdığı obyektlərlə davranmağı öyrəndikcə, yaşlılar onlara ekoloji mədəniyyətin qaydalarını öyrətməlidirlər. Məsələn, 1,5 yaşlı uşaq əlində yediyi alma diliminin bir hissəsini yerə atır. Böyüklər isə onu yerdən götürür. Əksər ailələrdə bu uşağın 5-10 yaşına qədər davam edir. Uşaq tökür, böyüklər yığışdırır. Yaxud, qənaət etmək, canlı təbiəti qorumaq, əkmək, becərmək kimi onlarla məsələlərin təməli 1 yaşdan başlamalı, müşahidə etdirilməli, nümunə göstərilməlidir. 3 yaşdan başlayaraq uşaqlarda bu sahədə davranış (sosial rol) mədəniyyəti öyrədilməlidir. 6 yaşa qədər uşaqlarımıza nəyi necə öyrədəriksə, formalaşdıraraq möhkəmləndirəriksə, ömrün sonuna qədər çox az sayda vərdişlər dəyişər. Çünki uşağın motor sahəsi 5-6 yaşda möhkəmlənir. Qorumaq, qayğı göstərmək, qənaət etmək və d. bu kimi ekoloji tərbiyənin mahiyyətində olan məsələlər məktəbəqədər yaşda aparılmazsa, nəticələr formal olacaq. Uşaq da, yeniyetmə də, yaşlı da yalnız situativ hallarda, başqalarına göstərmək üçün bu sahədə qaydaları gözləyəcək, ancaq mənəviyyatda özünə yer tapmayacaq. "Mən"in mədəniyyətinə çevrilməyən ekoloji mədəniyyət süni və keçicidir. Ona görə də ekoloji tərbiyə məktəbəqədər təhsildən başlanmalı, ömrün sonuna qədər davam etməlidir. Hər yaşın bu sahədə öz imkanları və vəzifələri var”.
Seymur ƏLİYEV
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət