Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə fləşmob keçirilib
Avqustun 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə Hüseyn Cavid parkında plastik tullantıların ətraf mühitə təsirinin azaldılmasına və 12 avqust “Xəzər günü”nə həsr olunmuş fləşmob keçirilib.
AZƏRTAC xəbər verir ki, sosial aksiyada ETSN ilə yanaşı, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Yasamal Rayon İcra Hakimiyyətinin, “AzEkol” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Ekosfera” İctimai Birliyinin, “EcoBaku” Ekologiya Klubunun nümayəndələri, ictimaiyyət təmsilçiləri və eyni zamanda, xarici qonaqlar iştirak ediblər.
Ekoloji fləşmobun keçirilməsində məqsəd ətraf mühitə tullantıların atılmasının qarşısını almaq, həmçinin Xəzər dənizini plastik və digər tullantılarla çirklənmədən qorumaq, əhalini maarifləndirmək və bu işə ictimaiyyəti cəlb etməklə hər kəsi ətraf mühitin qorunmasında töhfə verməyə çağırmaqdır.
Qeyd edək ki, ETSN tərəfindən plastik tullantıların ətraf mühitə təsirinin azaldılması, tədricən bu məhsullardan istifadənin məhdudlaşdırılması məqsədilə davamlı olaraq maarifləndirici aksiyalar keçirilir, təbliğat işləri aparılır. Plastik tullantıların düzgün idarə edilməsi və çeşidlənməsi üçün nazirliyin təşəbbüsü ilə artıq Bakı, Sumqayıt, Gəncə, Şabran, Lənkəran və Mingəçevir şəhərlərində xüsusi konteynerlər yerləşdirilib.
Xatırladaq ki, “Xəzər günü” Xəzərətrafı ölkələrin hökumətləri tərəfindən 2006-cı il avqustun 12-də “Tehran Konvensiyası” çərçivəsində ratifikasiya olunduqdan sonra hər il qeyd edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət